“Qeyri-sabit hava şəraiti ilə əlaqədar əsgərlərimizin Ermənistan ərazisinə keçməsi, əsir götürülməsi, onlara işgəncələr verilməsi ermənilərin və Ermənistanın simasını dünyaya növbəti dəfə bəyan etdi”.
“Report” xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
O bildirib ki, Ermənistan Xocalıda etdiyi vəhşiliyi bu gün əsgərlərimizin üstündə təkrarlayır:
“Nəinki təkrarlayır, həm də dünyaya çəkib göstərir. Bu, qətiyyətlə pislənməlidir. Bu cinayəti törədənlər cavab verməli olacaqlar”.
Qeyd edək ki, Azərbaycan Ordusunun əsgərləri – 2004-cü il təvəllüdlü Aqşin Qabil oğlu Bəbirov və 2003-cü il təvəllüdlü Hüseyn Əhliman oğlu Axundov bir neçə gün öncə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşüblər.
Ermənistan Müdafiə Nazirliyi aprelin 13-də Azərbaycan əsgərlərinin Ermənistanda saxlandığını etiraf edib.
Sosial şəbəkələrdə və Ermənistan mediasında ermənilərin əsir götürdükləri Azərbaycan hərbçisini döymələri, ona ağır işgəncə vermələri ilə bağlı görüntülər yayılıb.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Azərbaycan Ordusunun itkin düşən iki əsgəri ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib.
www.102info.az