Bakıda özünü vəzifəli şəxsin kürəkəni kimi təqdim edib keçmiş məmurları işə düzəldəcəyinə söz verən şəxs həbs edilib.
“Qaynarinfo”nun məlumatına görə, 5 avqust 1984-cü ildə Astara rayonu, Təngərüd kəndində anadan olmuş Valeh Şəkərov (soyad şərti) bir neçə vətəndaşın etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirib.
Məhkəmənin qərarı ilə Valeh Cinayət Məcəlləsinin 66.3-cü maddəsi təqsirli bilinib və qəti olaraq 6 il 8 ay 12 gün azadlıqdan məhrum edilib.
O əvvəlcə “Günəş” Beynəlxalq Uşaq Sağlamlıq Mərkəzinin Oruc adlı sahibini Ədliyyə Nazirliyində çalışan Tamara adlı həyat yoldaşı vasitəsilə aldadıb. Valeh 2014-2015-ci illər ərzində Oruca söz verib ki, rəhbəri olduğu qurumun Şəmkir rayonu ərazisində yerləşən 1,5 hektar torpaq sahəsini özəlləşdirə bilər. Bunun üçün Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarəsinin rəhbər vəzifəli şəxsləri ilə birbaşa münasibəti var. Bu yolla Orucun həyat yoldaşı Tamaradan 40 min manat alaraq mənimsəyib.
Bundan başqa Valeh Oruc və həyat yoldaşı Tamaraya məxsus “Günəş” Beynəlxalq Uşaq Sağlamlıq Mərkəzini bir milyon manata satacağına söz verib. Bunun üçün onlardan etibarnamə alıb. Daha sonra təqsirləndirilən şəxs etibarnamədən istifadə edərək mərkəzin sənədlərini düzəltmək adı altında başqa bir tanışından 65 min manat pul alaraq mənimsəyib.
Valeh Təhsil Nazirliyinin özəl universitetlər üzrə keçmiş kuratoru İlyar Vahabovu da qardaşı vasitəsilə aldadıb. Belə ki, özünü sahibkar kimi təqdim edən və vəzifəli şəxslərlə əlaqədə olduğunu deyən Valeh İlyar Vahabovu Təhsil Nazirliyinə şöbə müdiri vəzifəsinə təyin etdirəcəyinə söz verib və 2017-ci ildən 2019-cu ilin aprel ayınadək ümumilikdə 100 min manat pul alıb.
İlyar Vahabov
6 il Siyəzən Rayon Mərkəzi Poliklinikasının baş həkimi vəzifəsində çalışmış Əhməd Quliyev də Valehin qurbanı olub. Belə ki, Siyəzəndən Bakıya gediş-gəliş çətin olduğundan Əhməd Quliyev 2021-ci ilin mart ayında işdən şəxsi istəyi ilə çıxıb. Bundan sonra işsiz qalan həkim yenidən vəzifə sevdasına düşüb və buna görə Valehlə görüşüb.
O, həkimə özünü yüksək vəzifəli şəxsin kürəkəni kimi təqdim edərək onu Bakı şəhəri 6 nömrəli Birləşmiş Şəhər və ya Abşeron Rayon Mərkəzi Xəstəxanasına baş həkim vəzifəsinə təyin edəcəyinə söz verib. Buna görə, Əhməd Quliyevi 45 200 manat rüşvət qismində verilməsinə inandırıb. Həkim həmin vəsaiti ona verib.
Valeh, həmçinin 2017-ci ilin iyulun 14-də Novxanı qəsəbəsi ərazisində Abşeron Rayon İcra Hakimiyyətinin əməkdaşlarına “Makarov” markalı tapança ilə 3 dəfə atəş açdığına görə həbs edilən Sumqayıt şəhər sakini Novruzov Eldar Ağabala oğlunu azadlığa buraxdıracağına söz verərək ailəsindən 32 min manat alaraq mənimsəyib. O, Eldar Novruzovun cinayət məsuliyyətindən azad edilib həbsdən buraxılması üçün prokurorluğun rəhbər şəxslərinə 32 min manat verməli olduğuna qarşı tərəfi inandırıb.
Valeh məhkəmə iclasında özünü göstərilən faktlar üzrə təqsirli bilməyib.
www.102info.az