“Bütün eksponatlar tarixin bir parçasıdır. Onlar qorunub, muzeydə qaldıqca gələcəkdə uşaqlarımız tariximiz barədə məlumatlı olacaqlar. Onlar da öz növbəsində, bu tarixi özlərindən sonra gələn nəsillərə ötürəcəklər. Tariximizi qorumağın başqa yolu yoxdur”.
Bunu Oxu.Az-a müsahibəsində Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin (MSXƏEBM) direktoru Zərifə Məlikova deyib. Onunla müsahibəni təqdim edirik:
– Bu mərkəzə tarixə verilən yeni nəfəs desək, yanılmarıq deyə düşünürəm… Elə deyilmi, Zərifə xanım?
– Əlbəttə. Bizim bərpaçılarımız mərkəzə gətirilən eksponatlara sanki ikinci həyat bəxş edirlər. Bu bizim üçün önəmli olduğu qədər, tariximiz üçün də mühüm məsələdir. Biz çox fəxr edirik ki, təmsil etdiyimiz mərkəzə vaxtilə ulu öndər Heydər Əliyev də yüksək dəyər verib. Bildiyiniz kimi, bu il Heydər Əliyevin 100 illiyi şərəfinə, onun əziz xatirəsinə adlandırılıb. Mərkəzimiz ilk dəfə fəaliyyətə 1957-ci ildə kiçik emalatxana kimi başlayıb. Lakin məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1980-ci ildən fəaliyyətini Muzey Sərvətləri və Xatirə Əşyalarının Bərpa Mərkəzi kimi davam etdirib. Əlbəttə ki, bu, daha da böyük bir məsuliyyətdir. Mənə elə gəlir ki, bərpa işimizdən hamı razıdır.
– Belə təcrübəli, işi bəyənilən kollektiv, yəqin, bir qədər yaşlı nəsildən ibarət olar?
– Əksinə, gənc kadrlarımız daha çoxdur. Sizə deyim ki, gənclərin bu sahəyə marağının olması ilə fəxr edirəm. Bu gün universitetlərdə ekspertiza və bərpaçılıqla bağlı aidiyyəti nəzəri biliklər tədris edilir. Tələbələr əyani formada çox çətin işin incəliklərini öyrənirlər. Bizim sahə çox dərindir və xırdalıqlara diqqət tələb edir. Tarixin bütün dövrlərini, o dövrün mədəniyyət nümunələrini dərindən bilməlisən ki, eksponatlarla işləyərkən səndə təsəvvür yaransın. Eləcə də restavrasiya zamanı işləmələri, naxışları zamanına uyğun tamamlamaq mümkün olsun. Çünki əşyanın bərpasına başlayanda mütləq gərək onun yaranma tarixini öyrənəsən. Öyrənməsən, restavrasiya zamanı nədən istifadə olunub, hansı materiallardan istifadə etmək olar – bilə bilməzsən. Biz rəngləmə zamanı belə, təbii rənglərdən istifadə edirik. Bizim torpaqlar faydalı bitkilərlə o qədər zəngindir ki, hər bir rəngi təbii bitkilərdən ala bilirik. Bərpaçı-rəssamların ixtiyarı yoxdur ki, tarixi eksponatın bərpası zamanı ona hər hansı düzəliş edib, sintetik materiallardan istifadə etsin. Amma elə eksponatlar var ki, orada, əlbəttə ki, müasir texnikadan, müasir əşyalardan istifadə eləmək olur.
– Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzində neçə şöbə var?
– 65 ildən çoxdur ki, Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzi respublikanın 225 aparıcı, ev, rayon tarix-diyarşünaslıq və s. muzey müəssisələri üçün bərpa xidməti göstərir. Bu illər ərzində 30 minə yaxın müxtəlif növ muzey əşyası bərpa və konservasiya edilib. Bütün bu eksponatları mərkəzimizin dörd – Elmi-tədqiqat, Rəngkarlıq, Qrafika və Tətbiqi incəsənət – şöbəsi ilə birgə (xalça və xalça məmulatları, metal, mebel, tikmə, keramika və s.) hazırlamışıq. Mən özüm 2001-ci ildən burada direktor vəzifəsində çalışıram. Sizi əmin edirəm ki, bura çox maraqlı və mistik bir dünyadır.
– Buraya xarici ölkələrdən turistlər və ya bərpaçı-rəssamlar gəlirlərmi? Sizin əl işləriniz ilə müqayisə etdikləri əsərlər olub?
– Olur, əlbəttə. Bəzən qonaqlarımız gəlir, Mədəniyyət Nazirliyi tərəfindən mərkəzimizə gətirilirlər. Onların çoxu SSRİ dövründə təhsil alıb və bizim əl işlərimizi görəndə çox heyrətlənir. Bizə o qədər təəccüblə baxırlar ki, sanki müasir dövrdə bu cür incə və mükəmməl işləyən gənc bərpaçı-rəssamların olduğunu indi öyrənirlər. Baxmayaraq ki, bizdə o qədər geniş yer yoxdur, təchizat o qədər də yüksək səviyyədə deyil, biliklərimizlə hər kəsi valeh edə bilirik. Sizdən öncə özbəkistanlı bir neçə bərpaçı xanım mərkəzimizə qonaq gəlmişdi. Dedilər, nə gözəl əl işləriniz var.
Biz heç vaxt şikayət etmirik. Biz danışan tarix olan eksponatların qorunub-saxlanılmasını istəyirik. Mən hələ torpaqlarımız işğaldan azad olunmazdan öncə də muzeylərlə əlaqə saxlayıb, Şuşa, Kəlbəcər, Füzuli və digər rayon və şəhərlərimizdə yaradılacaq tarix-diyarşünaslıq muzeyləri üçün nümunələrin qorunmasını rica edirdim. Hər birimiz inanırdıq ki, vaxt gələcək, torpaqlarımız işğaldan azad olunacaq. Elə də oldu, 44 günlük Vətən müharibəsi Azərbaycan Ordusunun zəfəri ilə başa çatdı və biz tarixi torpaqlarımıza geri döndük.
– Bu qədər iş görürsünüz, hər bir eksponat üzərində deformasiyadan asılı olaraq, iki-üç ay zaman gedir. Sizin nə qədər işçiniz var?
– Hazırda mərkəzdə 40 nəfər bərpaçı-rəssam çalışır. Yeddi işçimizin isə fəxri adı var. Beş işçimizin eyni anda fəxri ad alması məni çox qürurlandırdı. Düşünürəm ki, zəhmətimizə bundan böyük qiymət ola bilməz. Deməli, ölkə başçısı, rəhbərlik bizim fəaliyyətimizin fərqindədir və qiymət verir. Zəhmətimizə verilən qiyməti görəndə məsuliyyət hissimiz də artır.
Düşünürəm ki, qazanılan uğurların səbəbi də kollektivimizin çox mehriban olmasıdır. Çünki bu iş zəncirvari bir-birinə bağlıdır. Bir eksponat üzərində bir neçə nəfərin zəhməti olur.
– Heç olub ki, bərpadan sonra eksponatı tanıya bilməsinlər?
– Bəli, olub. Bir neçə dəfə musiqiçilərimiz ziyan görmüş musiqi alətlərini bizə gətiriblər. İnanın ki, təmir-bərpadan sonra özləri də onları tanıya bilmirdilər. Mən muzey işçisiyəm və bütün eksponatlar mənə eyni dərəcədə qiymətlidir.
Mənim ürək ağrısı ilə qəbul etdiyim eksponatlardan biri Xurşidbanu Natəvanın ətəyi idi. Bu eksponat bizə Tarix muzeyindən gətirilmişdi. Gətiriləndə üzərində yalnız ipək, qızılı saplar var idi. Həmin ətəyi bərpa etmək üçün uzun zaman lazım oldu. Ətəyin üzərində başqa saplarla işləmək qeyri-mümkün idi. Biz onu bərpa edib, təhvil verdik. Təəssüf ki, əl əməyi, göz nuru ilə ərsəyə gələn eksponatları mərkəzimizdə saxlamaq imkanımız olmur.
Bundan başqa, Üzeyir Hacıbəyovun ev-muzeyindən, Şuşadakı muzeyindən gətirilən şəxsi əşyaları, geyimləri bərpa üçün bizim mərkəzə göndərilmişdi. Müslüm Maqomayevə məxsus royal da bizim əməkdaşlarımız tərəfindən İncəsənət muzeyində təmir edilib. İncəsənət muzeyində, demək olar ki, bütün korifeylərin əsərləri, eləcə də, Bəhruz Kəngərli, Səttar Bəhlulzadə, Vidadi Nərimanbəyli, Toğrul Nərimanbəyov, Tahir Salahovun işlərini biz bərpa etmişik. Tarix-diyarşünaslıq muzeyində elə gözəl eksponatlar görürsünüz ki, heç o regionlara aid tarix muzeylərində onlara rast gəlmək olmur. Müharibə dövründə kim nə bacarıbsa, özü ilə çıxarıb. Ona görə bütün eksponatlar bizim üçün qiymətlidir, çünki onların heç biri asanlıqla əldə edilməyib.
– 44 günlük Vətən müharibəsi dövründə necə, eksponatlar gətirilirdimi?
– Bu dövr hər kəs üçün çox çətin idi. 44 günlük Vətən müharibəsində şəhid olan igid oğullarımızın valideynləri bizə müraciət edirdilər. Şəhidlərimizdən geriyə qalan son əşyaların bərpasını istəyirdilər. Biz müntəzəm olaraq şəhid ailələri ilə görüşlər keçiririk, onların qəhrəmanlığı haqqında filmlər hazırlayırıq, tədbirlər keçiririk. Kimisi oğlunun, kimisi atasının, qardaşının əşyalarını bərpa üçün bizə gətirmişdi. Bir ana oğlu şəhid olarkən cibindən çıxan sonuncu, qanlı 20 manatı gətirmişdi ki, bərpa edib xüsusi qaydada qorunması üçün ona verək. Bu, çox dəhşətli idi. Övladının qanı pulun üzərində quruyub qalmışdı. O, bir ana üçün təsəllidir, izah edə bilirəm? Qızlarımız bu hallarla rastlaşanda göz yaşlarını saxlaya bilmirdilər. Biz həm fəxr edirik, həm də üzülürük.
Bir dəfə şəhid oğullarımızdan birinin bacısı gəlmişdi. Bacı qardaşına necə oxşayırdı, siz inana bilməzsiniz. Bir gülüşləri var ki, elə bildim, şəhidimizdir qarşımda. Səhv etmirəmsə, şəhidin adı Fərid idi. Qeyri-ixtiyari o qızı qucaqladım, bağrıma basdım. O ailələrin nələr çəkdiyini başa düşmək çox çətindir.
– Siz yalnız muzeylərdən eksponatlar qəbul edirsiniz, yoxsa istisna hallar olur?
– Əslində, Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin (MSXƏEBM) iş prinsipi Mədəniyyət Nazirliyinin tabeliyində olan muzeylərdəki eksponatların bərpası ilə məşğul olmaqdır. Amma istisna hallarda şəhid ailələrinin, eləcə də Azərbaycan Dövlət Film Fondunun direktoru Cəmil Quliyevin xahişini nəzərə alırıq. Çünki mən bilirəm ki, hərdən köməkləşmək də lazımdır.
– Eksponatların bərpası zamanı forma və görünüşünə dəyişiklik etmək olar?
