Bakıda Əqli Mülkiyyət Agentliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində Beynəlxalq Əqli Mülkiyyət Günü ilə bağlı “Qadınlar və əqli mülkiyyət. İnnovasiya və yaradıcılıq” mövzusunda konfrans keçirilib.
“Report” xəbər verir ki, tədbirdə ölkənin dövlət orqanlarının rəsmiləri, millət vəkilləri, elm və təhsil müəssisələrinin əməkdaşları, sahə üzrə mütəxəssislər və digər şəxslər iştirak ediblər.
Qeyd edək ki, Beynəlxalq Əqli Mülkiyyət Günü 2000-ci ildə Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) tərəfindən təsis edilib. Bu tarixin seçilməsi “Ümumdünya Əqli Mülkiyyət Təşkilatının təsis olunması haqqında Konvensiya”nın 1970-ci il aprelin 26-da qüvvəyə minməsi ilə əlaqədardır.
Beynəlxalq Əqli Mülkiyyət Gününün elan edilməsi bəşər cəmiyyətinin əqli mülkiyyətə və onun yaradıcılarına hörmət hissindən irəli gəlir. Beynəlxalq Əqli Mülkiyyət Günü münasibətilə hər il dünyanın əksər ölkələrində keçirilən müxtəlif tədbirlərin əsas məqsədi əqli mülkiyyətin mədəni irsin zənginləşməsində, davamlı iqtisadi inkişafda və informasiya cəmiyyətinin formalaşmasındakı rolunu diqqətə çatdırmaq, əqli mülkiyyət hüquqlarının innovasiya və yaradıcılığın təşviqində oynadığı rolu göstərmək, yaradıcı insanların fəaliyyətini dəstəkləmək və stimullaşdırmaq, əqli mülkiyyətin yaradıcılarına olan hörmət və ehtiramı nümayiş etdirməkdir.
2023-cü ildə Beynəlxalq Əqli Mülkiyyət Günü bütün dünyada “Qadınlar və əqli mülkiyyət: İnnovasiya və yaradıcılığın inkişaf etdirilməsi” devizi altında qeyd olunur. Ənənəvi olaraq Beynəlxalq Əqli Mülkiyyət Günü ölkəmizdə də qeyd olunur və hər il bununla əlaqədar tədbirlər təşkil edilir.







www.102info.az