Tokayevdən islahatlar: Qazaxıstan yeni dövrün astanasında – TƏHLİL + FOTO

Cəmiyyət


Qazaxıstan yeni islahatlara start verir. Prezident Tokayevin elan etdiyi dəyişikliklər kursu tək ölkəni deyil, həm də bütövlükdə Mərkəzi Asiya bölgəsini əhatə edir. Mövcud durumda Astananın bu addımlarının hansı nəticələrlə sonlanacağı isə ciddi müzakirələrə səbəb olub. 

Rusiyanın Ukraynaya hərbi təcavüzü, Kremlə tətbiq edilən beynəlxalq sanksiyalar onunla sıx iqtisadi və siyasi əlaqələr quran postsovet ölkələrini çətin duruma salıb. Bu dövlətlər sırasında Qazaxıstan da var. Sanksiyalar altına düşməmək üçün rəsmi Astana alternativ marşrutlar üzərində çalışır.

“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Məsələn, bu yaxınlarda qazax neftinin bir hissəsinin Bakı-Tbilisi-Ceyhan kəməri vasitəsilə nəqlinin artırılması barədə razılaşma əldə olunub. Eləcə də, Çin, Yaponiya variantları üzərində planlar cızılır. Bu və digər məsələlər prezident Kasım-Jomart Tokayevin ölkənin yeni xarici siyasət konsepsiyasında da öz əksini tapıb. Qazaxıstan lideri xarici siyasət konsepsiyası ilə yanaşı, milli təhlükəsizlik strategiyasının da yenilənməsinin zəruriliyini vurğulayıb. Ən maraqlı məqam ondan ibarətdir ki, prezident ölkənin xarici siyasət konsepsiyasının vaxtilə fərqli geosiyasi şəraitdə qəbul edildiyini bildirib. Onun yenilənməyə ehtiyac olduğunu dilə gətirməsi isə birmənalı qarşılanmayıb. Çoxları bunun Qazaxıstanın Qərbə inteqrasiyanı gücləndirmək xətti götürdüyünə işarə olduğunu söyləyirlər. Ən əsas məsələlərdən biri də, türkdilli ölkələrlə əməkdaşlığı genişləndirmək, Türk Dövlətləri Təşkilatı (TDT) ilə münasibətləri gücləndirməkdir. Tokayevin sözlərinə görə, dünya böyük dəyişikliklərə məruz qalıb. Bu səbəbdən daxili təhlükəsizlik, müdafiə qabiliyyətinin gücləndirilməsi, Qazaxıstanın və bütün Mərkəzi Asiya regionunun beynəlxalq aləmdə nüfuzunun artırılması məsələlərinə xüsusi diqqət yetirilməlidir.

Tokayev “2050 Strategiyası”na start verdi

Qazaxıstan prezidenti son qlobal tendensiyaları nəzərə alaraq “2050 Strategiyası”nı yeniləməyi tapşırdığını bəyan edib. Bu, ölkənin sosial-iqtisadi və sosial-siyasi inkişafı üçün uzunmüddətli baxışı və əsas prioritetlərini müəyyən edən sənəd olacaq. O, ölkədə aparılan genişmiqyaslı islahatlar, iqtisadi inkişafın sürətini ləngidən “ağrılı məqamlar”a toxunaraq islahatların ləng həyata keçirildiyini bildirib. Vəziyyəti düzəltmək üçün Nazirlər Kabineti qarşısında konkret vəzifələr qoyub. Onların arasında – xammal iqtisadi modelindən uzaqlaşma, iqtisadi artımın əlavə mənbələrinin axtarışı, inflyasiyanın və ərzaq məhsullarının qiymətlərinin sabitləşməsi, aqrar-sənaye kompleksinin inkişafı, yerli istehsalın artırılması və “əsl sənayeləşmə” var.

“Ölkəmizin bu günü və gələcəyi sizin qərarlarınızdan, əməllərinizdən asılıdır. Siz özünüzü yalnız gündəlik əməliyyat məsələlərini həll etməklə məhdudlaşdıra bilməzsiniz, siz dövlətçi, islahatçı olmalısınız. Bütün islahatların əsas məqsədi vətəndaşların həyat keyfiyyətinin yaxşılaşdırılmasıdır. Söhbət əhalinin gəlirlərinin artırılmasından, rahat yaşayış şəraitinin yaradılmasından, təhlükəsizliyin təmin olunmasından, insanların hərtərəfli inkişafı üçün imkanların genişləndirilməsindən gedir” deyən Kasım-Jomart Tokayev əlavə edib ki, strateji vəzifə sistemlilik, iqtisadiyyatın şaxələndirilməsidir.

Köhnə iş üsulları aradan qaldırılır

Seçki proqramında “hamı üçün ədalətli Qazaxıstan”ın qurulmasını elan edən Tokayev strateji vəzifələrlə yanaşı, sadə vətəndaşları narahat edən məqamları da unutmayıb. Prezident islahatların ləng aparılmasının səbəblərindən birini insan amilində görür. Tokayevin sözlərinə görə, buna səbəb öz vəzifələrinə məsuliyyətsiz münasibət, bir çox dövlət qulluqçularının və dövlət orqanları rəhbərlərinin aşağı fəallığıdır. “Belə məmurlar işlərini icra keyfiyyətinə deyil, başqa istiqamətə yönəldirlər. Nəticə ortadadır. Elan edilmiş çoxsaylı islahatlar ləng gedir. Bunu etiraf etmək lazımdır. Təlimatların bəziləri 2010-cu ildə verilib və hələ də icra olunmayıb. Hökumətə köhnə iş üsullarını aradan qaldırmaq üçün iradə lazım olacaq”, – Tokayev bildirib.

“2050-ci il Strategiyası” Qazaxıstanın sosial-iqtisadi və ictimai-siyasi inkişafının uzunmüddətli baxışını və əsas prioritetlərini müəyyən edir. Milli təhlükəsizliyin təmin edilməsi, eləcə də dünyanın geosiyasi şəraitinin dəyişməsi nəzərə alınmaqla ölkənin xarici siyasətinin Strategiya və Konsepsiyasının yenilənməsi üçün yeni yanaşmalara ehtiyac var. Qazaxıstanın və bütün Mərkəzi Asiya regionunun beynəlxalq aləmdə nüfuzunun artırılması, daxili təhlükəsizlik, müdafiə qabiliyyətinin gücləndirilməsi məsələlərinə xüsusi diqqət yetirilməlidir.

Qərblə Şərq arasında müəyyən balans saxlamaq

Politoloq Daniyar Aşimbayev hesab edir ki, hətta beynəlxalq münasibətlərin inanılmaz dərəcədə mürəkkəb olduğu indiki şəraitdə belə Qazaxıstan çoxvektorlu yanaşmadan imtina edə bilməz. “Qazaxıstan Qərblə Şərq arasında müəyyən balansa malikdir. Yəni iqtisadi, coğrafi və tarixi baxımdan Qazaxıstan Rusiya və Çinlə bağlıdır. Amma maliyyə baxımından biz daha çox Qərb dövlətləri ilə bağlıyıq. Ona görə də müxtəlif “avro standartları”na  Qazaxıstan hər zaman əməl etməyə çalışır”, – Daniyar Aşimbayev qeyd edib. Xarici siyasətdə prioritetlərə gəlincə, politoloqun sözlərinə görə, vurğuları prezident Tokayev özü müəyyən edib. “Bu yaxınlarda prezident Qazaxıstanın əsas strateji tərəfdaşlarını aşağıdakı ardıcıllıqla – Rusiya, ABŞ, Çin adlandırıb. Yenilənmiş Xarici Siyasət Konsepsiyasında çox güman ki, ayrıca bənd var. BMT Nizamnaməsinə uyğun olaraq Qazaxıstan tərəfindən dünya ölkələrinin ərazi bütövlüyünün tanınması haqqında müddəa olacaq”, – politoloq qeyd edib. Daniyar Aşimbayev etiraf edir ki, Qazaxıstanın yenilənmiş Xarici Siyasət Konsepsiyası həm də xarici investorlarla qarşılıqlı fəaliyyət prinsiplərinə yenidən baxacaq. Artıq Kaşaqan və Qaraçaqanak yataqlarının işlənməsində strateji tərəfdaşlara qarşı maliyyə iddiaları səsləndirilib. Lakin Tokayev və onun komandası üçün bu prioritetləri reallaşdırmaq asan olmayacaq.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir