Sosioloqdan boşanmalarla bağlı SOS SİQNALI: “Formal işlərlə məşğuluq” – FOTO

Cəmiyyət


“Nikah şöbələrinin nəzdində yeni ailə qurmaq istəyən cütlüklər üçün kurslar təşkil olunmalı, evlənmək istəyənlər məcburi qaydada o kurslara cəlb olunmalıdırlar. Hətta orta təhsil müəssisələrindən başlamaq lazımdır”.

Bu sözləri Dövlət Statistika Komitəsinin bu ilin yanvar-fevral aylarında boşanmaların sayının artması ilə bağlı yaydığı məlumata münasibət bildirərkən sosioloq Əhməd Qəşəmoğlu Yenicag.az-a açıqlamasında deyib.

O qeyd edib ki, hələ ötən il boşanmaların sayının getdikcə artacağını proqnozlaşdırıb: “Belə getsə, gələn il boşanmaların sayı bundan da artıq olacaq”.

Sosioloq səbəbləri sadalayıb, ailə institutunun möhkəmləndirilməsi üçün heç bir maarifləndirmə işinin görülmədiyini təəssüf hissi ilə bildirib. Həmçinin çıxış yollarını göstərib:

“Bunun əsas səbəblərindən biri ailə institutunun möhkəmləndirilməsi və qorunması üçün lazım olan addımlar atmamağımızdır. Sadəcə olaraq, formal işlərlə məşğuluq. Halbuki bunun üçün konkret addımlar atılmalıdır. Nikah şöbələrinin nəzdində yeni ailə qurmaq istəyən cütlüklər üçün kurslar təşkil olunmalı, evlənmək istəyənlər məcburi qaydada o kurslara cəlb olunmalıdırlar. Hətta orta təhsil müəssisələrindən başlamaq lazımdır. Biz ilk növbədə gənclərimizi maarifləndirməliyik ki, ailə qurarkən düzgün seçim etməyi bacarsınlar.

Digər tərəfdən, çalışmaq lazımdır ki, ailədə mənəvi dəyərlərin rolu artırılsın. Mənəvi dəyərlər sıxışdırıldıqca və bu dəyərlər arxa plana keçdikcə boşanmaların sayı artacaq. Axı bu istiqamətdə kim hansı işləri görür? Proses başlı-başına qalıb. Ailə institutunun qorunması üçün profilaktik tədbirlər də görülmür, dağılan ailələrin qarşısı alınmır. Böhranlı vəziyyətin aradan qaldırılması üçün valideynlərlə necə maarifləndirmə işləri aparılmalıdır? Sosial müdafiə təşkilatları ilə iş necə qurulmalıdır? Bu işlər düzgün qurulmadığı üçün acı nəticə göz qabağındadır.

Məhəllələr üzrə gənc ailələrlə işləyən sosial iş xidmətləri olmalıdır. Ailələrin sosial müdafiəsi ilə bağlı fəaliyyət göstərməlidir. Amma bu sadaladıqlarımın heç biri yoxdur. Elə özümüz deyib, özümüz eşidirik”.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir