Bu gün Beynəlxalq Baytar Həkimi Günüdür – VİDEO

Cəmiyyət


29 aprel – Beynəlxalq Baytar Həkimi Günüdür. Dünya Baytarlıq Günü də adlandırılan bu gün Azərbaycanda fəaliyyət göstərən baytar həkimlər tərəfindən qeyd olunur.

Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Beynəlxalq Baytar Həkimi Günü hər il dünyanın bir çox ölkəsində aprel ayının son şənbə günü qeyd edilir. Bu gün 2000-ci ildə Ümumdünya Baytarlıq Assosiasiyası tərəfindən təsis olunub.

Beynəlxalq Baytar Həkimi Günü dünyada baytarlıq işlərinin müxtəlif aspektlərini önə çəkmək, həmçinin heyvanların sağlamlığına və rifahının yaxşılaşdırılmasına töhfələr vermək məqsədilə keçirilir.

Qeyd edək ki, respublikamızda baytar həkimlərin fəaliyyəti yüksək qiymətləndirilir və baytarlıq sahəsinin inkişafı istiqamətində mühüm işlər həyata keçirilir. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi fəaliyyət göstərdiyi 5 il ərzində heyvan sağlamlığının təmin olunması və baytarlıq nəzarəti sahəsində bir çox nailiyyətlər əldə edib. Bu dövrdə respublikamızın xırdabuynuzlu heyvanların taunu xəstəliyindən azad status alması üçün zəruri tədbirlər icra olunub. Ölkədə ilk dəfə meşə zolağına helikopter vasitəsilə 600 kilometr məsafədə 18 min aldadıcı yem səpilərək vəhşi heyvanlar arasında quduzluq xəstəliyinə qarşı peyvəndləmə aparılıb. Yüksək patogen quş qripi, dabaq və quduzluq kimi xüsusi təhlükəli xəstəliklər üzrə böhran vəziyyətinin idarə olunması üçün aidiyyəti qurumlarla birlikdə mütəmadi qaydada simulyasiya təlimləri keçirilir. Eyni zamanda, baytarlıq nəzarətində olan yüklərin ixracı ilə bağlı ciddi uğurlar əldə edilib. Agentlik tərəfindən baytarlıq preparatlarının qeydiyyatı və idxalı prosedurları və baytarlıq müşahidəedici sənədlərinin verilməsi prosesləri tam elektronlaşdırılıb. Ölkədə fərdi baytarlıq xidməti ilə məşğul olmaq istəyən fiziki şəxslərin uçota alınması elektron formada həyata keçirilir.

Həmçinin, heyvan sağlamlığının təmin edilməsi və baytarlıq nəzarətinin həyata keçirilməsində laboratoriya sisteminin əhəmiyyəti nəzərə alınaraq, bu sahədə əsaslı işlər görülüb. Hazırda ölkə ərazisində heyvan xəstəliklərinin diaqnostikası və müayinəsi üzrə 8 laboratoriya fəaliyyət göstərir. Bu laboratoriyalar dünyanın ən böyük şirkətləri tərəfindən təşkil olunmuş Beynəlxalq Peşəkarlıq Testlərində müxtəlif xəstəliklər üzrə iştirak edib və uğurlu nəticələr qazanıb.

Onu da bildirək ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən Azərbaycanda baytarlıq sistemlərinin qiymətləndirilməsi missiyası həyata keçirilib və ölkəmizdə bu sistemin inkişafı müsbət xarakterizə olunub.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir