İrəvanda xal, Laçında yol qalmadı

Cəmiyyət


Kubra Məhərrəmova yazır…

Əgər bir xalqın, bir millətin xasiyyətini, tarixini bilmək istəyirsənsə, bunun üçün ən rahat yol onun folklorudur. 

“İrəvanda xal qalmadı” mahnısının tarixçəsini yəqin çoxunuz bilirsiniz. Amma bu gün, bu hekayəni bir daha xatırlatmaq istəyirəm. 

İrəvanda varlı adamların toyu olur. O dövrün məşhur və zənn edirəm ki, ən bahalı musiqiçiləri toya dəvət alırlar. Toyu Qarabağın ən parlaq, ən möhtəşəm səsi olan Cabbar Qaryağdıoğlu aparırmış. Müşayiətdə isə dövrünün məşhur tarzəni Qurban Pirimov olub. Niyə bunu qeyd edirəm? İrəvan tarixən bizim el-obamız olub. Əhalisi də varlı-hallı olub. Bu gün İrəvanın Xan sarayı, əsrarəngiz məscidləri ermənilər tərəfindən dağıdılsa da, həmin abidələrin var olması yerli əhalinin əlinin yuxarı olmasından xəbər verib. 

Qayıdaq toya. Bəyin atası ənənəvi olaraq, bəxşiş verib oğlu üçün bəy tərəfi oxutdurur. Başına döndüyüm gəlinin atası da məsələni belə qoymur. Yəni ki, mənim qızım heç də sənin oğlundan əskik deyil. Qız atası da, qızı üçün, qızının gözəlliyi üçün Cabbar Qaryağdıoğludan tərif istəyir. Təbii ki, qızıl onluqlar hesabına. 

O zamanlar qız toyu ayrı, oğlan toyu ayrı olduğu üçün gəlini heç kim görə bilməzmiş kişi qonaqlardan. Yeganə olaraq nişan verirlər ki, hüsnü gözəl olan gəlinin üzündə iki qoşa xal var. Və hamımızın çox sevdiyi əfsanə mahnı yaranır. 

İrəvanda xal qalmadı,
O xal nə xaldır, qoşa düzdürmüsən? 
De görüm, nə xaldır, qoşa düzdürmüsən? 

Mahnının musiqi və gözəlliyini, tarixi əhəmiyyətini qoyuram bir kənara. Mahnının gündəmimizlə çox gözəl ayaqlaşır. 

Bu mahnı, bu gün də qürur mənbəyimizdir. Toylarda qol qaldırıb rəqs etdiyimiz mahnıdır. İrəvanda bir zamanlar olduğumuzun nişanəsidir. Bəlkə də, yenidən İrəvanı türk şəhəri kimi yenidən quracağımızın nişanəsidir. Qoşa xalı yanaqda olan gözəl, xanım-xatun gəlin-qızlarımızın olmasının nişanəsidir. Bu mahnı bu gün daha şux səslənir. 

Bir neçə gün əvvəl Dövlət Sərhəd Xidmətinin bölmələrinin Laçın-Xankəndi yolunun başlanğıcında qurduğu sərhəd-buraxılış məntəqəsində pasport yoxlanışı köşkü qoyulması fonunda daha gözəl səslənmirmi? 

Dünən isə Dövlət Sərhəd Xidmətinin bölmələrinin Laçın-Xankəndi yolunun başlanğıcında qurduğu sərhəd-buraxılış məntəqəsindən tam şəkildə fəaliyyətinin ilk görüntüləri yayıldı. Videoya baxa-baxa mahnı yenə qulağımda səsləndi.

Xal mənim, yar mənim, ixtiyar mənim
Xalqa nə borcdur qoşa düzdürmüşəm?
Yarım deyibdir qoşa düzdürmüşəm…

Post da quruldu, pasport yoxlanışı da aparılır. Azərbaycan dövləti öz ərazisinin bütün sərhədlərini də nəzarətə aldı. Yavaş-yavaş, addım-addım işini də görür. Heç kim də deyə bilmir ki, “o xal nə xaldır, qoşa düzdürmüsən?” O post, nə postdur, qoşa düzdürüb sənədləri, maşınları yoxlayırsan? 

Xal da mənim, post da mənim,
Xalqa nə borcdur qoşa düzdürmüşəm?

2020-ci ildə 44 günlük Vətən müharibəsindən sonra xalqımızın, ordumuzun, Ali Baş Komandanın qələbəsindən sonra hər gün daha yeni qələbələr yaşayırıq xalq olaraq. Hər gün bu xalqın özünə güvəni daha da artır. İçimizdə olan bəzi qurdlu xala və əmilərinsə səsi gəlmir. Hamıdan çox Xocalı, Xankəndi çığıranların. Qoy çığırsınlar, onların iyrənc səsini Cabbar ustadın mahnısı elə qəşəng üstələyir ki.

Xal mənim, yar mənim, ixtiyar mənim,
Yarım deyibdir qoşa düzdürmüşəm…

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir