“Bölgələrdə baş verən təbii fəlakət kənd təsərrüfatı məhsullarının yetişməsinə mənfi təsir göstərəcək. Bu səbəbdən də bəzi meyvə-tərəvəz və digər kənd təsərrüfatı məhsullarının qiymətində artım müşahidə edilə bilər”.
Bu fikirləri Oxu.Az-a açıqlamasında iqtisadçı-ekspert Eyyub Kərimli sel və dolunun Goranboy, Tərtər, Suqovuşan, Ağdam, Şəki, Mingəçevir, Balakən, Qax, Gəncə, Göygöl, Lənkəranda kənd təsərrüfatına vurduğu ziyanla bağlı danışarkən deyib.
Onun sözlərinə görə, qiymət artımı ilə yanaşı, qıtlıq yarana bilər, çünki bazarlarda təklifin azalma ehtimalı yüksəkdir.
Ekspert qeyd edib ki, kəndlərdə fermerlər aqrar sığortanın imkanlarından geniş istifadə etməlidirlər:
“Sığortadan istifadə etsələr, zərər çəkməzlər. Və bu kimi hallar baş verəndə də zərəri sığorta qarşılayacaq. Uzun illərdir ki, ölkədə aqrar sığorta fəaliyyət göstərir. Sığortada ziyanların qarşılanması nəzərdə tutulur. Təbii fəlakət zamanı xarab olan məhsulların ziyanı sığorta tərəfindən qarşılanır”.
İqtisadçı Emin Qəribli isə əlavə edib ki, sel və dolu bütün Azərbaycana təsir etməyəcək:
“Ötən gün baş verən təbii fəlakətdən sonra kənd təsərrüfatına dəyən zərər hələ də hesablanır. Son dövrlər su çatışmazlığı problemi ilə üz-üzə qalmışıq. Bu problem get-gedə artacaq. Aradan qaldırmaq üçün işlər görülməlidir. Suvarma sisteminin müasir üsul ilə tətbiqinə, yeni texnologiyaların istifadəsinə ehtiyacı var.
Yazın ilk dövrü quraqlıq idi. İndi yağıntılar var. Bir tərəfdən, müsbətdir. Digər tərəfdən isə mənfi təsirləri oldu. Kəndlərin durumunun yaxşılaşdırılması üçün 2019-cu ildən müvafiq tədbirlər görülür. Buğda və digər bitkiçiliklə məşğul olan fermerlərə dəymiş ziyanın azaldılmasına dair fərman və qərar var. Dolunun böyük fəsadlar yarada biləcəyini düşünmürəm”.
E.Qəribli bildirib ki, təbii fəlakət qıtlığa səbəb olmayacaq:
“Azərbaycanda meyvə qıtlığına gətirib çıxaracaq durum deyil. Fikir versək, görərik ki, hər il bu kimi hallar yaşanır. Bu, qiymətlərə təsir edəcək dərəcədə deyil. Narahatlığa ehtiyac yoxdur. Sadəcə, kənd təsərrüfatının sığortalanması və yeni texnologiyaların tətbiqinə dair iqlimi nəzərə alaraq qurumlar qərarlar qəbul etməlidirlər. Bu da dövrün tələblərinə uyğun gəlməlidir”.
Qərb bölgələrindən aldığımız məlumata görə, əsasən, taxıl, pambıq, meyvə bağları və günəbaxan sahələrinə qismən zərər dəyib. Fermerlərin müqavilələrinə uyğun olaraq dəymiş zərər ödəniləcək.
Nəzrin Vahid
www.102info.az