Uşaq əlində telefon bomba kimi görünür

Cəmiyyət


Qan Turalı yazır…

Tovuzda 13 yaşlı Əfsanənin itkin düşməsi bir anda hər kəsi həyəcanlandırdı. Hamının yadına Nərmin və onun aqibəti düşdü. Belə ki, itkin düşən Nərminin yanmış meyiti 47 gün sonra tapılmışdı.

Ancaq xoşbəxtlikdən, bu dəfə qız tapıldı. Başqası ilə qaçıbmış. 13 yaşlı qızdan söhbət gedir.

Əvvəl Cəlilabadda bir nəfər yoxlanıldı, ardınca isə qız Xudatda tapıldı. Bəli, hüquq-mühafizə orqanlarının əməkdaşları öz işlərini gördülər, lakin vəziyyət hər dəfə indiki kimi yaxşı qurtara bilməz. Hər şey ola bilər.

Burada isə bizim qarşımıza çox ciddi bir məsələ çıxır: valideyn məsuliyyəti… Və təəssüf ki, bu barədə vəziyyətimiz heç də parlaq deyil.

Qanunvericilikdən başlayaq. Konstitusiyamızın 17-ci maddəsi “Ailə, uşaqlar və dövlət” adlanır. Həmin maddənin II bəndində isə belə deyilir: “Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir”. Sonuncu, VI maddə isə belədir: “Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir”. Bu maddə 2009-cu il 18 mart referendumu ilə Əsas Qanuna daxil edilib.

Bəli, dövlət uşaqların hüquqlarının valideynləri tərəfindən pozulmasına nəzarət edir. Ancaq dövlətin müdaxilə etməsi prosesinə qədər valideynlərin də vəzifələri var. II bənddə də deyildiyi kimi, uşaqların qayğısına qalmağı və onları tərbiyə etməyi dövlət valideynin qarşısında vəzifə kimi qoyur. Tovuz hadisəsində isə nə görürük? 13 yaşlı bir qız özündən yaşca böyük insanlarla yazışır. Onun qaçdığı insanın isə yaşı 40-dan artıqdır və üç övladı var.

Valideynlər övladlarının tərbiyəsi üçün hansı tədbirlər görürlər? Uşaq doğmaq asandır, ancaq uşağı qorumaq da gərəkdir.

Hər şeydən qabaq, bu yaşda uşağın telefon işlətməsi kifayət qədər problemlidir. Yaşı 16-dan aşağı olan şəxslər heç bir halda mobil operatorların abunəçisi ola bilməzlər. 16-18 yaş arasında isə buna xüsusi hallarda və əlbəttə ki, notarial qaydada valideynin razılığı ilə icazə verilir.

Eləcə də sosial şəbəkələrə qoşulmaq üçün yaş limiti var. Əlbəttə ki, bu yaş limiti qaydasını pozmaq asandır. Ancaq… Bəs valideyn hara baxır? O niyə uşağının telefonuna nəzarət etmir?

Qızın anası Oxu.Az-a açıqlamasında belə deyir: “Qızım VII sinifdə oxuyur. Mən oğlanla danışdığından xəbər tutdum və icazə vermədim. Dedim, tanımırıq kimdir, onunla danışma. “Məni öldürsəniz də, onunla gedəcəyəm”, – dedi. Hər gün ancaq “WhatsApp”da danışırdılar. Atası da dedi ki, qızım, hələ uşaqsan, danışma. Oğlanın nömrəsinə zəng edib dedim ki, qızıma yığmasın”.

Valideynlərin cavab tədbiri qızına “danışma” demələri və oğlana zəng vurmalarıdır. Təsəvvür edin… Valideynin yuxarıda yazılanlardan qəti məlumatı yoxdur. O heç fərqinə də varmır ki, 13 yaşlı uşaq telefon işlədə bilməz. Və telefonda kiminləsə danışmağını gördükdə isə “danışma” sözünü deməklə öz işini bitmiş hesab edir.

Polis qızı tapmasaydı, onun başına hər cür cinayət əməli gələ bilərdi. Qızın valideynləri isə oğlana “qızımla danışma” deməklə öz işlərini yekunlaşmış sayırlar. Nə asandır belə valideyn olmaq…

Problem təkcə Tağıyevlər ailəsi ilə məhdudlaşmır. Bəli, dövlət valideynlərin qarşısına uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək vəzifəsini qoyur. Ancaq valideynlər də bir deyil. Biri savadsızdır, digəri məlumatsız. Ona görə də bu sahədə güclü maarifləndirmə işləri aparılmalıdır.

Hər şeydən qabaq uşaqların telefon işlətməyə icazə verilməməlidir. Qanunvericiliyin tələbi də budur. Xüsusi zərurət hallarında isə valideynlər internetə giriş imkanları olmayan qeyri-smart telefonları seçməlidirlər. Ya da valideyn nəzarətinə imkan verən xüsusi proqramlar uşaqların smart telefonlarına yazılmalıdır. Problemin həll yolları kifayət qədərdir. Ancaq əvvəlcə valideynlərin bu sahədə savadlı olması üçün çalışmaq lazımdır. Bunun üçün sosial çarxlar hazırlanmalı, məktəblərdə xüsusi təlimlər təşkil edilməlidir.

Və bir an da unutmaq olmaz ki, sosial şəbəkələr uşaqlar üçün son dərəcə qorxulu bir yerdir…

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir