Son zamanlar sosial şəbəkələrdə “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədovun biznes şəbəkəsi ilə bağlı iddialar yayılıb.
Pravda.az xəbər verir ki, məlumatlarda “Azərişıq” rəhbərinin mülklərinin adları da açıqlanıb.
Bildirilir ki, V.Əhmədov biznes fəaliyyətinə 2010-cu ildən başlayıb və elə həmin il o, nizamnamə kapitalı 100 manat olan “QRAD” Məhdud Məsuli̇yyətli̇ Cəmi̇yyəti̇ni (VÖEN 1701121201) qeydiyyatdan keçirib. MMC Səbai̇l rayonu, Zəri̇fə Əli̇yeva küçəsi, ev 23, mənzil 35 ünvanında hüquqi qeydiyyata alınıb.
Şirkətin qanuni təmsilçisi Kazımov Elçin Sahib oğlu 2010-cu ildə eyni ünvanda hüquqi qeydiyyata alınmış “Şüvəlan Uşaq Bağçası” Məhdud Məsuli̇yyətli̇ Cəmi̇yyəti̇nin də qanuni təmsilçisidir. “Şüvəlan Uşaq Bağçası” MMC-nin təsisçisinin isə “Azərişıq” rəhbərinin həyat yoldaşı Əhmədova Nərmi̇n Azad qızının olduğu iddia edilir.
Qeyd olunub ki, Vüqar Əhmədov eyni hüquqi ünvanda keçmiş vergilər naziri Fazil Məmmədovun yaxın adamı kimi tanınan İsmayılov Vüqar İsmət oğlu ilə şərik “TESTA” Məhdud Məsuli̇yyətli̇ Cəmi̇yyətini (VÖEN 170113290) də təsis edib. Vüqar İsmayılov vaxtilə Vergilər Nazirliyinin Daxili Təhlükəsizlik və Vergi Öhdəliklərinin İcrasına Nəzarət Departamentlərinə rəhbərlik edib.
Şirkətin qanuni təmsilçisi Ağayev Sahi̇b Oktay oğlu keçmiş vergilər naziri Fazil Məmmədova məxsus “Synergy” şirkətlər qrupuna daxil olan “AZORCHİD HOTELS” MMC-yə və “ATA TRAVEL” MMC-yə də rəhbərlik edib.
“Azərişıq” rəhbəri və xanımının şirkətlərinin hüquqi qeydiyyatda olduğu ünvanda daha üç şirkət qeydiyyatdadır. Bunlardan biri Bəhrami̇ Mahmud Çi̇ngi̇z oğlunun təsisçiliyi ilə qeydiyyatdan keçmiş “BEAT CATERING” MMC-dir. Eyni ünvanda hüquqi qeydiyyatda olan “BEAT GROUP” MMC Bakıdakı elit “BEER BASHA”, “M’EAT”, “SUMAKH” restoranları, “GAZELLİ CAFÉ”, “EXPO”, Dubaydakı “BAKU” kafelər şəbəkəsini idarə edir. Şirkətin təsisçisi Babayev Murad Kamal oğludur. O, təsisçiləri “SİNERJİ ŞİRKƏTLƏR QRUPU” ASC və Türkiyədəki “DOYURUCU” “Restoran Patahane ve Turizm İşletmeciliği Ticaret Limited” şi̇rkəti̇ olan “AZORCHİD HOTELS” MMC-yə, həmçinin bir müddət isə “ATA HOLDİNQ”ə daxil olan “ATA TRAVEL” MMC-yə rəhbərlik edib.
İddia olunur ki, Vüqar Əhmədova məxsus ünvanda hüquqi qeydiyyata alınmış “VOGA” MMC-nin təsisçisi də “Azərişıq” rəhbərinin şəriki, keçmiş vergi məmuru, Fazil Məmmədovun yaxın adamı Vüqar İsmayılovdur. “VOGA” MMC Bakının Zərdabi küçəsindəki eyniadlı mebel satışı mərkəzinə sahibdir. Yayılan məlumatlara görə, şirkətin qanuni təmsilçisi Məmmədov Nurəli̇ Əhmədi̇yyə oğlunun adı “EVRA”, “SOLENNE” və “ERVA-EN” şirkətlərinin də təsisçisiləri sırasında yer alır. “Azərişıq” rəhbərinin şəriki Vüqar İsmayılova məxsus olan daha üç şirkət də var. Bunlar “LAYF FİTNES”, “PEQAS MARKETİNQ” və “TOSCANA” MMC-lərdir…
Yayılan məlumatların doğru olub-olmadığını aydınlaşdırmaq üçün “Azərişıq” ASC-yə martın 29-da sorğu göndərilib. Lakin hələ də qurum tərəfindən heç bir mövqe bildirilməyib.
www.102info.az