Şimal bölgəsində su problemi günü-gündən dərinləşir. Xaçmazlı fermerlər bildirirlər ki, su olmadığından yaz əkinlərini apara bilmirlər.
Bizim.Media-nın əməkdaşı Şimal rayonlarını suvarma suyu ilə təmin edən Xanarxı kanalının Azərbaycan-Rusiya sərhədində yerləşən Yeni Tahircal kəndi ərazisindəki mənbəyinə yollanıb.
Məlumat üçün bildirək ki, bu kanal mənbəyini Samur çayından alır və Samur-Abşeron kanalının bir qoludur. Şimal bölgəsinin Qusar, Xaçmaz, Şabran rayonlarını suvarma suyu ilə təmin edən Xanarxı kanalı 2000-ci illərdə inşa edilib. Müşahidələrimiz zamanı kanalda suyun olmadığı görünür.
Samur-Abşeron Kanalı İstismar idarəsinin sahə rəisi Aydın Koroğluyev bildirdi ki, kanala suvarma suyu verilmədiyindən o quruyub.
Xanarxı kanalının Qusarın Ləyərqışlaq kəndi ərazisindən keçən hissəsində də acınacaqlı vəziyyət hökm sürür. Kanala nəinki su verilmir, hətta kanal iri daşlardan da təmizlənmir.
Kanalın Xaçmazın Hülövlü kəndindən keçən hissəsində də analoji vəziyyətdir. Neçə müddətdir, susuz qalan kanalı qamış basıb.
Xanarxı kanalına suyun nə zaman veriləcəyinə gəlincə isə, Qusar Suvarma Sistemləri İdarəsinin rəisi Məzahir Əzizov bildirib ki, mövcud problemlə bağlı Qubanın Vəlvələ kəndində tədbir keçirilib:
“Şimal rayonları rəhbərlərinin, yeni yaradılan Dövlət Su Ehtiyatları Agentliyinin məsul şəxslərinin və Samur-Abşeron kanalı istismar idarəsi rəsmilərinin qatıldığı tədbirdə bölgədəki suvarma su problemi müzakirə edildi.
Bildirildi ki, Bakıya gedən Taxtakörpü-Ceyranbatan su kanalında suyun səviyyəsi aşağı düşməsi səbəbindən Samur-Abşeron kanalından Xanarxı kanalına suyun verilməsi dayandırılıb. Hazırda problemdən çıxış yolları axtarılır. Güman edirəm ki, yaxın günlərdə kanala su veriləcək”.
www.102info.az