Cəlilabad şəhəri, Heydər Əliyev prospektindəki marketin qarşısında ağacların kəsilməsi ilə bağlı sosial şəbəkələrdə yayılmış məlumat Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov Oxu.Az-a bildirib ki, araşdırma zamanı sözügedən ərazidə bir neçə ağacın Cəlilabad şəhər sakini Elnur Ağayev tərəfindən kəsildiyi müəyyən olunub.
“Faktla bağlı akt, protokol tərtib edilib və E.Ağayev barəsində qanunamüvafiq tədbir görülüb”, – deyə o qeyd edib.
Xidmət rəsmisinin sözlərinə görə, kəsilmiş ağacların əvəzinə yeni ağaclar əkilib, onlara qulluq göstərilməsi məqsədilə Cəlilabad bələdiyyəsinə müvafiq göstəriş verilib.
www.102info.az