İsrailin nüfuzlu ali təhsil müəssisələrindən biri olan Holon Texnologiya İnstitutunun (HIT) nümayəndə heyətinin Azərbaycana işgüzar səfəri çərçivəsində Səhiyyə Nazirliyində görüş keçirilib.
Qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev səhiyyə və tibb elmi sahəsində Azərbaycan-İsrail əməkdaşlığının nümunəvi olduğunu vurğulayıb. Nazir qeyd edib ki, ölkələrimiz virusologiya, mikrobiologiya və səhiyyənin digər yüksək texnologiyalı sahələrində uğurla əməkdaşlıq edir:
“Bundan başqa, iki ölkənin səhiyyə nazirlikləri arasında səmərəli ikitərəfli əməkdaşlıq əlaqələri qurulub”.
Teymur Musayev səhiyyə sisteminin rəqəmsallaşdırılmasını Azərbaycan Səhiyyə Nazirliyinin qarşısına qoyulan prioritet məsələlərdən biri olduğunu vurğulayıb:
“Süni intellekt və rəqəmsallaşmanı mənimsəyən həkimlərin yetişdirilməsi Səhiyyə Nazirliyinin qarşısında duran əsas hədəflərindən biridir. Rəqəmsal səhiyyə dünyada səhiyyə sistemlərində bir çox problemlərin həlli üçün böyük potensiala malikdir. Təcrübə göstərir ki, rəqəmsal texnologiyalar səhiyyənin keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. İsrail səhiyyənin rəqəmsallaşdırılması sahəsində beynəlxalq müstəvidə qabaqcıl ölkələrdən biridir. Bunu nəzərə alaraq, İsrailin xüsusən də HIT-in bu sahədə təcrübəsi əvəzsizdir. Hesab edirəm ki, HIT ilə əməkdaşlıq çərçivəsində tibb təhsili alan azərbaycanlı tələbələrin data elmləri, süni intellekt və rəqəmsallaşmanı dərindən mənimsəməsinə nail olmaq mümkündür”, – deyə nazir əlavə edib.
Səmimi qəbula görə minnətdarlığını bildirən HIT-in prezidenti Eduard Yakubov Holon Texnologiya İnstitutunun tibbi təhsil, səhiyyənin rəqəmsal transformasiyası, telesəhiyyə və digər sahələrdə Azərbaycan Səhiyyə Nazirliyi ilə əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb. Bildirilib ki, bir neçə il öncə HIT rəqəmsal səhiyyə sahəsində mütəxəssislərin hazırlanması üçün dünyada unikal və ilk proqramın icrasına başlayıb.
Görüşün sonunda tərəflər əməkdaşlığı inkişaf etdirmək barədə razılığa gəliblər.
www.102info.az