Azərbaycanda 1500 yaşlı tarixi məbəd baxımsız vəziyyətdədir – FOTO

Cəmiyyət


Qax rayonunda yerləşən tarixi Ləkit məbədi baxımsız vəziyyətdədir.

Bu barədə “Report”un Şimal-qərb bürosuna yerli sakinlər məlumat veriblər.

Onların sözlərinə görə, zaman-zaman təbii təsirlərə məruz qalan 1500 yaşlı bu abidə uzun müddət baxımsız qaldığından yararsız vəziyyətə düşüb.

Ona görə də, məbədin hazırda təmirə ehtiyacı var. Sakinlər söyləyiblər ki, əgər təmir işləri aparılmazsa, tarixin izlərini daşıyan dünya əhəmiyyətli abidə tamamilə dağıla bilər.

Qax Tarix Diyarşünaslıq Muzeyinin Direktoru Mahir Əfəndi “Report”un yerli bürosuna bildirib ki, bu məbəd ölçüsünə və quruluşuna görə analoqu olmayan azsaylı abidələrdən biri hesab olunur:

“Xarabalıqlar bir zamanlar əzəməti ilə diqqət çəkmiş məbədin plan quruluşunu dəqiq müəyyənləşdirməyə imkan verməsə də, onun yuxarı mərtəbələrinin quruluşu haqqında bu və ya digər dərəcədə əsaslandırılmış nəzəriyyələr mövcuddur. Digər dairəvi alban məbədləri kimi Ləkit kilsəsi də xaricdən dairəvi formalı divarlara malikdir. Lakin başqa məbədlərdən fərqli olaraq onun diametri daha böyük olmaqla 18.8 metrə bərabərdir”.

Qafqaz Albaniyasına aid məbədlərin Qax rayonu ərazisində çoxluq təşkil etdiyini söyləyən tarixçi deyib ki, bu abidələr daha çox böyüklüyünə görə seçilirlər. Onun sözlərinə görə, böyüklüyünə görə fərqlənən monastır komlekslərindən biri də Dairəvi Məbəd Kompleksidir. M.Əfəndi həmin məbəddə 1500 il öncə rahiblərin yaşadığını və onların burada ibadətlə məşğul olduğunu xatırladıb.

Tarixi abidənin hazırki vəziyyəti ilə bağlı Mədəniyyət Nazirliyi Yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirilib ki, ölkə ərazisində yerləşən tarix-mədəniyyət abidələrində monitorinq aparılır, onların faktiki durumu və texniki vəziyyəti öyrənilir.

Qeyd olunub ki, aparılan monitorinq tədbirlərindən sonra abidələrin qorunması, bərpa və konservasiyası ilə bağlı müvafiq tədbirlər görüləcək.

Qeyd edək ki, Ləkit çayının sol sahilində inşa olunan məbəd eyni adlı kənddən 1 km aralıda yerləşir. Mütəxəssislər qədim alban məbədinin inşa tarixini V əsrə aid edirlər. Məbədin təqribən Albaniya hökmdarı Mömin Vaçaqanın hakimiyyəti dövründə kilsəyə çevrildiyi güman edilir. Məbədin dairəvi divarları xaricdən pilyastralar vasitəsilə 28 hissəyə bölünür. Kilsədə daxili məkanın təşkili də xüsusi diqqət cəlb edir. Daxildə olan sütunlar kvadrat formalı özüllər üzərində durmaqla hər biri bir metr diametrə malik olub.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir