Bakıda küçə iti şəhər sakinlərinə maraqlı və bir o qədər də təhlükəli anlar yaşadıb.
Belə ki, küçə iti öncə “Bakı Metropoliteni” QSC-nin stansiyalarından birinə düşüb. Onun metroya necə keçdiyi isə müəmmalıdır. Sərnişinlərin bir qismi bu hadisəni gülümsəyərək qarşılasa da, digər qismi itin uşaqlara və ya sərnişinlərə hücum çəkə bilmə ehtimalı ilə narahatlıq keçirib.
Sosial şəbəkədə paylaşılan videogörüntülər iki fərqli yanaşma ilə sürətlə tirajlanıb. İlkin məlumata görə, videogörüntülər keçən həftə metronun “Nəsimi” stansiyasında lentə alınıb.
Müəyyən müddət metroda gəzən it daha sonra sərnişinlərdən birinə qoşularaq metropolitendən çıxaraq yaxınlıqdakı iri ticarət mərkəzinə girib.
“Bakı Metropoliteni” QSC-nin daxili qaydalarına əsasən, stansiyalara ev heyvanlarının ağızlıq taxılmadan daxil olması qadağandır. Sözügedən videoda sahibsiz itdən bəhs olunsa da, stansiyaların girişində metropoliten polislərinin apardığı yoxlamaları nəzərə alıb itin necə gözdən yayındığını düşünməmək mümkün deyil.
Bəs görəsən, bu it sərnişinlərdən kiməsə xəsarət yetirsəydi, “Bakı Metropoliteni” QSC cavabdehlik daşıyacaqdımı?
Könül Cəfərli
www.102info.az