Füzulidə üç su anbarında təmir və bərpa işləri aparılır – FOTO

Cəmiyyət


Füzuli rayonundakı 3 su anbarında da hazırda təmir və bərpa işləri aparılır.

Bu barədə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Dilqəm Şərifov məlumat verib.

O bildirib ki, Füzuli rayonunun işğaldan azad edilmiş ərazisində Köndələnçay-1, Köndələnçay-2 və Aşağı Köndələnçay su anbarları mövcuddur. Köndələnçay-1 1951-ci ildə, Köndələnçay-2 1962-ci ildə, Aşağı Köndələnçay su anbarı isə 1980-cı ildə tikilib istismara verilib. 1-ci və 2-ci Köndələnçay su anbarları Aşağı Köndələnçay su anbarının qidalandırılması rolunu oynayır. 30 il baxımsız qaldığı üçün hər 3 anbar qəzalı vəziyyətə düşüb. Buna görə də anbarların suyu boşaldılıb, bəndlərdə, suburaxıcı qurğularda, sel ötürücü kanallarda təmir işləri həyata keçirilir. İşlər paralel olaraq hər 3 anbarda aparılır.

Köndələnçay-1 su anbarı 3,9 milyon kubmetr, Köndələnçay-2 su anbarı 2,1 milyon kubmetr, Aşağı Köndələnçay su anbarı isə 9,5 milyon kubmetr su tutumuna malikdir. Anbarların bərpası başa çatdıqdan sonra sudan Füzuli rayonunun həm işğaldan azad edilmiş, həm də işğal olunmamış kəndlərinin sakinləri yararlanacaqlar. Quruçay mövsümi çay olduğu üçün daha çox yaz aylarında sel gəlir. Ona görə də üzərində qoruyucu bənd də tikilir, sipərlər yenilənir, suaşıran beton üzlüyə alınır və su təmizləyici qurğu da betonlanır. Çayda su anbara gedəcək səviyyədən çox olarsa, bunun üçün əlavə suburaxıcı da quraşdırılır ki, onun vasitəsilə əlavə su çayın məcrasına ötürüləcək. Həm su anbarlarında, həm selötürücü kanallarda, həm də Quruçayda görülən təmir-bərpa işlərinin bu ilin oktyabr ayında başa çatdırılması nəzərdə tutulur.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir