Ölkə ərazisində hava şəraiti qeyri-sabit olub, bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb, Balakən-Şəki zonasında intensiv olub.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin faktiki hava ilə bağlı yaydığı məlumatda bildirilib.
Yağan intensiv yağışlarla əlaqədar saat 13:30-da Balakənçaydan (Balakən), 14:30-da Talaçaydan (Zaqatala), saat 16:30-da Qabırrı çayından (Samux) sel keçib.
Yağan yağıntının miqdarı Zaqatalada 29 mm, Balakəndə 22 mm, Qaxda 18 mm, Naftalanda 14 mm, Şəkidə 9 mm, Oğuzda 7 mm, Şahdağda 6 mm, Şahbuz, Ordubadda 4 mm, Şərurda 3 mm, Sədərəkdə 2 mm, Naxçıvan, Gədəbəy, Göygöl, Quba, Mingəçevir, Yevlax, İmişli, Sabirabad, Neftçala, Bakıda və Abşeron yarımadasında 1 mm-dək olub.
Şimal-qərb küləyi arabir Naftalanda 32 m/s, Daşkəsəndə 30 m/s, Ağdamda 28 m/s, Göyçay, Cocuq Mərcanlıda 25 m/s, Tərtər, Mingəçevir, Yardımlı, Zərdab, Gəncədə 24 m/s, İsmayıllı, Şirvan, Bərdədə 22 m/s, Kəlvəz, Göygöldə 21 m/s, Astara, Balakən, Beyləqan, Şəki, Zaqatala, Ağstafa, Şahdağ, Gədəbəydə 20 m/s, Qobustanda 19 m/s, Altıağac, Çeyrançöl, Yevlax, Kürdəmir, Tovuz, Cəfərxanda 18 m/s, Lerik, Ağsu, Sabirabadda 17 m/s, Naxçıvan, Xaltan, Qrız, Şirvan, Biləsuvarda 16 m/s, Qaxda 15 m/s, Bakıda və Abşeron yarımadasında 19 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 2,2 metrə çatıb.
Aprelin 13-ü saat 12:14-13:03 radələrində Əlibəy (Zaqatala) ərazisində leysan yağış ilə bərabər diametri 5 mm, saat 14:10-14:20 radələrində Yevlax, Tərtərdə diametri 3 mm, saat 11:55-də Zaqatala şəhərinin şimal hissəsinə, saat 13:15 radələrində Qax rayonu Güllük kəndi ərazisinə, saat 13:28-də Şəki rayonuna, saat 15:40 radələrində isə Xınalığa dolu düşüb.
www.102info.az