Biləsuvarda partlayış nəticəsində xəsarət alanların vəziyyəti ağırdır.
Bu barədə Oxu.Az-ın əməkdaşı Nərimanov Tibb Mərkəzinin mətbuat katibi Aygün Qulamqızı ilə danışıb.
Onun sözlərinə görə, hər iki xəstənin vəziyyəti ağır olaraq qalır:
“Vəziyyətləri ağır olaraq qalmaqdadır. Reanimasiyadadırlar. Hər iki xəstə çox ağırdır. Müayinələr davam etdirilir. Nəzarət altındadırlar. 3 gün yanıq şoku dövrüdür. 3 gün sonra toksemiya dövrüdür. Həmin dövrdə vəziyyət daha ağırlaşır. Yanan sahədən toksinlər qan dövranına ifraz olunur. Qan dövranı vasitəsilə də bütün orqanlara yayılır. 14 gün toksemiya dövrü hesab olunur. 14 gün sonra vəziyyətləri ilə bağlı ehtimallar irəli sürə bilərik”.
TƏBİB Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, tibb müəssisəsinin Reanimasiya şöbəsinə yerləşdirilən şəxslərin vəziyyətləri ağır olaraq qalır:
“Biləsuvar rayonu, Heydər Əliyev prospekti, 5 ünvanında yerləşən yaşayış binasında partlayış baş verməsi səbəbi ilə xəsarət alan 2 nəfərin (2009-cu il təvəllüdlü qız, 2013-cü il təvəllüdlü oğlan) müalicəsi TƏBİB-in tabeliyindəki Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzində davam etdirilir. Tibb müəssisəsinin Reanimasiya şöbəsinə yerləşdirilən şəxslərin vəziyyətləri ağır olaraq qalır”.
Xatırladaq ki, partlayış aprelin 24-də axşam saatlarında şəhər ərazisində yerləşən beşmərtəbəli yaşayış binasında baş verib və nəticədə bir nəfər ölüb, iki nəfər yaralanıb.
Nəzrin Vahid
www.102info.az