Azərbaycan cəmiyyətində Ermənistanla sülh müqaviləsini dəstəkləyənlərin sayı artır – SORĞU

Cəmiyyət


Azərbaycan cəmiyyətində Ermənistanla sülh müqaviləsini dəstəkləyənlərin sayı artır.

Oxu.Az xəbər verir ki, bu, Sosial Tədqiqatlar Mərkəzinin (STM) Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinə ictimai münasibəti öyrənmək məqsədilə keçirdiyi sorğunun nəticəsində məlum olub.

Vurğulanıb ki, iştirakçıların 77,3%-i Azərbaycan və Ermənistan arasında sülh müqaviləsini dəstəklədiyini bildirib, 20,6% respondent bu barədə əks mövqedə qərarlaşıb, 2,1%-i isə fikir bildirməkdə çətinlik çəkib.

Nəticələrə əsasən, respondentlərin mütləq əksəriyyəti və ya 85,2%-i Azərbaycan və Ermənistan arasında sülh razılaşması ilə bağlı prosesləri və xəbərləri izlədiyini qeyd edib. Respondentlərin cəmi 14,8%-i prosesləri izləmədiyini bildirib.

Nəticələrin gender aspektdən təhlili sözügedən mövzuda kişi və qadınların bərabər səviyyədə müsbət mövqedən çıxış etdiyini göstərib.

Nəticələri respondentlərin təhsil səviyyələri üzrə təhlil etdikdə ali təhsillilərin 82,7%-i, orta təhsillilərin 72,2%-i Azərbaycan və Ermənistan arasında sülh müqaviləsini dəstəkləyib.

18-24 yaş qrupunu təmsil edənlərin 76,9%-i, 65-dən yuxarı yaş qrupuna mənsub olanların 87,3%-i isə analoji mövqedən çıxış edib.

Qeyd edək ki, 2022-ci ilin sentyabr ayında keçirilən sorğunun nəticələrinə əsasən, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinə respondentlərin 71,2%-i (“tam dəstəkləyirəm” – 50,2%, “əsasən dəstəkləyirəm” – 21,0%) bu və ya digər dərəcədə dəstəyini ifadə edib. Respondentlərin cəmi 2,6%-i əsasən dəstəkləmədiyini, 23,6%-i heç dəstəkləmədiyini bildirib. İştirakçıların 2,6%-i bu suala rəyini ifadə etməkdə çətinlik çəkib.

Həmin ilin dekabr ayında keçirilən sorğuda iştirak edənlərin 73,1%-i sülh müqaviləsini dəstəklədiyini, 25,6%-i dəstəkləmədiyini bildirib. 1,3%-i bu suala fikir bildirməkdə çətinlik çəkib.

Göründüyü kimi, ötən ilin müxtəlif dövrlərində keçirilən rəy sorğusunun nəticələri ilə müqayisədə Azərbaycan cəmiyyətində sülh müqaviləsinin imzalanmasına dəstəyini ifadə edənlərin sayında nisbi artım müşahidə olunub. Azərbaycan cəmiyyətinin sülh və barış mövqeyinə baxmayaraq, Ermənistan post-müharibə mərhələsində də ölkəmizə qarşı hərbi təxribatlarını davam etdirərək sülh prosesindən yayınmağa çalışır.

Qeyd edək ki, sorğular 2023-cü il mayın 14-17-də könüllü iştirak əsasında 18 yaşından yuxarı 384 respondent arasında keçirilib, anonimlik tam qorunub. Sorğularda telefonla müsahibə formasından istifadə edilib və 12 iqtisadi rayon əhatə olunub. Bu məqsədlə müvafiq məlumat bazasından sözügedən iqtisadi və inzibati rayonlara (şəhərlərə) aid stasionar telefon nömrələri təsadüfi qaydada seçilərək zənglər olunub. Sorğunun seçmə çərçivəsi ölkə üzrə əhali sayının paylanmasına proporsional müəyyən edilib və gender balansı qorunub. Nəticələrin əminlik intervalı 95%, xəta payı 5%-ə bərabərdir.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir