“Böyük Qayıdış Birinci Dövlət Proqramı çərçivəsində Böyük Zəfərdən sonra ötən dövr ərzində çoxlu işlər görülüb və bu işlər getdikcə artmaqdadır”.
APA-nın Şirvan bürosu xəbər verir ki, bunu Qarabağ İqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.
Emin Hüseynov proqramın əsas məqsədinin keçmiş məcburi köçkünlərin öz dədə-baba torpaqlarına tezliklə qayıtması, Qarabağın, Şərqi Zəngəzurun bərpa olunması, həyatın oraya qaytarılması olduğunu vurğulayıb:
“Sözsüz ki, məqsədlərdən biri də orada müəyyən iqtisadi fəaliyyətin yaradılması və ərazinin iqtisadi dövriyyəyə qatılmasıdır. Bu məqsədlə təkcə dövlətin deyil, həm də özəl sektorun üzərinə mühüm vəzifələr düşür. “Özəl şirkətlərin bu proseslərdə aktivləşdirilməsi istiqamətində hansı işlər görülür”, “Bununla əlaqədar dövlət tərəfindən görüləcək işlər hansılardır” və ya “Özəl sektorun əsas narahatlıq səbəbləri nələrdir” kimi suallar barədə fikir mübadiləsi aparmaq üçün Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutu və Qarabağ İqtisadi Rayonu üzrə işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin birgə elmi praktiki konfransı davam edir. Məqsəd artıq bərpa quruculuq işlərinin bu mərhələsində özəl investisiyaları artırmaq, mövcud vəziyyətlə bağlı ictimaiyyətin və sahibkarların fikirlərini əldə eləməkdir”.
Prezidentin xüsusi nümayəndəsi bu ilin sonunadək əhalinin köçürülməsi nəzərdə tutulan ərazilər barədə də məlumat verib:
“Əlavə olaraq, bilirsiniz ki, artıq dövlət tərəfindən iki kəndimizə məcburi köçkünlər qaytarılıb, onlar artıq öz dədə-baba torpaqlarında yaşayırlar. Bundan sonrakı dövrlərdə say daha da çoxalacaq, xüsusilə bizim gözləntimiz budur ki, həm Laçın, həm Zabux və Sus, eyni zamanda, Füzuli şəhərlərində artıq bu ilin sonunadək köçmək üçün şərait yaranacaq. Gələn ildən başlayaraq, həm Suqovuşan, həm Hadrut və Tuğ, eləcə də Ağdam şəhərinə köçürülmə ilə bağlı proseslər öz ardıcıllığı ilə davam edəcək. Bütün bunlar, əlbəttə, yeni iş yerlərinin açılması məsələsini zəruri edir və bu konfransın bu baxımdan çox böyük önəmi var. Bu ildən etibarən, 10 illik müddət ərzində Qarabağ, Şərqi Zəngəzur ərazilərində xüsusi güzəştlər və təşviq rejimi mövcuddur”.
www.102info.az