“Ulu öndər Heydər Əliyev Azərbaycanın böyük gələcəyinə inanırdı və bilirdi ki, belə bir gələcəyi təmin etmək üçün Azərbaycanın güclü ordusu olmalıdır”.
Bunu Cəmşid Naxçıvanski adına Hərbi Liseyə təşkil edilən mediatur zamanı “Report”a danışan Azərbaycan Ordusunun Hərbi Hava Qüvvələrinin zabiti Rüstəm Əliyev deyib.
O bildirib ki, ulu öndərin qarşıya qoyduğu əsas vəzifələrdən biri xalqla ordunun birliyini təmin etmək, xalqını, Vətənini sevən gənclər yetişdirməkdən ibarət idi.
R.Əliyev qeyd edib ki, Heydər Əliyev tərəfindən formalaşdırılan Azərbaycan Ordusu bu gün ümummilli liderin layiqli davamçısı, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin səyləri nəticəsində qüdrətlənərək qalib ordu səviyyəsinə yüksəlib.
Azərbaycan Ordusunun mayoru Həsən Məmmədov isə söyləyib ki, Heydər Əliyevin gərgin fəaliyyəti nəticəsində azərbaycanlı gənclərin Sovetlər Birliyinin bir çox hərbi məktəblərinə göndərilməsi danılmaz faktdır:
“Həmin dövrlərdə ali hərbi təhsil alan zabitlərin əksəriyyəti ölkəmiz müstəqillik qazandığı ilk gündən Vətənə dönərək Azərbaycan Ordusunun formalaşdırılmasında, inkişafında var gücü ilə çalışıb, Birinci və İkinci Qarabağ müharibələrində fəal iştirak edərək qəhrəmanlıq göstəriblər”.
H.Məmmədov xatırladıb ki, ulu öndərin təşəbbüsü ilə Azərbaycan Dövlət Pedaqoji İnstitutu nəzdində ibtidai hərbi hazırlıq müəllimləri hazırlayan fakültə açılıb, hərbi vətənpərvərlik tərbiyəsi gücləndirilib, məktəblilər arasında hərb oyunlarının keçirilməsi davamlı xarakter alıb.
Hərbi Dəniz Qüvvələrinin baş leytenantı Telman Bayramovun sözlərinə görə, ulu öndər Heydər Əliyev Azərbaycanın memarı və qurucusu kimi tarixə düşüb. O bildirib ki, azərbaycanlı olduğu ilə qürur duyan Heydər Əliyev bütün ömrünü xalqına, millətinə və Azərbaycanı qurub yaratmağa həsr edib:
“Bundan əlavə ulu öndər ordu quruculuğuna da böyük diqqət yetirib. 1971-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə Cəmşid Naxçıvanski adına Hərbi Lisey yaradılıb”.
Qeyd edək ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə mediatur təşkil olunub. Tur çərçivəsində jurnalistlər hərbi liseyin nəzdində fəaliyyət göstərən Heydər Əliyev Muzeyi və tədris korpusu ilə yaxından tanış olublar.
www.102info.az