Qaxı Zaqatala ilə birləşdirən körpü qəzalı vəziyyətdə: Rəsmilər “təhlükə yoxdur” deyirlər – FOTO

Cəmiyyət


Zaqatala rayon ərazisindən bir neçə iri dağ çayı axır. Onlardan ən uzun və təhlükəlisinin tarixi adı Muxax, yeni adı Böyükçaydır. Tarixən bu çayın adı Zaqatalanın ən iri kəndlərindən olan Muxax yaşayış məntəqəsinin adı ilə bağlıdır. Yol tikintisi zamanı çayın adı dəyişdirilib.

Bizim.Media xəbər verir ki, Qax-Zaqatala yolundan keçən bu çayın üzərində inşa edilən körpü yeddiaşırımlıdır.

Sel suları həmin aşırımlardan ikisinin beton özülünü yuyub aparıb. Sakinlər hər an körpüdə qəza baş verə biləcəyini bildirirlər. Dəfələrlə müraciət etmələrinə baxmayaraq, hələlik onları eşidən, dinləyən yoxdur.

Muxax kənd sakini İslam Şabanovun sözlərinə görə, körpü 15-17 il qabaq istifadəyə verilib:

“Yevlax-Zaqatala-Gürcüstan magistralı qəzalı olduğundan hazırda bütün TIR sürücüləri bu yoldan istifadə edirlər. Bu səbəbdən körpünün yükü artıb”.

Kənd sakini deyir ki, körpünün dayaqlarında betonlaşma zəif olduğundan müəyyən hissələri üzə çıxıb, qəzalı vəziyyətə düşüb. Mənbəyini 2 800 metr yüksəklikdən götürən, sululuğuna və təhlükəliliyinə görə ən qorxulu çaylardan olan Muxaxçayda hər zaman daşqınlar əmələ gəlir.

Sakin İkram Ramazanov deyir ki, əslində, körpünün dayaqları ən azından üç-dörd metr dərində olmalıdır:

“Körpünün altında dayananda təhlükə daha çox hiss olunur. Fikir verdinizsə, bunun özülündə çay daşları qoyublar, bu belə olmalı deyil. Seçilmiş inşaat materialı, çınqıl və yüksəkkeyfiyyətli sement olmalıdır. Biz bu barədə aidiyyəti qurumlara xəbər vermişik, lakin hələlik bir nəticə yoxdur”.

Məsələ ilə əlaqədar Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, qeyd olunan körpüdə hər hansı təhlükə yoxdur, vətəndaşlar rahatlıqla istifadə edə bilərlər:

“Həmin körpünün dayaqları 18 metr dərinliyə malik, dəmir-beton svaylar üzərində inşa olunub. Dayaqlar tam sağlamdır”.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir