Bu yazı axmaqlar haqqındadır!

Cəmiyyət


Qan Turalı yazır…

İtalyan tarixçi Karlo Çipolla “Axmaqlığın əsas qanunları” məqaləsi çap etdirmək üçün yazmamışdı. Ancaq dostları haqqında sürətlə yayılan bu məqalə çap edildi və təkcə İtaliyada yox, dünyada məşhur oldu.

Tarixçi axmaqlığın beş qaydasını təsbit edir. Bu qaydaları qısaca qeyd edək: 

• Axmaqların sayı bizim düşündüyümüzdən də dəfələrlə çoxdur. Əhdi-ətiqdə də deyildiyi kimi, axmaqların sayı sonsuzdur. 
• Hər hansı bir insanın axmaqlığının onun başqa xüsusiyyətlərinə aidiyyəti yoxdur, axmaqlıq əlahiddə və digər xüsusiyyətlərdən kənarda qalan bir keyfiyyətdir. 
• Axmaq heç bir şəxsi xeyri olmadan hətta özünü hərdən ziyana salan adama deyilir. Bəzən onun əməlləri isə təkcə özünə yox, cəmiyyətə də ziyan vurur.
• Axmaq olmayanlar axmaqların vurduğu ziyanı düzgün təsəvvür edə bilmirlər. Halbuki axmaqlıq son dərəcə böyük və dəhşətli nəticələr yarada bilər. Bu mənada tarixdə axmaqlığın da böyük rolu var. 
• Axmaq insan ən təhlükəli insandır. 

Burada dördüncü bəndi yadda saxlayaq, yəni axmaqların vurduğu ziyanının miqyasını… Məşhur bir aforizm də var: “Tarixdə axmaqların rolunu unutmayın”. Bu zəruri girişdən sonra hekayəmizə başlaya bilərik.

Aprel aynın əvvəllərində sosial mediada Pentaqonun (ABŞ Müdafiə nazirliyi) məxfi qrifli sənədləri yayılmağa başlandı. Sənədlər bir çox platformada yayılırdı ancaq mənbəyi Diskord adlı şəbəkə idi. Bu şəbəkədən oyun həvəskarları istifadə edirlər. Yüzlərlə militarist və sağ meylli gəncin toplaşdığı qrupda yayılan sənədlər tezliklə dünya mediasında da çap edilməyə başlandı.

Sənədlərdə son dərəcə məxfi məlumatlar vardı. Bir neçəsini qeyd edək:

• Vaqnerin gizli yollarla Türkiyədən silah almaq cəhdi…
• Misirlə Rusiya arasında raket satışı ilə bağlı danışıqlar…
• Cənubi Koreya rəhbərliyinin ABŞ-a silah satmaq haqda tərəddüdləri.
• BMT Baş Katibinin Rusiyaya loyal münasibəti.
• Eləcə də Rusiya-Ukrayna müharibəsində ABŞ-nin və müttəfiqlərinin gizlinləri….
• Generalların Putinə qarşı qiyam hazırlığı ilə bağlı təxminlər…

Bu qədər məlumatı əldə etmək üçün  ABŞ-a dost və düşmən ölkələrin kəşfiyyatları illərlə çalışmalı, çox böyük miqdarda vəsait xərcləməli idilər. Bu öz yerində. Digər tərəfdən isə ABŞ öz kəşfiyyat qurumları üçün (17 belə qurum var) 100 milyard dollarlıq büdcə ayırır. Bu son dərəcə böyük bir məbləğdir, dünyadakı bir çox ölkənin ümumi daxili məhsulu belə bu qədər deyil. Ancaq bu qədər böyük büdcə belə bir axmağın əməli ilə əhəmiyyətsiz ola bilir. 

ABŞ-də yaşınız 21 olmayıbsa sizə içki satılmır. Ancaq bütün bu Pentaqon sızıntılarını edən 21 yaşlı bir gəncdir, adı da Cek Teyşeyradır. ABŞ pivə etibar etmədiyi insana bu qədər məxfi sənədə çıxış imkanı verir. Deməli, bu gənc birlikdə oyun oynadığı yaşıdları ilə söhbət zamanı özünün mühüm yerdə işlədiyini və bu cür məxfi sənədlərə çıxışı olduğu ilə öyünərək bir çox sənədi sosial şəbəkədə öz dostları ilə bölüşüb. Beləcə Pentaqonun da bir çox sirləri faş olub.

Cek Aviasiya komandanlığının informasiya texnologiyaları departamentində çalışan bir gəncdir. Və onun bu sənədləri sızdırması heç şübhəsiz ki, axmaqlığın ölçüsüz olduğunu göstərir. O, artıq həbs edilib. 

Xarici mətbuatda məsələyə şərh verən ekspertlər iki məqama diqqət çəkirlər. Yefreytor yəni ən aşağı hərbi rütbəli bir gənc bu qədər məxfi məlumatlara çıxışı necə əldə edir? Axı Massaçusetsdə xidmət edən bir mühəndisin Misirlə Rusiya arasındakı məxfi sövdələşmə ilə nə əlaqəsi ola bilər ki, ona bu informasiyalara  baxış imkanı da verilir? Digər məqam: Sosial şəbəkələrdə antisemit və irqçi şərhlər yazan bir şəxs necə olur ki, ABŞ ordusuna götürülür? Bəs təhlükəsizlik yoxlamasını o necə keçib? 

Gördüyünüz kimi, bütün bu olanları məntiqlə, ağılla izah etmək mümkünsüzdür. Və doğrudan da axmaqlığın tarixdəki rolunu əsla kiçiltmək olmaz… 

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir