Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin 16 may 2023-cü il tarixli Qərarı ilə “Günay Bank”ın lisenziyası ləğv edilib. “Günay Bank” tərəfindən Əmanətlərin Sığortalanması Fonduna (ƏSF) təqdim olunmuş hesabatlara əsasən, 2023-cü ilin I rübünün sonuna bank üzrə sığortalanmış əmanətlər 38,5 milyon manat təşkil edir.
“Günay Bank”ın ümumi depozitlərinin həcmi isə 108 milyon 566 min manat olub. Yəni sığortalanmış əmanətlər 38,5 milyon manat geri qaytarılacaq, amma yerdə qalan 70 milyon manatın aqibəti necə olacaq məlum deyil.
Belə ki, qanuna əsasən, “Əmanətlərin sığortalanması haqqında” Qanuna görə, ƏSF tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 100 min manatdan çox olmamaq şərti ilə kompensasiya ödənilir.
Azərbaycanda bundan sonra daha neçə bank bağlanacaq?
Məsələ ilə bağlı iqtisadçı ekspert Elşad Məmmədov “Trend”ə açıqlamasında bildirib ki, Azərbaycanda bundan sonra da bankların sayının azalması prosesi proqnozlaşdırıla bilər.
“Düşünürəm ki, banklar daha çox sağlamlaşdırmaya məruz qalmalıdır. Bunun üçün isə biz ilk növbədə bankların birləşməsi və onların həm öhdəlikləri, həm aktivləri daxilində ciddi keyfiyyət dəyişikliklərinə nail olmalıyıq. Təəssüf ki, bizim banklar real olaraq birləşməyə getmir.
Bir tərəfdən də bizim bankların həm öhdəliklər, həm də aktivlər baxımından çox böyük problemləri var. Bankların sağlam bank sektorunda öhdəlikləri ölkədaxili resurslara söykənməlidir, müvafiq depozit bazası yaradılmalıdır”, – deyə E.Məmmədov vurğulayıb.
Onun fikrincə, digər tərəfdən Mərkəzi Bank digər banklara məqsədli, ünvanlı kredit resursları təmin etməlidir ki, o kredit resursları idarə olunsun.
“Eyni zamanda bankların aktivlərində də köklü dəyişikliklərə nail olunmalıdır. Yəni bizim banklar biznesə və istehsala yönəlik uzunmüddətli investisiya mənbəyinə çevrilməlidir. Zənnimcə, bankların azalması prosesi davam edəcək və bunun qarşısını almaq üçün qeyd olunan məsələlər öz həllini tapmalıdır”, – deyə o əlavə edib.
Bəs hüquqi şəxslər pullarını bankların riskindən necə qoruya bilərlər?
Məsələ ilə bağlı iqtisadçı ekspert İntiqam Səfərəliyev bildirib ki, maliyyə sistemində böhran, xüsusilə qlobal bank seqmentində baş verən təlatümlər gündəlik iş fəaliyyətini banklarsız təşkil edə bilməyən şirkətlər riskdən yayınmaq üçün həll yolları axtarırlar. Azərbaycanda fəaliyyət göstərən şirkətlər üçün bu mənada müəyyən imkanlar mövcuddur.
O, qeyd edib ki, Mərkəzi Bank vəsaitlərin strelizasiyası məqsədilə bir sıra işlər görür ki, burada da ən öndə olan notların satışa çıxarılmasıdır.
“Mərkəzi Bank 1 aydan çoxdur ki, hüquqi şəxslərə təhlükəsiz limanı təklif edib. Pulların strelizasiyası məqsədilə Mərkəzi Bank qiymətli kağızlar formasında öz notlarını Bakı Fond Birjasında satışa çıxarır. Notların müddəti 1 ay, 3 ay, 6 ay və 9 ay təşkil edir. Bu isə hüquqi şəxslərə 7,5%, 8%, 8,5% və 9% gəlir qazandırır. Mərkəzi Bankın müvafiq qərarına qədər bu əməliyyatlarda yalnız banklar iştirak edə bilirdisə, artıq hüquqi şəxslər də notların alqı-satqısında iştirak hüququna malikdirlər”.
İ.Səfərəliyev bildirib ki, Mərkəzi Bank tərəfindən irəli sürülən təşəbbüsə əsasən, özəl şirkətlər (maliyyə və neft sektorunda fəaliyyət göstərənlər istisna olmaqla) bu notları alaraq sata bilirlər. Artıq bir neçə hüquqi şəxs bu alətdən istifadə edib və aylıq 2-3% risksiz gəlir də əldə ediblər.
Qeyd edək ki, Mərkəzi Bankın notları üzrə həftənin 3-cü günü hər biri 30 milyon manat olmaqla 2 hərrac keçirilir. Biraylıq və 3 aylıq notlar üzrə baş tutan hərraclarda bir investor maksimum 10%, yəni 3 milyon manatlıq not ala bilir.
Ekspert qeyd edib ki, banklarda likvidlik yüksək olduğu üçün onlar hərraclardan istədikləri qədər not ala bilmirlər.
“Banklar yüksək likvidlik səbəbindən istədikləri qədər Mərkəzi Bank notu əldə edə bilmirlər. Bu səbəbdən digər investordan notları təkrar bazarda alırlar. Bu zaman isə banklar daha yüksək qiymət təklif edirlər. Hüquqi şəxslər bu imkandan yararlanaraq gəlir qazanmış olurlar.
Əlavə edək ki, hər həftənin 4-cü günü Mərkəzi Bank 6 və 9 aylıq notları satışa çıxarır.
İntiqam Səfərəliyev qeyd edir ki, bu müddətli notlar hüquqi şəxslər üçün daha cəlbedici maliyyə aləti hesab edilir.
“Mərkəzi Bankın 6 və 9 aylıq notları hüquqi şəxslərə qazanc baxımından bir sıra üstünlük yaradır. Həm banklara daha yüksək qiymətə sataraq gəlir qazanmaq şansı əldə edilir, həm də notları özlərində saxlayaraq illik 7,9% gəlir qazanmaq fürsətini əldə edirlər. Yəni cari hesab qalıqlarındakı vəsaiti bankda yox, Mərkəzi Bankın notlarında saxlamaqla bank riskindən və digər risklərdən özlərini rahatlıqla qoruya bilirlər. Bu hüquqi şəxslər üçün böyük motivasiyadır. Onlar aylıq gəlirlərini notlarla 2-3%-dək yüksəldə bilirlər”.
İqtisadçı qeyd edib ki, hüquqi şəxslər Bakı Fond Birjasında notları almaq üçün ilk növbədə hüquqi şəxs investisiya şirkəti ilə müqavilə bağlamalıdır.
“İnvestisiya şirkətləri hüquqi şəxslərə not vasitəsilə gəlir qazanmaqda dəstək verir. Hüquqi şəxslər Bakı Fond Birjasında notları almaq üçün ilk növbədə hüquqi şəxs investisiya şirkəti ilə müqavilə bağlamalıdır və not hərracları olan günlərdə alış qiymətini müəyyən edib investisiya şirkətinə müraciət etməlidir. Hüquqi şəxslər notları optimal qiymətə almaq üçün peşəkar investisiya şirkəti ilə əməkdaşlıq etməlidirlər. Notların hər birinin dəyəri 10 000 manat təşkil edir. İnvestor 3 aylıq notları 9 800 manata alır. 3 ay sonra Mərkəzi Bank investora 10 000 manatı birbaşa hesabına köçürüb notları ödəmiş olur”.
İntiqam Səfərəliyev qeyd edib ki, proses hüquqi şəxslərə yeni imkan tanıdığı üçün hazırda iştirakçı sayı 16 investor və 40 milyon manat həcmindədir, lakin həm investor sayı, həm də məbləğ artmağa məhkumdur”.
“İnvestorların sayının artması gözləniləndir və buna səbəb isə çox sadədir. Hüquqi şəxslər üçün vəsaitini təhlükəsiz və gəlirli saxlamağa bu qədər üstün başqa maliyyə aləti mövcud deyil. Bakı Fond Birjası iş günlərində saat 10:00-da 17:00-dək fasiləsiz çalışır. Hüquqi şəxsin vəsaitə ehtiyacı olan anda notlar 1 saat ərzində təkrar bazarda satılır. Vəsait onun bank hesabına köçürülür və hüquqi şəxs vəsaiti təyinatı üzrə istifadə edə bilir. Ehtiyacı olan qədər notu satıb qalan məbləği saxlamaq üçün hüquqi şəxs satılacaq notların sayını müəyyən edir, yəni dəyəri 10 000 manat olan 100 ədəd not alıbsa (cəmi 1 milyon manatlıq) və bir gün ona 100 000 manat ehtiyac olanda cəmi 10 ədəd notu satmaq kifayət edəcək ki, şirkət ehtiyacını təmin etsin. Növbəti günlərdə əlavə vəsait hesabına daxil olduqda ilkin bazarda və ya təkrar bazarda yenə notları alıb saxlaya bilər”.
O, qeyd edib ki, risklərdən kənarda qala bilmək üçün vəsaiti Mərkəzi Bankın notlarında, dolayısı ilə Mərkəzi Bankda saxlamaq lazımdır.
www.102info.az