Şəmkir Rayon Polis Şöbəsinin (RPŞ) Zəyəm Polis Bölməsinin (PB) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülüb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, polis əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun İrmaşlı kənd sakini Təvəkgül İsgəndərov özünə məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində xüsusi aqrotexniki qaydada qulluq etməklə yenicə əkdiyi narkotik xassəli çətənə – kannabis bitkiləri aşkarlanaraq götürülüb. Əraziyə baxış zamanı oradan 39 ədəd çətənə aşkar edilərək götürülüb. Bundan başqa şübhəli şəxsin yaşadığı evə baxış zamanı sellofan torbada qurudulmuş marixuana da aşar edilərək götürülüb.
Götürülmüş maddi sübutlar müvafiq ekspertizaya təqdim olunub. Faktla RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, dindirilmə zamanı saxlanılan şəxs çətənə kollarını xaricdə yaşayan əcnəbi həkimin məsləhəti ilə Hepatit C xəstəliyindən əziyyət çəkdiyi üçün müalicə məqsədi ilə əkdiyini etiraf edib.
www.102info.az