Aprelin 26-da Bakıda Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) təşkilatçılığı, Elm və Təhsil Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin dəstəyi ilə “Seysmik Dayanıqlı Müasir Qurğular” (AERS-2023) Beynəlxalq Konqresi öz işinə başlayıb.
Oxu.Az xəbər verir ki, Konqresin plenar iclasında Azərbaycandan olan elm adamları, istehsalat nümayəndələri ilə yanaşı, Türkiyə, Amerika Birləşmiş Ştatları, Yaponiya, Kanada, İtaliya, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri, Portuqaliya, Hindistan, Yunanıstan və digər ölkələrdən nüfuzlu alimlər iştirak ediblər.
Əvvəlcə qardaş Türkiyə Respublikasında bu ilin fevral ayında baş verən güclü zəlzələdə həyatını itirənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
AERS-2023-ün məqsədi zəlzələ mühəndisliyinin əsas hədəfləri istiqamətində aparılan tədqiqatlar haqqında hərtərəfli təsəvvürün əldə olunması, qurğuların seysmik həssaslıq dərəcəsinin azaldılması, mövcud inşaat norma və qaydalarında zəlzələ mühəndisliyinin əsas hədəflərindən olan üç dizayn amilinin hər birinə diqqətin artırılması, gələcək zəlzələlərin təsirinin qarşısının alınmasında müasir yeni qurğu sistemlərindən istifadəyə çağırış və bu kimi aktual məsələlərdən ibarət olub.
Konqresin nəticəsi olaraq Fəlakətsiz Zəlzələ Mühəndisliyi “Mühəndislər layihə və tikintidə səhv etməsələr, zəlzələlər fəlakət deyil” şüarının mühəndislikdə tətbiqi, məruzə və elmi məqalələrin beynəlxalq “Springel” yayın evinde (İsveçrə) və “Elmi Əsərlər” jurnalının xüsusi buraxılışında çap edilməsi, Azərbaycan Memarlıq İnşaat Universiteti ilə dünyanın aparıcı ölkələrinin zəlzələ mühəndisliyi üzrə elmi-tədqiqat mərkəzləri arasında əməkdaşlıq əlaqələrinin qurulması və gələcəkdə birgə layihələrin icrası, Qurğular Dinamikasında Fəlakətsiz Zəlzələ Mühəndisliyi (Non-Disaster Earthquake Engineering in Structural Dynamics) Beynəlxalq jurnalının təsisi və dərc edilməsi planlaşdırılır.
Aysel Aslan
www.102info.az