Bakıda “Beynəlxalq kommersiya və investisiya arbitrajları” mövzusunda konfrans keçirilib – FOTO

Cəmiyyət


12 may 2023-cü il tarixində Bakıda beynəlxalq ekspertlərin iştirakı ilə  “Beynəlxalq kommersiya və investisiya arbitrajları” mövzusunda konfrans keçirilib.

Konfrans biznes və hökumətlər arasında əlverişli atmosfer və daha dərin əməkdaşlıq şəraiti yaratmaq missiyası ilə “Bureau 28a” hüquq firması tərəfindən təşkil edilib. Tədbir mübahisələrin həlli üzrə yerli, regional və beynəlxalq aparıcı hüquq ekspertlərini bir araya gətirib.

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov hər kəsi salamlayaraq, konfrans mövzusunun əhəmiyyəti barədə geniş məlumat verib.

O bildirib ki, mübahisələrin həlli üçün alternativ yollar arasında məhz arbitraj xüsusi rola və paya malikdir. A.Bağırov qeyd edib ki, Prezidentin 3 aprel 2019-cu il tarixli “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanında ölkəmizdə səmərəli beynəlxalq arbitraj prosedurlarının təşviqi, mübahisələrin məhkəmədənkənar həllinin genişləndirilməsi tövsiyə olunub. Həmin tövsiyənin icrası istiqamətində vəkillər üçün arbitraj və mübahisələrin digər alternativ həlli üsulları sahəsində müxtəlif təlim və seminarlar təşkil olunub.

Sonda sədr Vəkillər Kollegiyasının arbitraj institutuna və bu sahədəki təşəbbüslərə hər zaman dəstək olmağa hazır olduğunu vurğulayıb.

Daha sonra çıxış edən “Bureau 28a” hüquq firmasının idarəedici partnyoru, AR Vəkillər Kollegiyasının üzvü Ayxan Əsədov, konfransın mövzusu və məqsədi barədə tədbir iştirakçılarına məlumat verib.

Beynəlxalq Kommersiya Arbitrajlarına dair təqdimatla Moskva Şəhər Vəkillər Palatasının üzvü, “DZ” hüquq bürosunun Beynəlxalq Mübahisələrin Həlli şöbəsinin partnyoru Aleksandr Dolya çıxış edib.

Tədbirin 2-ci hissəsində investisiya arbitrajları mövzusuna dair təqdimatla “Squire Patton Boggs” qlobal hüquq firmasının Beynəlxalq Mübahisələrin Həlli şöbəsinin və Paris ofisinin partnyoru Con Adam çıxış edib.

Təqdimatların davamında mövzuya dair təşkil edilmiş paneldə “Bona Mente Consulting” şirkətinin təsisçisi və rəhbəri Alidə Mahmudova, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Eldar Məcidov, İstanbul Vəkillər Kollegiyasının üzvü Rəşad Qasımlı, “Remells” hüquq firmasının partnyoru Rəşid Əliyev, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində “İqtisadi Zonaların İnkişafı Agentliyi” publik hüquqi şəxsin böyük hüquqşünası Səfər Səfərli tərəfindən mövzuya dair müvafiq müzakirələr aparılıb.

Sonda konfrans iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir