Yaşıllıqların artırılmasına, ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş ulu öndər Heydər Əliyevin xatirəsini yad etmək, onun təbiətə, yaşıllıqlara qayğı ənənələrini davam etdirmək məqsədilə Ağdam şəhərində ağacəkmə kampaniyası keçirilib.
“Report”un Qarabağ Bürosunun xəbərinə görə, aksiyada ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Minatəmizləmə Agentliyin İdarə Heyətinin sədri Vüqar Süleymanov, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, eləcə də təmsil olunan qurumların nümayəndələri iştirak ediblər.
Müasir, müstəqil Azərbaycanın banisi, uzaqgörən siyasəti ilə xalqımızın milli azadlıq və istiqlaliyyət tarixində silinməz iz qoymuş, dövlətimizin beynəlxalq münasibətlər sistemində layiqli yer tutmasında müstəsna xidmətləri olmuş böyük şəxsiyyət, müdrik dövlət xadimi ümummilli lider Heydər Əliyevin əbədi xatirəsinə həsr olunan ağacəkmə aksiyası mina və partlayıcı sursatlardan təmizlənmiş Ağdam Sənaye Parkının yaxınlığındakı ərazidə həyata keçirilib.
İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması, bərpası, ekoloji vəziyyətinin yaxşılaşdırılması, eləcə də ulu öndərin çoxşaxəli fəaliyyətinin mühüm tərkib hissəsi olan təbiətin qorunması, yaşıllıqların genişləndirilməsi məqsədilə keçirilən tədbirdə yüzlərlə ağac əkilib.
www.102info.az