Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) təşəbbüsü ilə Azərbaycan Hava Yolları (AZAL) şirkəti ilə onlayn görüş keçirilib.
AATA-dan APA -ya verilən məlumata görə, görüşdə ikitərəfli əlaqələrin və əməkdaşlığın genişləndirilməsi, aviauçuşların bərpası, sərnişinlərin təhlükəsizliyi, eləcə də bilet satışı ilə məşğul olan turizm şirkətlərinin fəaliyyəti ətrafında fikir mübadiləsi aparılıb.
Müzakirələrdə çıxış edən ATAA-nın İdarə Heyətinin sədri Rüfət Hacıyev hazırda turizim şirkətlərinin böhran yaşadığını, pandemiya ilə əlaqədar olaraq böyük maliyyə itkiləri ilə üzləşdiklərini diqqətə çatdırıb. Rüfət Hacıyev iyun ayının 18-dən Azərbaycan Hava Yolları tərəfindən bilet satışının yalnız onlayn qaydada həyata keçirilməsinin əksər turizm şirkətləri tərəfindən müəyyən narazılıqla qarşılandığını da bildirib.
Məhdudiyyətlərin pandemiya dövründə tətbiq olunmasının vacibliyinə toxunan AZAL-ın vitse-prezidenti Eldar Hacıyev yeni qaydaların tətbiqində əsas məqsədin vətəndaşların sağlamlığını qorumaq və sosial məsafəni saxlamaqla virusun geniş yayılması riskinin qarşısının alınması olduğunu bildirib.
AZAL rəsmisi karantin bitdikdən sonra bilet satışlarının sərnişinlərin istəyinə uyğun olaraq həm kassalara yaxınlaşmaqla, həm də onlayn şəkildə mümkün olacağını qeyd edib. O, eyni zamanda turizm şirkətlərinin karantindən sonra öz müştərilərinə bilet satışını əvvəlki qaydada həyata keçirə biləcəyini də vurğulayıb.
Eldar Hacıyev hazırda həyata keçirilən xüsusi reyslərin pilot layihə olduğunu və nəticələrdən asılı olaraq digər istigamətlərə də uçuşların açılmasını nəzərdən keçirdiklərini deyib.
Müzakirələr çərçivəsində Rüfət Hacıyev iş yerlərində virusa yoluxma risklərini azaltmaq məqsədi ilə ATAA tərəfindən turizm şirkətləri üçün yeni standartlara dair təklifin hazırlandığını da diqqətə çatdırıb.
Onlayn müzakirələrin sonunda ikitərəfli görüşlərin mütəmadi olaraq keçirilməsi, Azərbaycan Hava Yolları və ATAA üzvləri arasında pandemiya və post-pandemiya dövründə kommunikasiya əlaqələrinin daha da genişləndirilməsi qərara alınıb.