– Xeyr, qətiyyən. Bərpaçı-rəssamın eksponatın görünüşünə, işləmələrinə və ya hansısa formada orijinallığını kölgəyə atacaq dəyişikliklər etməsinə icazə yoxdur. O zaman dəyişikliyə icazə var ki, eksponatın müəllifi sağ olsun. Ona müraciət olunur, özünün iştirakı ilə həmin eksponata zəruri müdaxilələr edilir.
Milli Məclisə girişdə böyük – 70 kvadratmetrlik bir panno var, görməmiş olmazsınız. Həmin əsər mərhum Toğrul Nərimanbəyova aiddir. O hələ sağ olanda bir gün zəng gəldi və dedilər ki, həmin panno silinəcək. Bizə müraciət etdilər ki, onu bərpa etmək olarmı? Gecə ilə Toğrul bəyə zəng elədim. O vaxt Fransada idi. Ona bildirdim ki, Milli Məclisdəki əsərinizin bərpası ilə bağlı bizə müraciət edilib, icazəniz varsa, işə başlayaq. T.Nərimanbəyov özü iki gün sonra Azərbaycana gəldi və bizim uşaqlarla birlikdə dəyişiklikləri etdi. Toğrul müəllim bərpa zamanı yıxıldı. Biz onun üçün çox qorxduq. Amma şükür olsun ki, heç nə olmadı. Dərhal ayağa qalxdı və dedi ki, hər şey yaxşıdır.
T.Nərimanbəyovun daha bir əsəri Kukla Teatrının foyesindədir, 300 kvadratmetri əhatə edir. Onu da biz bərpa etmişdik.
– Sizi ən çox təəccübləndirən eksponat hansı olub?
– Bir kasıb ailə var idi. Uşaqlarına adi qazandan tar düzəltmişdilər. Bəli, bəli, qazandan. Təəccüblü olan məqam musiqi alətinin hər bir detalı ilə orijinala bənzədilməsi idi. Bir maraqlı eksponat da Tarix muzeyindən bizə gətirilən trepanasiya edilmiş kəllə sümüyü idi. 22 ildir buradayam, ən çox təəccübləndiyim 1-ci əsrdə neyrocərrahiyyənin mövcud olduğunu öyrənmək idi.
Ən yaddaqalan eksponatlardan birini də deyim. Bu, Əli bəy Hüseynzadənin skripkası olub. 2017-ci ildə Əli bəy Hüseynzadənin bütün şəxsi əşyaları mədəniyyət nazirinin təşəbbüsü ilə qızı Feyziyyə xanımdan alınaraq muzeyə təhvil verildi. Muzeyə təhvil verilməzdən və sərgilənməzdən öncə o əşyaların içindən 90-a yaxın eksponat mərkəzimizdə bərpa üçün gətirildi. Onun skripkasını bərpa edərkən maraqlı faktlar tapdıq. Məlum oldu ki, bu skripkanı Əli bəy Hüseynzadə alanda artıq alətin bir əsr yaşı var imiş. Belə ki, skripkanın içərisindən çıxan yazıda qeyd edilmişdi ki, o, İtaliyanın Tripoli əyalətində, Rulfoni şəhərində 1700-cü ildə istehsal edilib.
Üzeyir Hacıbəyovun da ilk skripkasının maraqlı tarixi var. Ona ilk skripkasını müəllimi hədiyyə etmişdi. Bu yazıdan həmin skripkanın da içərisindən tapılıb. Məhz bu qeydlər skripkaların orijinallığına dəlalət edir. Arzum var idi ki, bu skripkalarda məşhurlar, istər yerli, istərsə də xarici musiqiçilər ifa etsinlər. Bu da bir gün gerçək olar.
Bundan başqa, Mirzə Fətəli Axundovun ev-muzeyindən bizə qrammofon adı ilə gətirilən eksponatın, əslində, şarmanka olduğu müəyyən olunmuşdu. Bilirsiniz, biz cərrah kimi eksponatları müayinə edirik, hərtərəfli baxış keçiririk. Bunu da bizə bərpa zamanı mərkəzə dəvət etdiyimiz musiqi alətlərini bilən mütəxəssis izah etmişdi.
– Bibiheybət məscidinin restavrasiya işləri Əli bəy Hüseynzadənin rəsm əsəri əsasında bərpa edilib?
– Bəli, elədir. Bibiheybət məscidi ilk dəfə Heydər Əliyevin tapşırığı ilə Əli bəy Hüseynzadənin rəsm əsəri əsasında bərpa edilib. Həmin əsərin də maraqlı tarixçəsi var. Onu ingilis konsulu alır. Hacı Zeynalabdin Tağıyev xəbər tutur ki, həmin tarixi əsər əcnəbi tərəfindən alınıb. Həmin şəklin ölkədə qalması üçün üçqat artıq qiymət təklif edərək, onu ingilis konsulundan geri alır. Tağıyev deyir ki, məscid bizimdirsə, onun şəkli də bizdə qalmalıdır. Həmin rəsm hazırda İncəsənət muzeyində qorunub-saxlanılır.
O rəsmin eskiz variantı 2017-ci ildə bizim mərkəzə daxil olub və bərpa prosesindən sonra İstiqlal muzeyində qorunub-saxlanılır.
– Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzi indiyədək nə qədər eksponat təmir edib?
– Mərkəzimizdə 30 minə yaxın eksponat təmir-bərpa edilib. Bu rəqəm sizə az görünə bilər, lakin onlar üzərində aparılan işlərə baxsanız, sərf edilən zamanı bilsəniz, heyrətlənəcəksiniz.
– Mərkəz turistlərə açıqdırmı?
– Bura qapalı mərkəzdir. Amma Mədəniyyət Nazirliyinin rəsmi qonaqları olanda mütləq qəbul edirik. Çünki bizim də müxtəlif ölkələrdə maraqlı layihələrimiz var. Məsələn, Norveçdə maraqlı layihəmiz var. Mütəmadi olaraq bu iş ilə əlaqəli səfərlərimiz olur. Xarici ölkələrin mütəxəssisləri ilə fikir mübadiləsi edirik. Norveçdə olan xanımlar bizə deyirlər ki, xalçanın bərpa prosesi onlara çox qəribə gəlir. Xalçalardan başqa, bütün eksponatların bərpasını edə bilirlər.
– Bəs siz necə düşünürsünüz, hansı eksponatların bərpa prosesi ən çətin olanıdır?
– Əslində, bu, eksponatın zədəsindən asılıdır. Amma məncə, ən çətin bərpa prosesi şüşələrdə olur. Çünki sınanda çox xırda parçalara bölünə bilir və toplanması uzun zaman alır. O kiçik zərrəcikləri birləşdirmək həddən ziyadə uzun zaman alır.
– Mərkəz kiçik olmasına baxmayaraq, çox böyük işlər görür. Fəaliyyəti dövründə önəmli uğurlara imza atıb. Məkanın daha geniş, yeni bir əraziyə köçürülməsi gözlənilirmi?
– Bəli, gözlənilir. Biz hazırda 220 kvadratmetrlik bir binada yerləşirik. Əlbəttə ki, muzeylərimiz çoxdur, daha da çoxalır. Bizim də yerimiz geniş olsa, ən azından, bərpa olunan eksponatları qısa müddət də olsa, burada sərgiləyə bilərik. Bu bizi çox xoşbəxt edər. Mərkəzin bütün təchizat-təminat məsələsinə Mədəniyyət Nazirliyi baxır. Bərpa-restavrasiya prosesində zəruri olan bütün avadanlıqları, xammalı yazıb nazirliyə təqdim edirik, onlar da bizim üçün təşkil edirlər.
Daha çox foto burada: PhotoStock.Az
Könül Cəfərli
www.102info.az