Mingəçevir sakini Aynur Xəlilovanın altı aylıq övladı Həmid anadangəlmə ürək xəstəliyindən əziyyət çəkir.
Media.Az xəbər verir ki, körpənin ömrünü uzatmaq üçün iki əməliyyat keçirməsi lazımdır, onlardan birincisi ən qısa müddətdə keçirilməlidir. Amma ailənin bunun üçün lazım olan 8000 manatı yoxdur.
Körpəyə hələ ana bətnində ikən uyğun olmayan diaqnoz qoyulub. Həkimlərin dediyinə görə, o, doğuşdan sonra heç üç gün yaşamayacaq. Həkimlər və qohumlar israrla hamiləliyin sonlandırılmasını istəyiblər. Ancaq günahı boynuna götürməkdən qorxan qadın nəyin bahasına olursa olsun, uşağı saxlamaq qərarına gəlib. Oğlunun hələ də sağ olmasını o, möcüzə hesab edir. Buna baxmayaraq, onun həyat uğrunda mübarizəsi hələ bitməyib… Qarşıda körpəni çox riskli, lakin həyati əhəmiyyət kəsb edən iki əməliyyat gözləyir. Uşağın anası heç olmasa bir əməliyyat üçün lazım olan məbləği toplamağa çalışır.
“Hamiləliyin altıncı ayına qədər dölün patologiyalı inkişaf etdiyini bilmirdim. Müayinənin nəticələri normal idi. İlk dəfə Şəkidəki qəbulda bizə diaqnoz qoydular. Ətrafımda hamı deyirdi ki, onsuz da yaşamayacaq, gənc yaşımda əziyyət çəkməkdənsə, abort edim.
Mən inanclı insanam, Allahdan qorxdum, hamıya rəğmən uşağı saxlamaq qərarına gəldim. Oğlum artıq altı aydır ki, həyatdadır.
Buna baxmayaraq, paytaxtın kardiocərrahları bizi vəziyyətin ciddiliyi və təhlükəsi barədə xəbərdar edirlər. Məsələ bundadır ki, bir çox ürək qüsurları əvvəlcə asemptomatik ola bilər, lakin zaman keçdikcə kəskin ürək çatışmazlığı əlamətləri görünür və bu, ölümə qədər gedir. Bu, patologiyanın qan dövranının pozulmasına səbəb olması ilə bağlıdır. Oğlumuz artıq ilk simptomu yaşayıb: sağ qolu şişib.
Bakının üç ən yaxşı kardiocərrahı ilə məsləhətləşmişik, hamısı deyir ki, təcili əməliyyat lazımdır. Onların hər biri uşağın əməliyyatdan sağ çıxa bilməməsi ehtimalının olduğu barədə xəbərdarlıq ediblər. Mən müvafiq sənədləri imzalamalı olacağam. Bu barədə mənə deyəndə necə isteriyaya düşdüyüm yadımdadır. Amma başqa çarə yoxdur… Artıq Həmidin əməliyyat olunacağı həkimi və klinikanı müəyyənləşdirmişik. Ürək cərrahımız xəbərdarlıq edib ki, əməliyyatı gecikdirmək olmaz.
Əməliyyatın ilkin qiyməti 8000 manatdır. Amma bizdə bu məbləğ yoxdur. Yoldaşım taksi sürücüsü işləyir, qayınanam pensiya alır. Bu qazanc dolanmağımıza ancaq çatır. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə müraciət etdik, lakin təəssüf ki, bu əməliyyat onların xidmətləri sırasına daxil edilməyib. Sizdən xahiş edirəm ki, nə qədər ki, gec deyil, oğlumuzu xilas etməkdə bizə kömək edəsiniz. İnanıram ki, Uca Tanrı bizi tək qoymayacaq”, – deyə gənc ana fəryad edir.
Biganə qalmayan hər kəsi Xəlilovlar ailəsinin probleminə həssaslıqla yanaşmağı və balaca Həmidə bacardıqları qədər kömək etməyə çağırırıq.
Əlaqə nömrəsi: +994 55 848 77 19











www.102info.az