İsmayıllıda yeni yaradılan yaşayış massivinə gedən yolda hərəkət məhdudlaşdırılıb.
Xezerxeber.az-ın məlumatına görə, sakinlər iddia edirlər ki, yol Qarabağ qəsəbəsinin Mənzil kommunal istismar sahəsi tərəfindən bağlanıb.
Məlumata görə, İsmayıllı şəhər bələdiyyəsi yeni yaşayış massivində rahat hərəkət üçün alternativ yol çəkdirib. Bir müddət sonra isə yolu bağlayıblar.
Yeni yaradılan yaşayış massivində 50-yə yaxın şəhid və qazi ailələri üçün mənzillər tikilərək təhvil verilib. Artıq 3 ilə yaxındır ki, massivdə yaşayış mövcuddur. Qəsəbə salınarkən sakinlərin rahat və qısa məsafədən gedib-gələ biləcəkləri yol olmayıb. Sonradan şəhər bələdiyyəsinə edilən kütləvi müraciət əsasında oraya yol çəkilib.
İndi isə orada yaşayanlar iddia edirlər ki, qəsəbənin mənzil kommunal istismar sahəsinin rəhbəri yolu əsassız səbəblərlə məhdudlaşdırıb.
Məsələ ilə bağlı mənzil kommunal istismar sahəsinin əməkdaşı Rasim Sadıqov deyib ki, bu mövzuya İsmayıllı Rayon İcra Hakimiyyəti münasibət bildirməlidir.
İsmayıllı Rayon İcra Hakimiyyətindən isə bildirdilər ki, həmin yol bələdiyyənin balansındadır. İsmayıllı bələdiyyəsindən də təsdiqlədilər ki, vətəndaşların müraciətləri əsasında həmin yol düzəldilib və hərəkət üçün çınqıl tökülüb. Qeyd edilib ki, yolda həm piyadaların, həm də avtomobillərin hərəkətinin məhdudlaşdırılması ilə bağlı rəsmi olaraq aidiyyəti qurumlara məlumat verilib.
www.102info.az