60-70 min abituriyentin taleyinin həll olunduğu “bunker”: Bağlı qapı arxasında nə baş verir? – REPORTAJ + FOTO

Cəmiyyət


İmtahan sözü gələndə yaşından asılı olmayaraq hər kəsi qəribə bir həyəcan bürüyür. “Hər şeyi bilsəm belə, o həyəcanı hiss etmədim” deyəni bu günə qədər tanımamışam. İlk olaraq bu həyəcanı məktəb illərində, daha doğrusu, buraxılış imtahanında keçiririk. Daha vacib imtahan isə ali təhsil müəssisələrinə qəbul imtahanlarımız olur.

Mən 2011-ci ilin məzunlarındanam. Elə o vaxtdan mənə maraqlı olub ki, görəsən, bu sualları kim hazırlayıb? Dayım müəllim idi. Hərdən düşünürdüm ki, kaş sualları dayım hazırlayardı, cavabları da mənə deyərdi, 700 bal toplayardım.

Valideynlərin uşaqları üçün repetitor qismində sırf “bunker müəllimi” axtarışına çıxmaları da illüziyadan başqa bir şey deyil. Məhz “bunker”də olarkən öyrəndiklərimiz bu fikri təsdiqlədi.

Ali təhsil müəssisələrinə qəbul üçün sualların hansı formada hazırlandığını ən xırda detallarına qədər bilmək istəyirsinizsə, bu yazını mütləq oxuyun.

Dövlət İmtahan Mərkəzində (DİM) xüsusi prosedur qaydalarına müvafiq formada təchiz edilən otaqlar var. Suallar məhz o otaqda üç gün ərzində incələnir, dərsliklərə uyğunluğu yoxlanılır, məntiqi ardıcıllığı və anlaşılan olmasına diqqət edilməklə seçilir.

İlk ağlıma gələn sual – bu prosesə cəlb edilən müəllimləri kim və necə seçir?

Müəllimlər DİM xüsusi ekspert qrupları tərəfindən tədris illəri ərzində müşahidə edilən, təhsil müəssisələri tərəfindən peşəkar və savadlı müəllim kimi namizədlikləri irəli sürülən bir qrup müəllim içərisindən seçilir. Həmin fənn müəllimləri dərslikləri əhatə etmək şərtilə öz ixtisas qruplarına müvafiq suallar tərtib edərək DİM-in müvafiq şöbəsinə göndərirlər. Bu prosesə təkcə şəhərlərdə deyil, regionlarda, ən ucqar kənd məktəblərində çalışan müəllimlər də cəlb edilirlər.

Həmin suallardan ibarət “sual hovuzu” formalaşır. Bu hovuzda, bəlkə də, iyirmi mindən çox sual toplanır. Yekunda bu suallardan neçəsinin seçiləcəyi, hansı müəllimlərin tərtib etdiyi sualların imtahana düşəcəyi barədə isə məlumat tam məxfi saxlanılır.

Təxminən 60-70 min abituriyentin taleyinin həll olunduğu “bunker”…

Otaqda yalnız təhlükəsizlik kameraları, iş masası, televizor və asudə vaxt, istirahət üçün nəzərdə tutulan köşə mövcuddur. Otağa daxil olmazdan öncə bütün müəllimlər hüquq-mühafizə orqanları tərəfindən yoxlanılır, bütün texnoloji vasitələr, elektron avadanlıqlar götürülür. Asudə zamanda oxumaq üçün kitab götürmək olar, amma o da vərəq-vərəq yoxlanılır, qeydə alınır. Müəllimlər üç gün üçün özlərinə geyim və müəyyən qidalar götürə bilərlər. Amma bu, könüllüdür. Çünki DİM tərəfindən müəllimlərin üç gün ərzində qidalanması təmin edilir. Müəllimlər bu prosesə cəlb ediləcəklərini ya bir gün, ya da bir neçə saat öncə bilirlər. Bəzən məxfilik üçün heç ailə üzvlərinə belə, üç gün ərzində “bunker”də olduqlarını demirlər, hətta bu, şərtlərdən biridir.

Bəs “bunker” prosesinə minimum neçə il stajı olan müəllimlər cəlb edilirlər? Müəllimlər hansı kriteriyalara cavab verməlidirlər? Həmin müəllimlərin sualları daha sonra repetitor fəaliyyəti zamanı uşaqlara deməyəcəklərinə kim zəmanət verir?

Oxu.Az-ın bu və digər suallarını qapalı rejimdə işlərə cəlb olunmuş ekspertlərdən biri Hafiz Cabbarov cavablandırıb. İxtisasca tarix müəllimi olan Hafiz Cabbarov pedaqoji fəaliyyətə 2004-cü ildən başlayıb.

O, Bakı şəhərində fəaliyyət göstərən liseylərdən birində tarix müəllimi kimi fəaliyyət göstərməklə yanaşı, müxtəlif siniflər üzrə “Azərbaycan tarixi”, “Ümumi tarix” dərsliklərinin müəllifi, eləcə də tarix fənni üzrə kurikulum standartlarının hazırlanması üzrə işçi qrupunun üzvüdür.

– Ötən illərdə qapalı rejimdə işlərə cəlb olunmuş mütəxəssislərdənsiniz. İlk dəfə neçənci ildə bu prosesdə iştirak etmisiniz?

– İlk dəfə 2005-ci ildə bu prosesə cəlb olunmuşam. Təbii ki, birinci növbədə, burada məsuliyyət məsələsi önəmlidir. Çünki şagirdlərin, abituriyentlərin gələcəyini həll edən məsələdə sizin də əhəmiyyətli rolunuz olur. Bu, çox məsuliyyətli bir iş olmaqla yanaşı, müəllimdən obyektivlik, elmilik tələb edir. Müəllim birmənalı başa düşməlidir ki, imtahanların nəticələrinə bilavasitə təsir edə bilən bir işi icra edir.

– Hər kəs elə zənn edir ki, bütün suallar bunkerdə yazılır, bu belədir?

– Təəssüf ki, bəzən elə zənn edirlər. Amma xeyr, elə deyil. İllərlə Dövlət İmtahan Mərkəzinin ekspertlərinin hazırladığı suallar olur. Bu sualların cavabları mütləq dərsliklərdə olmalıdır. Bəzən belə şayiələr gəzir ki, DİM dərsliklərdən kənar sual salır. Əsla. Mən tarix fənni üzrə deyə bilərəm ki, əsla və əsla belə deyil. Belə olduqda, bilirsiniz ki, valideyn şikayət haqqını istifadə edə bilir. Hətta bu, məhkəmə çəkişmələrinə qədər də gedə bilər. Ona görə DİM də bu məsuliyyəti anlayır.

DİM-in öz iş prinsipi var: şəffaflıq, ədalətlilik və obyektivlik. Suallar hazırlananda birmənalı surətdə orta məktəblərdə tədris olunan dərsliklərdən istifadə olunur. Hətta sizə bir nüansı qeyd edim ki, bu il 7 və 10-cu siniflər üçün yeni dərsliklər nəşr olunubsa, amma keçən ilin 10-cu sinifləri bu il imtahan verirlərsə, suallar onların xeyrinə salınır. Suallar seçilərkən həm köhnə, həm də yeni nəşrlərdən olmasına diqqət edilir. Yəni birində olub, digərində olmayan, bir-birinə zidd olan məqamlardan əsla sual salına bilməz. Bu prinsip xüsusi diqqətdə saxlanılır. DİM-in ekspertləri də illərin təcrübəsinə əsaslanan müəllimlərdən seçilirlər. Deməli, ölkənin bütün ali məktəblərinin, Milli Elmlər Akademiyasının mütəxəssisləri, həmçinin ölkənin qabaqcıl orta məktəb müəllimləri – yəni kim istəyirsə, bu prosesdə iştirak edə, suallar yaza bilər. Ekspertlər sualların qəbul proqramına, dərsliklərə uyğunluğunu yoxlayırlar və bundan sonra bu suallar “sual hovuzu”na yığılır.

– Sözügedən “sual hovuzu”na yığılan sualları müəllimlər öncədən bilirlər?

– Xeyr, qətiyyən bilinmir. Çünki biz heç bunkerdə olarkən də bilmirik ki, hansı suallar seçilib. Təxminən 20 minə qədər sual xüsusi dördrəqəmli kodlar altında toplanır. Bunkerə əksər hallarda müəllimlər iki-iki daxil olurlar. Məsələn, iki tarix müəllimindən ikirəqəmli hər hansı bir rəqəm soruşulur. Hər iki müəllimin dediyi rəqəmlər birləşdirilir və kod alınır. O kod sistemə yazılır və həmin dördrəqəmli kod altında toplanan sual ekranda görünür.

Fərz edək ki, bu il imtahanda bir neçə variantda 30 sual olmalıdır. Ümumilikdə 90 sual olursa, həmin 90 sual içərisində ən təkmil olanları seçilir. Bu suallar bir neçə mərhələdən keçirilir. Birincidə ekspert müəllimlər sualları yazırlar. İkincidə – Dövlət İmtahan Mərkəzinin ekspertləri onları yoxlayır, ekspertizadan keçirirlər. Üçüncü mərhələdə isə bunkerdə olan ekspert sonuncu dəfə sualları yoxlayır ki, gözdən qaçan məqam var, yoxsa yox.

– Bəs suallarla tanış olduqdan sonra müəllimin məxfiliyi pozmayacağına, sualları daha sonra repetitor fəaliyyəti zamanı uşaqlara deməyəcəyinə kim zəmanət verir?

– O adam heç bilmir ki, həmin suallar nə zaman istifadə olunacaq. “Sual hovuzu” geniş olur. Yəni müəllim, ekspert üçün inhisarçılıq fürsəti yaranmır. Müxtəlif müəllimlər fərqli dövrlərdə suallar yazırlar. Yəni orada, bəlkə də, 20 mindən artıq sual var. Həmin 20 mindən artıq sualın hansının nə vaxt, hansı imtahanda düşəcəyi, ümumiyyətlə, ekspertlər tərəfindən seçilib-seçilməyəcəyini heç kim bilmir. Yəni o barədə narahatlığa heç bir əsas yoxdur.

– Qapalı “bunker” şəraitində üç gün ərzində nə baş verir?

– Sonuncu mərhələdə üç gün ərzində həmin otaq bağlanır, oradan kimsə çıxa və ya kənar şəxslər içəriyə daxil ola bilməzlər. Orada “sual hovuzu”nda olan suallar “sadə”, “orta”, “mürəkkəb” çətinlik dərəcələrinə müvafiq olaraq təsnifat mərhələsindən keçirilir. Yəni o seçilən 20 minlik “hovuz”dan təsadüfi çıxan 90 sualdan hər variant üzrə 30-u seçilir. Əvvəllər iki variant – “A” və “B” olurdu və bu variantlar “C”, “D” üzrə bölünürdü. Çünki o zaman abituriyentlər yanaşı otururdular. Artıq Dövlət İmtahan Mərkəzi regionlarda qəbul imtahanları keçirir və abituriyentlərin tək-tək oturması üçün zəruri imkanlar yaratmaq gücünə malikdir.

Yəni imtahanda abituriyentlərin qarşısına gələn həmin 30 sual təsadüfi 90 sual içərisindən seçilir. Müəllimin düşdüyü “bunker”də bütün sual hovuzunu görməsi mümkün deyil. Çünki o, gələcəkdə öz abituriyentlərinə məlumat verə bilər ki, bu da haqsız rəqabətin yaranmasına səbəb olar. Suallar seçilib, yekun variant qərarlaşdırılıb möhürləndikdən və çapa getdikdən sonra müvafiq qaydada DİM nümayəndələrinin imzası ilə bağlanır. Bu prosesdən sonra heç kim heç yerə çıxa bilməz. Həmin otaqda olan şəxslər yalnız və yalnız imtahanlar bitdikdən sonra buraxılırlar. Bu da imtahanın şəffaf gedişatı üçün ən önəmli faktorlardan biridir.

– Bəs müəllimlər ilə DİM arasında bu prosesdə müqavilə imzalanırmı? Orada tərəflər arasında hansı öhdəliklər qəbul edilir? Məsələn, övladı bu il qəbul imtahanı verən müəllim “bunker”də ola bilərmi?

– Xeyr, qətiyyən mümkün deyil. Hətta mən bir neçə il öncə bunkerdə iştirak etmişəm. Amma bu il mənim öz övladım ali təhsil müəssisəsinə imtahan verəcəyi üçün əvvəlcədən yazılı formada bəyan etmişəm. DİM mütəxəssisləri bu və digər məqamları hər zaman nəzərə alırlar, mən onlar soruşmazdan öncə bildirdim ki, mənim bu il sualların hazırlanma prosesində iştirakım doğru olmaz.

Yəni belə deyək: zatən biz hər il müqavilələr yenilənən zaman bu məqamı qeyd edirik. Bütün bu obyektivlik nəzərə alınır. Abituriyentlərin hamısı bu ölkənin övladlarıdır və nəticədə savadlı şagirdlər gələcəkdə Azərbaycanı idarə edəcəklər. Ölkənin inkişafı onlardan asılıdır və biz də bunu başa düşərək ən yüksək səviyyədə bilik-bacarıqlara malik olan abituriyentlərin uğur qazanmasına çalışırıq.

– Dediyiniz müqavilə blankında daha hansı bəndlər qeyd edilib?

– Obyektivlik, elmilik, qəbul imtahanı suallarının dərsliyə və proqrama uyğun olması, təbii ki, məxfilik. Hətta mən bir dəfə “bunker”ə düşərkən heç evdə deməmişdim. Dövlət tapşırığı ilə bağlı bir neçə gün evdə olmayacağımı bildirmişdim.

Bəzən bu məsələdə haqlı-haqsız tənqidlər olur. Ancaq mən bu işin içində olduğum üçün yox, tam səmimi deyə bilərəm ki, heç kim şikayət etməsin, narazı qalmasın.

Ən azı beş il pedaqoji stajı olanlara üstünlük verilir. Əsas üstünlük verilən kriteriyalardan biri də dürüstlükdür. Ölkənin hətta ən ucqar bölgəsindən müəllimlər suallarını DİM-ə göndərə bilərlər.

– Siz də razılaşarsınız ki, bəzi müəllimlər savadlı olsalar da, biliklərini şagirdlərə ötürə bilmirlər. Yəni heç olurmu ki, müəllimlərin hazırladığı suallar abituriyent səviyyəsində “sadə”, “orta”, “mürəkkəb” çətinlik dərəcələrindən də yuxarı, pedaqoji səviyyədə olsun?

– Qəbul imtahanına seçilən sualların çətinlik dərəcələrinə görə təsnifatı müxtəlif qabiliyyətə, bilik səviyyəsinə malik şagirdlərin seçilməsində faydalı olur. Çünki hər il qəbul imtahanından sonra statistik nəticələr qeyd olunur. Bu statistik nəticələrə görə biz suallarda hansı problemlərin olduğunu müəyyən edə bilirik.

Məsələn, distraktorlar sualın beş cavab variantı arasındadır. Cavablardan biri doğru, digərləri yanlışdır. Həmin səhv cavablar “distraktor” adlanır və bəzən elə olur ki, şagirdlər hansısa bir yanlış cavaba yönlənə bilirlər. İmtahanların yekununda biz həmin distraktorları da analiz edirik ki, abituriyenti o cavaba yönləndirən nədir? O cavabda hansısa diqqətdən qaçan məqam varmı, doğru cavaba yaxın məna bağlılığı varmı və s. Dediyim kimi, suallar orta məktəb dərsliklərinə əsaslanır. Burada kənar vəsaitlərdən, yaxud dərslikdənkənar sualların olması mümkün deyil.

– Heç olubmu ki, abituriyent cavablardan apellyasiya şikayəti versin və haqlı çıxsın?

– Hər bir abituriyentin etiraz etdiyi məqam DİM tərəfindən araşdırılır. Valideyn və abituriyent qəbul edilir və ona etiraz etdiyi məqam ətraflı izah edilir. Söhbət açıq suallardan gedir. Əgər apellyasiya zamanı meyara uyğun olaraq şagirdin cavabı doğru hesab olunursa, mütləq bu nəzərə alınır. Yəni apellyasiya zatən bunun üçündür. Mən təcrübədə bunu görmüşəm, hər kəs arxayın olsun. Dövlət İmtahan Mərkəzi bu istiqamətdə, doğrudan da, obyektivliyə riayət etməyə çalışır.

– Ola bilərmi ki, məsələn, beş il bundan əvvəl qəbul imtahanına düşən suallar komplekt halda, eynilə builki qəbul imtahanına düşsün?

– Xeyr, eynilə düşə bilməz. Yəni bütün suallar eynilə düşməsə də, o suallar içərisində müxtəlif illərdə düşən suallara rast gəlmək olar, doğrudur. Məsələn, 2010-cu ilin qəbul imtahanından fənlər üzrə iki sual, 2013-cü ilin qəbul imtahanında müvafiq qaydada bir sual seçilə bilər.

– Həmin barəsində danışdığımız 20 minə yaxın “sual hovuzu”ndan imtahan üçün seçilməyən suallar tədris kursları, digər repetitorlar tərəfindən DİM-dən istənilə bilərmi?

– Xeyr, bu suallar bütünlükdə baza hesab edilir və məxfi saxlanılır. Zatən bu məxfilik olduğu üçün hətta biz özümüz də seçilməyən sualların hansılar olduğunu bilmirik. Həmin sualı hazırlayan ekspertlər, dediyim kimi, müqaviləyə qol çəkirlər ki, bu iş məxfi olmalı, yayılmamalı, heç yerdə dərc olunmamalıdır. Yəni nəinki kurslara vermək, hətta hər hansı bir nəşrdə, deyək ki, dərs vəsaitlərində belə, bu suallar istifadə edilə bilməz.

Biz bununla bağlı DİM ilə müqaviləyə qol çəkirik. Əgər ekspert öz üzərinə düşən öhdəlikləri pozarsa, qanunla onun barəsində müvafiq tədbirlər görülür. DİM o müəllimlə bağlı müvafiq tədbir görür və onu məhkəməyə verir. Eləcə də o müəllim, ekspert bir daha heç bir halda “bunker” prosesinə cəlb edilmir.

Ümid edirəm ki, həmsöhbətim imtahanlara hazırlaşanları narahat edən bütün məqamlara aydınlıq gətirə bildi. Qəbul imtahanlarında bütün abituriyentlərə uğurlar arzu edirik!

Yazı Dövlət İmtahan Mərkəzinin media nümayəndələri üçün elan etdiyi “Bunker müəllimi: illüziya və reallıq” yazı müsabiqəsinə təqdim edilməsi üçün dərc olunur.

Daha çox foto burada: PhotoStock.az

Könül Cəfərli

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir