Dünən Biləsuvar rayonunda qaz sızması səbəbi ilə baş vermiş partlayışla bağlı araşdırma aparılır.
“Report” xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev deyib.
Onun sözlərinə görə, belə hadisələr baş verən zaman yerində komissiya yaradılır:
“Biz təkcə “Azəriqaz” olaraq orada araşdırma aparmırıq. Hadisə yerində həm Fövqəladə Hallar Nazirliyi, həm də prokurorluq əməkdaşları tərəfindən birgə araşdırmalara başlanılıb”.
R.Əliyevin fikrincə, hadisənin ilkin görüntüsündən ehtimal olunur ki, partlayış qaz sızması səbəbindən baş verib:
“Qaz avadanlığının hansısa açıq olub. Bu, onu göstərir ki, hadisə hər hansı qaz yığıntısından baş verib”.
O əlavə edib ki, belə hadisələr çox vaxt səhlənkarlıqdan baş verir:
“Çünki ildə bir dəfə təlimat keçirik. Abonent 364 gün özü mənzilini idarə edir. Biz bununla bağlı maarifləndirmə işləri görürük. Buna baxmayaraq, problem hələ də gündəmdə qalmaqdadır. Arzu edirik ki, abonentləriniz daha diqqətli olsunlar”.
Xatırladaq ki, dünən Biləsuvarda binada partlayış baş verib. Hadisə şəhərin H.Əliyev prospektində yerləşən 5 mərtəbəli binada Nazilə Məmmədovaya məxsus mənzildə qeydə alınıb. Partlayış nəticəsində binaya ziyan dəyib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları, yanğınsöndürənlər və təcili tibbi yardım briqadaları cəlb olunublar.
İlkin məlumata görə, baş verən partlayışda 2 yaralı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Rayon xəstəxanasının 4 təcili yardım briqadası hadisə yerinə cəlb olunub. Partlayış nəticəsində dağıntılar altında qalan şəxsin meyiti çıxarılıb.
Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (ağır nəticələrə səbəb olan səhlənkarlıq) maddəsi ilə başlanmış cinayət işinin ibtidai istintaqı davam etdirilir.
www.102info.az