Azərbaycan banklarının “kredit səxavəti” – bu, hansı risklər daşıyır? – FOTO

Cəmiyyət


Azərbaycan bankları manatın 2015-ci ildəki ikili devalvasiyasından əvvəl olduğu kimi yenidən aqressiv kreditləşməyə keçiblər.

Kredit təşkilatları tarixçəsi müsbət olan vətəndaşlara tez-tez SMS göndərərək onlara zaminsiz, girovsuz, təkcə şəxsiyyət vəsiqəsi ilə on minlərlə manat borc təklif edirlər.

Özü də bəzi banklar vətəndaşların aylıq gəlirlərini və kredit ödənişlərini nəzərə almadan onların borc yükünü artırmağa hazırdır. Bu isə istər-istəməz narahatlıq doğurur. ”Report” bankların “kredit səxavəti”nin yaratdığı riskləri iqtisadçı-ekspertlərlə müzakirə edib.

Onlardan biri Rəşad Həsənov hesab edir ki, bankların kredit siyasəti ciddi narahatlıq doğurmamalıdır: “Elə təəssürat formalaşır ki, banklar rahatlıqla pul paylayır. Reallıqda isə bu, belə deyil. “Azərbaycan Banklar Assosiyasiyası” İctimai Birliyi ilə apardığımız müzakirələrdən də aydın olur ki, kreditləşmə göründüyü qədər asan deyil. Vətəndaşlara sadəcə məlumat xarakterli SMS-lər göndərilir, kredit üçün müraciət edəndə isə insanların borc qaytarma qabiliyyəti qiymətləndirilir, buna əsasən qərarlar qəbul edilir”.

Onun sözlərinə görə, bankların əhaliyə aktiv şəkildə pul təklif etməsi onların likvidliyinin kifayət qədər yüksək olmasıdır: “Banklar izafi likvidlikdən fayda götürmək istəyir, amma əllərindəki vəsaitləri bazarda tam yerləşdirə bilmirlər. Belə bir şəraitdə onlar müəyyən qədər yumşaq kredit siyasəti keçirməyə meyllənir. Təbii ki, bunun hüquqi tərəfi də var. Kreditləşmə Azərbaycan Mərkəzi Bankının (AMB) müəyyən etdiyi requlyativ normalarla tənzimlənir, bu istiqamətdə nəzarət alətləri tətbiq olunur. Yəni, konkret müəyyən edilmiş normalar var. Bu normalar hansısa formada kreditlə bağlı qərarların qəbul edilməsində mütləq nəzərə alınır. Bəzi məqamlar var ki, bunlar tövsiyə xarakterli olduğuna görə, banklar izafi likvidlik və yaxud bazar payını itirmək kimi rikslərlə üzləşdiyi zaman bu tövsiyələrə çox da əməl etmirlər. Amma, bu bazar nəzarətsiz deyil. Ciddi risk simptomları özünü göstərmir. Amma yumşalma ilə bağlı müəyyən meyilliliyin olduğu həqiqətdir”.

Digər iqtisadçı-ekspert Xalid Kərimli də düşünür ki, bankların kredit siyasəti nəzarətdən kənar deyil: “AMB xüsusilə 2022-ci ildə istehlak kreditlərinin verilməsinə nəzarəti artırıb. Məsələn, aylıq gəliri 1 000 manat olan şəxsin aylıq kredit ödənişi 700 manatdan artıq olmamalıdır. İstehlak kreditləşməsi zamanı bu nisbətə ciddi nəzarət olunur. İpoteka kreditlərində isə vəziyyət bir qədər fərqlidir. Bu kreditlərin verilməsində təkcə dövlət yox, özəl banklar da aktiv iştirak edir. Özəl bankların müxtəlif MTK-larla əməkdaşlığı çərçivəsində güzəştli şərtlərlə ipoteka kreditləri verməsinin şahidi oluruq. Bu zaman tikilən və tikiləcək binadakı mənzillər girov kimi götürülür və burada MTK-ya da əlavə məsuliyyət qoyulur. MTK-ların binanı tikib təhvil verməsi və alıcının ödəmə çətinliyi olduğu zaman kredit ödənişini öz üzərinə götürməsi kimi məsuliyyəti olur. Bu kimi hallarda MTK mənzilin kredit ödənişini tamamladıqdan sonra onu satır. Belə müqavilələr sistemi ilə banklar öz riskini idarə edir”.

