Bakı şəhərinin Nərimanov rayonunda hərbi sursat aşkar edilib.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.
Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın döyüş tətbiqinə yararlı bir ədəd RQ-42 əl qumbarası və partladıcısı, bir ədəd PQ-7 70 mm-lik qumbaraatan mərmisinin partladıcısı, 10 ədəd 12 mm-lik tüfəng mərmisi, 15 ədəd 9×18 mm-lik, 12 ədəd 9×19 mm-lik kiçik çaplı silah mərmisi və 10 ədəd 5,45 mm-lik avtomat mərmisi olduğu müəyyən edilib.
Sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.
Bundan əlavə, “112” qaynar telefon xəttinə daxil olmuş zəng əsasında Naxçıvan şəhərində aşkar edilmiş bir ədəd 85 mm-lik kameralı zirehdələn top mərmisi Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin pirotexnikləri tərəfindən müvafiq qaydada ərazidən götürülərək kənarlaşdırılıb.
www.102info.az