Bütün dünyada olduğu kimi, Azərbaycanda da texnoloji sahələrə maraq gündən-günə artır. Xüsusilə, informasiya kommunikasiya texnologiyalarının inkişafı fonunda ölkəmizdə ali təhsil pilləsində bununla bağlı ixtisasların az olduğu haqqında fikirlər səsləndirilir. Qeyd edilir ki, ali təhsil müəssisələrində kompüter elmləri və onun ayrı-ayrı sahələrinə aid ixtisasların yaradılmasına, həmçinin magistratura pilləsində kompüter elmləri ixtisasının şaxələndirilməsinə ehtiyac var.
Bəs maraqlıdır, yaxın gələcəkdə kompüter texnologiyaları, proqramlaşdırma və İKT sahəsində ali məktəb ixtisasları artırılacaqmı?
Bununla bağlı Oxu.Az-a danışan Bakı Mühəndislik Universitetinin elmi işlər üzrə prorektoru, təhsil eksperti Elçin Süleymanov kompüter mühəndisliyinə və onun müxtəlif istiqamətlərindəki ixtisaslarına tələbatın hər gün daha da artdığını vurğulayıb. Prorektorun fikrincə, bu, təbii haldır:
“İnformasiya texnologiyaları dinamik sahədir, hər gün inkişaf edir, bir çox sahələr elektronlaşır, çoxşaxəli formalar yaranır. Bu sahənin aktiv kadrlarına böyük ehtiyac var. Həyatımızın hər sahəsinə kompüter elmlərinin təsiri mövcuddur. Cəmiyyəti informasiya texnologiyalarsız təsəvvür etmək mümkün deyil.
Azərbaycanda hazırda bakalavr səviyyəsində bu istiqamətdə dörd ixtisas müəyyən edilib. Bunlar Kompüter elmləri, İnformasiya təhlükəsizliyi, İnformasiya texnologiyaları və Kompüter mühəndisliyidir. Bakalavr səviyyəsində dünyada da, əsasən, bu ixtisaslar tətbiq edilir. Kompüter elmləri genişdir, burada ümumi məlumatdan sonra proqramlaşma, oyun dizaynı, kodlaşdırma və s. istiqamətdə ola bilir. Magistratura səviyyəsində isə kompüter mühəndisliyi ixtisası, idarəetmədə informasiya sistemləri, kibertəhlükəsizlik kimi ixtisaslar var.
İxtisasları Nazirlər Kabineti müəyyənləşdirir, qərarı elan edir. Hər il dünyadakı inkişaf, cəmiyyətdəki tələbata görə siyahıda yenilənmə, bəzi ixtisasların ləğvi, bəzi yeni ixtisasların əlavə olunması həyata keçirilir. Bu istiqamətdə ciddi problemimiz olduğunu düşünmürəm. Amma bu siyahıya kriptovalyutalar, böyük verilənlərin idarə edilməsi və fərqli sektorlarda dataların idarəsi və s. kimi ixtisaslar əlavə oluna bilər. Amma bunlar magistratura ixtisasları olmalıdır. Kompüter mühəndisliyi üzrə təhsil almış biri magistratura ixtisaslaşması olaraq bu kimi ixtisasları seçə bilər. Virtual proqramlaşmadan tutmuş süni intellektə qədər zəruri sahələr tədris edilə bilər. Əsas odur ki, bu ixtisaslar tədris edilən fənlərin dünya təhsilindəki mövcud yenilikləri ilə uyğunlaşdırılsın. Çünki burada sürətli yeniliklər olur. Bunu tədris edən müəllimlər tətbiq etməlidirlər”.
Prorektorun fikrincə, sevindirici haldır ki, dövlət xətti ilə xaricdə təhsil almağa göndərilənlərin təxmini 25 faizi bu ixtisasların müxtəlif istiqamətləri üzrə yönləndirilir:
“Xüsusilə, Ali təhsildə rəqabət qabiliyyətinin artırılması üzrə Dövlət Proqramı ilə təhsil alıb, ali təhsil müəssisələrində çalışacaq şəxslərin yenə dövlət xətti ilə xaricdə doktorantura təhsilinə yönləndirilməsi diqqətəlayiq məsələdir. Çünki həmin şəxslər qayıtdıqdan sonra Azərbaycan ali təhsil müəssisələrinə elmi-tədqiqat, informasiya texnologiyalarının tətbiqi sahəsində uğurlar qazandıra bilərlər. Onlar oxuduqları universitetlərlə işlədikləri ali təhsil müəssisələri arasında elmi əlaqələrin qurulması, qarşılıqlı şəkildə elmi infrastrukturdan istifadə imkanları baxımından müsbət dəyişikliklər tətbiq edə bilərlər. İstənilən halda, texnoloji biliklər, kadr hazırlığı, bu ixtisaslarla əlaqədar məsələnin diqqətdə saxlanması vacibdir”.
Qeyd edək ki, mövzu ilə əlaqədar Elm və Təhsil Nazirliyinə də sorğu ünvanladıq. Nazirlikdən Oxu.Az-a verilən məlumata görə, beynəlxalq təcrübəyə əsasən, ali təhsilin digər səviyyələrindən fərqli olaraq, bakalavriat səviyyəsində mütəxəssis hazırlığı genişprofilli ixtisaslar üzrə həyata keçirilir. Bu baxımdan, Nazirlər Kabinetinin 11 fevral 2019-cu il tarixli 45 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə ixtisasların (proqramların) Təsnifatı”nda Texniki və texnoloji ixtisaslar qrupunda 40 ixtisas yer alıb. Ümumilikdə isə təsnifatda informasiya texnologiyaları üzrə doqquz ixtisas mövcuddur. Bunlar İnformatika müəllimliyi, Riyaziyyat və informatika müəllimliyi, Kompüter elmləri, İnformasiya təhlükəsizliyi, İnformasiya texnologiyaları, Kompüter mühəndisliyi, Proseslərin avtomatlaşdırılması mühəndisliyi, Radiotexnika və telekommunikasiya mühəndisliyi və Sistemlər mühəndisliyidir.
Nazirliyin məlumatında o da bildirilib ki, sözügedən ixtisaslar üzrə magistratura səviyyəsində də kadr hazırlığı aparılır. Nazirlər Kabinetinin 2011-ci il 14 iyun tarixli 95 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nda həmin ixtisasların konkret/dar sahələri üzrə 86 ixtisaslaşma öz əksini tapıb.
Aysel Aslan
www.102info.az