Onun sözlərinə görə, hazırda Azərbaycanda vaxtı keçmiş kreditlərin xüsusi çəkisi kifayət qədər aşağıdır və risk yaratmır: “İndiki halda aqressiv kreditləşmənin maliyyə sektoru üçün ciddi risk yaradacağını demək olmaz. Aktiv pul təklifinin səbəbi sadəcə bankların əllərində olan vəsaiti bazarda tam olaraq yerləşdirməkdə çətinlik çəkməsidir. Yəni, banklar pul satışı ilə məşğul olan qurumlardır. Onlar bunu rahat və etibarlı şəkildə yerləşdirə bilmədikləri üçün aqressiv marketinq və kreditləşmə siyasəti həyata keçirirlər”.

Azərbaycan bankların birinin kreditləşmə üzrə əməkdaşları isə deyir ki, 40-50 min manata qədər kredit təklifləri daha çox marketinq gedişidir: “Banklar reklam mətnlərində qeyd etdikləri bu məbləğləri çox nadir hallarda müştərilərə ayırırlar. Amma bu məbləğlər, onların yanında aşağı və cəlbedici faizlər müştərini həmin banka müraciət etməyə həvəsləndirir. Bu zaman isə kreditləşmə tələblərinə uyğun, vətəndaşın əməkhaqqı əsasında kredit ayrılır. Çünki, məsuliyyətli kreditləşmə prinsipinə görə 40-50 min manat kredit ayrılacaq müştərinin əməkhaqqı azı 8-10 min manat olmalıdır. Hazırda ölkədə həmin maaşı alan çox az sayda vətəndaş var”.

Bundan başqa, kredit mütəxəssislərinin sözlərinə görə, əgər bankın verdiyi borcdan sonra müştərinin ödəniş-gəlir nisbəti 45 %-i keçərsə, kreditin 25 %-i qədər AMB-də ehtiyat formalaşdırılır: “Bu vəsait isə ölü kapital olduğundan, kredit portfeli depozitlər hesabına formalaşan banklar vəsaitinin bir hissəsinin ehtiyat kimi xərclənmədən saxlanılmasında maraqlı deyil. Bu addımı ancaq dövlət qurumları ilə aktiv əməkdaşlığı olan, əmək haqqı, pensiya, təqaüd və müavinətlərin həyata keçirilməsində vasitəçilik edən iri banklar ata bilərlər. Bu zaman 20 min manatdan çox məbləğdə istehlak kreditləri əsasən 36-60 aya qədər müddətlərə ayılır. Amma belə yüksək məbləğdə kreditlər dövriyyədə nağd pul kütləsini artırdığından inflyasiya riski yarada bilər. Digər tərəfdən həmin kreditlər müştərinin ödəmə qabiliyyətini aşağı sala, ödənişlərdə problem yarandığı halda isə problemli kreditləri artıra bilər”.

“Report” məsələ ilə bağlı AMB-nin də mövqeyini öyrənib. Qurumdan bildirilib ki, bank sektorunun trendləri, o cümlədən kreditləşmə templəri davamlı diqqət mərkəzində saxlanılır və zəruri hallarda makroprudensial tənzimləmə çərçivəsində zəruri dəyişikliklər edilir: “AMB-nin 22 iyul 2022-ci il tarixli “Kredit riskləri, o cümlədən iri kredit riskləri ilə bağlı prudensial normativ və tələblərə dair Qayda”sına edilmiş dəyişikliklərdən sonra qaydada nəzərdə tutulmuş istisnalar nəzərə alınmaqla istehlak kreditləri borcun gəlirə (BGN) nisbəti əmsalı 70 %-dən çox olmayan borcalanlara verilir. İstehlak kreditlərinin artım tempinə gəldikdə bildiririk ki, qaydalarda edilmiş müvafiq dəyişikliklərdən sonra istehlak kreditləşməsinin artım tempi səngiyib. Belə ki, 2022-ci ilin I rübündə orta aylıq artım tempi 2,3 % olduğu halda, 2023-cü ilin I rübündə bu göstərici 1,1 % təşkil edib. Eyni zamanda, borc-gəlir nisbəti əmsalı 45 – 70 % aralığında olan istehlak kreditləri üzrə banklara əlavə ehtiyat və risk dərəcələri tələbləri müəyyən edilib”.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir