Bakıda dumanlı hava şəraiti müşahidə olunur.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, bu gün səhər saatlarında sinoptik şərait dumanın yaranması üçün əlverişli olmuşdu. Hava kütlələrinin zəif və mülayim cənub-şərq axınları rütubətliyin yüksəlməsi, eyni zamanda yaranmış inversiya qatı dumanın yaranmasına səbəb olub.
Belə ki, yerə yaxın təbəqədə temperaturun atmosferin yuxarı təbəqələrinə nisbətən azalması inversiya qatını əmələ gətirib.
Naftalan, Ağdam, Şamaxı, Şabran, Tərtər, Yevlax, Beyləqan, Göyçay, Şəmkir, Biləsuvar, Astara, Neftçala, Bakıda və Abşeron yarımadasında duman müşahidə olunub, dumanda görünüş məsafəsi 50-500 metrədək məhdudlaşıb.
Ölkə ərazisində hava şəraiti, əsasən, yağmursuz keçib, lakin axşam saatlarında bəzi qərb rayonlarında (Sədərək, Daşkəsən, Gəncə) şimşək çaxıb, az yağış yağıb.
Bildirilib ki, havanın temperaturu aprelin 28-də Bakıda iqlim normasından 4,6 dərəcə yuxarı olub, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 22-26 dərəcə, Sumqayıtda 30 dərəcə isti, Naxçıvanda 24-30 dərəcə isti, dağlıq rayonlarda 21 dərəcəyədək isti, aran rayonlarında 26-30 dərəcə isti olub.
www.102info.az