Cavanşir Paşazadə: “Dini Komitənin tapşırığına zidd fətva verənlər varsa, tənbeh edilməlidirlər”

Cəmiyyət


Bu il Ramazan bayramını Azərbaycan da daxil olmaqla, müsəlman ölkələrinin əksəriyyəti aprelin 21-də qeyd etdi, məscidlərdə bayram namazları qılınıb. Lakin ənənəvi olaraq bu il də insanlar arasına ixtilaf salanlar tapılıblar. Bayramın tarixi bir yana, bayram günü oruc tutmaq məsələsi də müzakirə yaradıb.

Bir çox İslam alimlərinin rəyinə görə, dinimizdə bayram günü oruc tutmaq haramdır, bayram günü müsəlmanlar yeyib-içməli, bayram namazından sonra şən ovqatda bir-biriləri ilə bayramlaşmalıdırlar. Lakin ölkə daxilində “bayram günləri günortaya qədər oruc tutmaq lazımdır” kimi fətvalar verənlər də az olmayıb. Aidiyyəti qurumların isə bu məsələ ilə bağlı mövqe bildirməməsi Azərbaycan ictimaiyyətində  müzakirəyə səbəb olub. Dindar kəsim Qafqaz Müsəlmanları İdarəsindən, həm də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən bu məsələ ilə bağlı daha sərt mövqe və qərarlar gözləsə də, bu, baş tutmayıb. Tələb edilir ki, dövlətin, Qafqaz Müsəlmanları İdarəsinin qərar və fətvasına qarşı çıxaraq Ramazan bayramının aprelin 22-də olduğunu israrla bildirən məscid imamları ilə bağlı çox sərt qərarlar qəbul edilməli, onların məscidlərimizdəki dini fəaliyyətlərinə son qoyulmalıdır.

Məsələ ilə bağlı Pravda.az-a fikirlərini bölüşən Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Cavanşir Paşazadə deyib ki, məscid imamları Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə tabedirlər və komitədən aldıqları tapşırıqları həyata keçirməlidirlər.

“Komitənin tapşırığına zidd fətva verənlər varsa, təbii ki, tənbeh edilməlidirlər. Onlar fikirlərini dəqiq bildirməlidirlər. Doğrudan da, Azərbaycanın apardığı siyasətə qarşı əks təbliğat aparırlarsa, cəzalandırılmalıdırlar. Bu dövlətdə yaşayırlarsa, onun siyasətini dəstəkləməli, xalqla bir yerdə olmalıdırlar. Məsələ həllini tapmalıdır. Əlbəttə, hər kəs dini baxışında sərbəstdir, öz fikri var. Lakin məsələyə siyasəti qarışdırdıqları üçün biz fikir bildiririk”.

C.Paşazadə bayram gününün tarixi ilə bağlı ixtilaf yaradılmasına isə belə cavab verib:

“Dövlətin rəsmi elan etdiyi tarixdə ölkəmizdə insanların bəziləri bayram etmədi. Təbii ki, bu məsələdə İran faktoru da var. Bəzi inananlar var ki, İranda bayram deyilsə, biz də qeyd etməməliyik. Ayın görünməməsi ilə bağlı müəyyən qədər başqalarına da təsir göstərənlər, öz fikirlərini həyata keçirmək istəyənlər də olur. Lakin aprelin 21-ni 80-90 faiz insan bayram etdi”.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir