Naxçıvan Muxtar Respublikasında tarixi abidəni “təmir” ediblər.
Oxu.Az-ın məlumatına görə, şəhərin Qazançı kəndində XVI əsrə aid olan və dövlət tərəfindən qorunan tarixi abidə restavrasiya adı ilə məhv edilib.
Tanınmış memar, sənətşünaslıq üzrə elmlər doktoru, professor Elçin Əliyev Oxu.Az-a açıqlamasında bildirib ki, bu cür “təmir” biabırçılıqdır:
“Biz tarixi abidələrə qarşı bu cür münasibətlərlə tez-tez qarşılaşırıq. Bakı, Gəncə, Lənkəran və digər yerlərdə bu cür yanaşmalar var. Təəssüf ki, indiyə kimi vəzifəyə gələn Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəhbərləri abidələrə diqqət ayırmırlar.
Abidələrə qarşı bu cür münasibət dəyişməlidir. İlk növbədə nazirlik addım atmalıdır. İşi sevənlər, vətənpərvərlər vəzifəyə gətirilməlidir ki, belə “təmir”in qarşısı alınsın. Bunu dövlət orqanı edib və rəhbəri elə düşünür ki, yaxşı edir. Amma abidələr barədə heç nə bilmir”.
O, qeyd edib ki, Mədəniyyət Nazirliyi tərəfindən tarixi abidələrlə bağlı davamlı maarifləndirmə işləri aparılmalıdır:
“Təcili bu sahədə proqramlar tərtib edilməlidir ki, insanların mədəniyyət səviyyəsi qalxsın. Bunun üçün 10-15 il lazımdır”.
Məsələ barədə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi ilə əlaqə saxladıq.
Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu və bir sıra tarixi abidələrimizin restavrasiyası zamanı nazirliyin müvafiq rəyi alınmayıb.
İlhamə Əbülfət
www.102info.az