Şəhərdə itlə gəzməyin yaratdığı PROBLEMLƏR: “Əksəriyyəti göstəriş xatirinə bunu edir” – FOTO

Cəmiyyət


Paytaxtımızda və digər mərkəzi şəhərlərdə itlə gəzən insanlara getdikcə daha çox rast gəlirik.

İlk baxışdan burada qeyri-adi bir şeyin yoxluğunu düşünmək olar. Yada salaq ki, vaxtilə itlə ancaq yaşlı insanların gəzdiyini görürdük. Və həmin itlər də nisbətən balaca olurdu.

Amma indi gəzdirilən itlər, əsasən, cüssəlidir. Və maraqlıdır ki, bu cüssəli itləri gəzdirənlər, əsasən, gənclərdir. İtlə gəzənlərin çoxunun cavan olması isə məsələyə bir qədər fərqli yanaşma tələb edir.

Çünki bütün canlılar kimi, itlər də diqqət, nəvaziş istəyir. İndiki gənclərdə isə nəvaziş göstərməyə hövsələnin çox az olduğunu müşahidə edirik. Gənclər itlə gəzməyə daha çox müasirlik və imkanlı olmağın göstəricisi kimi baxırlar.

Ən pisi də odur ki, itlə gəzən gənclərin bu işə həvəsi çox tez ölür. Çünki it təkcə nəvaziş yox, həm də keyfiyyətli qida istəyir. Bunu bacarmayanlar isə bir müddət sonra itlərini satışa çıxarır, sata bilməyəndə açıb küçəyə buraxırlar. Təsadüfi deyil ki, son illər küçələrdə sahibsiz cins itlərə daha çox rast gəlinir.

Məsələ ilə bağlı danışan psixoloq Gülnar Orucova Bizim.Media-ya açıqlamasında bildirib ki, şəhərdə itlə gəzənlərin sayı günbəgün artır:

“Bunun da bir neçə səbəbi var. Bəziləri bunu özlərini imkanlı göstərmək üçün edirlər. Bəziləri bununla dəblə ayaqlaşdıqlarını göstərmək istəyirlər. Çox az qisim bunu heyvana olan sevgisindən edir. Bir sözlə, indiki reallığı qiymətləndirsək, görərik ki, bəziləri heyvanları sevməkdən daha çox, özlərinin reklamı ilə məşğuldurlar.

Təkcə itlə gəzintiyə çıxmırlar. İtlə çəkdirdikləri şəkillərlə sosial şəbəkələrdə günlərini keçirənlər də az deyil. Bu isə heyvana sevgi deyil, əyləncədir. Bu əyləncədən ən çox əziyyət çəkənsə itlər olur”.

Psixoloq evdə it saxlamağın müsbət tendensiya olmadığını da vurğulayıb:

“Əvvəla, evdə saxlanılan it ətrafdakılar üçün narahatlıq yaradır. İkinci bir tərəfdən, bu, gigiyenik qaydalara ziddir. İti hər gün yusan da, təmiz yerdə saxlasan da, yenə də gigiyenik qaydalar haradasa pozulur. Təsadüfi deyil ki, islamda itin və donuzun evdə saxlanılması doğru əməl hesab edilmir. Çünki bu heyvanları nə qədər çimizdirsən də, təmiz olmurlar”.

Tanınmış bioloq Reyhan İbrahimova isə qeyd edib ki, dünyada, o cümlədən ölkəmizdə hazırda insanların çoxu qurd xəstəliyindən əziyyət çəkir:

“Bu xəstəliyin mənbəyi isə birbaşa itlərdir. Unutmayaq ki, parazitar qurd xəstəliyinə yoluxanların ən azı 30 faizinin həyatını xilas etmək mümkün olmur. Təsadüfi deyil ki, son vaxtlar Bakıda parazitar qurd xəstəliyindən ölüm sayı da çoxalıb. Bəzi yoluxmaların nəticəsini ancaq cərrahiyyə yolu ilə aradan qaldırmaq mümkün olur. Hazırda dünya əhalisinin 70 faizi parazitar qurd xəstəliyindən əziyyət çəkir”.

Bioloq vacib bir məqama da diqqət çəkib:

“İtlərdə bir xüsusiyyət var. Onlar özlərini yalayırlar. Yalayarkən anus ətrafında olan parazitləri bütün bədənlərinə yayırlar. Sonradan tüklərin arasındakı parazitlərdən yumurtalar yetişir. İnsanlar, ələlxüsus da uşaqlar itləri tumarlayarkən exinokokk və digər qorxulu qurdlarla yoluxurlar. Ona görə də itləri evdə saxlamaq doğru deyil”.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir