Son vaxtlar Xətai rayonunda sözün əsl mənasında ekoloji terror həyata keçirilir. Yaşıllıqlar əvvəlcə hasara alınır, sonra isə bir gecənin içində məhv edilir.
Xətai rayonu Məhəmməd Hadi küçəsindəki marketlə üzbəüz ərazi mart ayının sonunda hasara alınıb. Hasara alınan ərazidə xeyli sayda iri ağac olub. Lakin aparılan tikinti işləri zamanı həmin ağaclar məhv edilib. Bununla bağlı həm Xətai Rayon İcra Hakimiyyəti, həm də Ekologiya və Təbii Sərvətlər Nazirliyi ağacların qırılma təhlükəsinin olmadığını deyiblər. Çox təəssüf ki, deyilənlər olmayıb və xeyli ağac məhv edilib.
Bu günlərdə rayon ərazisində yaşayan sakinlər yenidən redaksiyaya müraciət ediblər. Rayon ərazisində məhv edilməkdə olan yaşıllıqların fotoları redaksiyaya göndərilib.
Məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlanılıb. İcra Hakimiyyətindən Bizim.media-ya bildirilib ki, tikinti sahələri üçün yeri Dövlət Şəhərsalma və Arxitektura Komitəsi müəyyən edir:
“Yaşıllıqlara isə Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəzarət edir. Ona görə də biz bir çox məsələlərdə çarəsiz qalırıq. Yalnız müvafiq göstəriş olanda və yaxud qanunsuz tikinti işləri aparılanda müdaxilə edə bilirik. Çünki tikinti aparan şəxslərin hamısının əlində sənədi olur. Belə vəziyyətdə isə biz heç nə edə bilmirik”.
Bizə ünvanlanan fotofaktlar Ekologiya və Təbii Sərvətlər Nazirliyinə göndərilib. Nazirlikdən bildirilib ki, faktlar araşdırıldıqdan sonra məlumat veriləcək.
Ona görə də mövzunu diqqətdə saxlanılacaq.
www.102info.az