Qan Turalı yazır…
“Bizim cəmiyyətin ən önəmli problemi nədir?” deyə soruşsalar bir çox məsələləri önə çıxartmaq, vurğulamaq olar. Ancaq əsas problem yerində durmaqdadır: “Biz heç bir problemi problem kimi görə bilmirik, onu mahiyyəti üzrə təhlil edə bilmirik”. Və nəticədə də problem yerində dayanır. Çünki onu yaradan səbəbləri heç düşünmürük. Düşünmədiyimiz halda necə həll edə bilərik ki? Həkim səhv diaqnoz qoyduğu bir xəstəni necə müalicə edə bilər?
Bu tendensiyanı hər bir hadisədə görürük. Və bu mərəzə heç dərman da tapılmır. Dediyim ki, bu mərəzin müalicəsi üçün gərək əvvəlcə onu yaradan səbəblər üzə çıxarıla…
Misal üçün, şəhərin mərkəzində bir gecə klubu partlayır. Mədəni bir cəmiyyət belə vəziyyətlərdə partlayışın səbəblərinə fokuslanar. Bu hadisəyə nəyin səbəb olduğunu araşdırar, ortaya çıxarar. Sonra isə həlli yolunda praktik addımlar atılar. Və nəticədə bu problem həll edilər.
Ancaq gecə klubu partlayışı zamanı biz nə etdik? Oraya gedənlərin əxlaqını sorğulamağa başladıq. Onların geyimlərindən mövzu çıxartdıq. “Yaxşı qız ora getməz”, “Xalqımızın adəti, ənənəsi, mentaliteti var” dedik. Ağlımıza gələn hər şeyi dedik. Bircə qaz istehlakı zamanı yaranan bu problemdən başqa… Nəticə? Problem həll edilmədi. O bir yana, problemdən danışan da olmadı. Sanki o gecə klubuna gedənlər mini yubka əvəzinə uzun don geyinsəydilər, qaz partlamayacaqdı.
Ya da bu günlərdə hər birimizin ürəyini ağrıdan uşaq ölümü. Dəhşətli bir hadisədir və cəmiyyətin buna sərt reaksiya verməsi də təbii hətta qanunauyğundur. Ancaq… Müzakirələr hansı səpkidə aparılır? Problem də başlanğıcını məhz buradan götürür.
Əvvəlcə, ölüm cəzasının bərpası haqqında müzakirələr başladı. Ölkəmizdə 30 ildir ki, ölüm cəzası tətbiq edilmir və 25 ildir ki, ölüm cəzası ləğv edilib. Bundan əlavə ölüm cəzasının hansı dəhşətli nəticələr doğurduğu da göz qarşısındadır. Bu cəzaların tətbiq edildiyi ABŞ-da belə cəzaların 25-30 faizində məhkəmələrin yanlış qərar verdiyi məlumdur. Ölüm cəzasının ən böyük çıxılmazlığı isə cəzanın geriyə alına bilməməsidir. Ölmüş adam dirilməyəcək ki? Hərçənd ölüm cəzası bərpa edilsə belə bu cinayətin cəzasının ölüm hökmü olmadığı gün kimi aydındır. Ancaq cəmiyyəti bu məsələlər elə də maraqlandırmır.
Ölüm cəzası ilə bağlı qəzəbli çağırışların ömrü elə də uzun çəkmədi. Çünki kütləni iştaha gətirən, ağzını sulandıran yeni bir mövzu ortaya çıxdı: ana ilə məşqçinin potensial sevgi macərası. Heç bir fakt yox, heç bir əlamət yox, ancaq “diqqətli gözlər” pərdə arxasından bu “yasaq eşq”i gördü və onun haqqında danışmağa başladı. Uşağın ölümü isə beləcə unuduldu…
Bəs uşaq ölümünün qarşısını almaq üçün nə etmək lazımdır? Bunun üçün Amerika kəşf etməyə ehtiyac yoxdur. Hər şey qanunvericilikdə təsbit edilib. Hər şeydən qabaq qeyd etmək lazımdır ki, qazanılmış hansısa bir bir idman uğuru heç bir idmançıya məşqçi olmaq hüququ vermir. Bunun üçün müvafiq sahə üzrə təhsil almaq lazımdır. “Bədən tərbiyəsi və idman haqqında” qanun məşqçiyə belə tərif verir: “Məşqçi – idmançılarla təlim-məşq prosesini həyata keçirən, onların yüksək nəticələrə nail olmaları üçün yarış fəaliyyətinə rəhbərlik edən müvafiq ali və ya orta ixtisas təhsilinə malik olan fiziki şəxs”. Bu haqda danışan oldumu? Yox, xalq ölüm cəzası və yasaq eşqi müzakirə etdi. Bəs problem qaldığı təqdirdə necə olacaq? Problem də buradan başlayır… Müəllimlərə tətbiq edilən ağır MİQ imtahanı, eləcə də müsahibə nəticəsində işə qəbul niyə bu məşqçilərə də tətbiq edilmir?
Bəs bu münasibətin, məsələyə qeyri-adekvat yanaşmanın səbəbləri nələrdir? Sadəcə olaraq bizim adekvat düşünə bilməməyimiz, rasional ola bilməməyimiz. İşə zəkanın işığında yox emosiyaların, hisslərin prizmasından baxmağımız… Məsələyə münasibətdə ictimai idealların, ictimai mənafelərin yox, şəxsi maraqlarımız, şəxsi təcrübəmiz və şəxsi baxış bucağımızdan baxmağımız.
Problemin həlli üçün isə əvvəlcə problemin özü ortaya qoyulmalıdır. Çox sadə görünən ali həqiqət də budur.
www.102info.az