İrəvanın reallığı qəbul etməsi və 25 il əvvəlki hadisələrin təkrarlanma ehtimalı – ŞƏRH + FOTO

Cəmiyyət


Ermənistan hökuməti İrəvanın 35 il ərzində həyata keçirdiyi siyasətlə Azərbaycanla münasibətlərin normallaşmasına yaratdığı maneələrdən danışmağa başlayıb. Baş nazir Nikol Paşinyanın Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu etiraf etməsini xüsusi vurğulamaq lazımdır.

Düzdür, bunların hamısı açıqlamalardır, normallaşmaya dair sənəd hələ də imzalanmayıb. Məlum olan isə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla ermənistanlı həmkarı Ararat Mirzoyan arasında mayın 1-dən 4-dək Vaşinqtonda keçirilən danışıqlarda sülh müqaviləsinə dair iki bəndin razılaşdırılmasıdır. Bunu da Ermənistan XİN-in başçısı bildirib.

Ermənistan hakimiyyətinin əvvəllər də belə açıqlamalar verdiyi yaxın tarixdən məlumdur. 1998-ci ildə bu ölkənin o vaxtkı prezidenti Levon Ter-Petrosyan BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasına hazır olduğunu və s. bildirmişdi. Ancaq bunu istəməyənlər onu istefaya göndərməklə Azərbaycan torpaqlarının işğalının daha 22 il uzadılmasına nail oldular.

İndi Ermənistanda oxşar situasiya yaranıb. Nikol Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarına, kommunikasiya xətlərinin açılmasına, regional əməkdaşlıq, sülh müqaviləsi və başqa bu kimi məsələlərə dair alayarımçıq bəyanatlarına qarşı Ermənistanda çıxışlar edilir.

Bunlar kimlərdir? Birincisi, Livandakı erməni kilsəsidir. Erməni xalqının başlıca düşməni belə kilsələrin başçılarıdır. İsa peyğəmbər insanlar arasında sevgini təbliğ edib. Sevgi xristianlığın əsaslarındandır. Ancaq erməni kilsələri türklərə və insanlığa qarşı kin-nifrət, Azərbaycan, Türkiyə, Gürcüstan və İran torpaqlarına iddiaları təbliğ edir. Kilsənin və erməni ideoloqlarının əməlləri nəticəsində bu etnosun nümayəndələri İsrail ərazisinin onlara məxsus olması iddiası ilə də çıxış edirlər.

Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyanın iddiasına əsasən, guya rəsmi İrəvan Azərbaycana ərazi güzəşt edib və tezliklə, Zəngəzur dəhlizi də açılacaq. Suriyada anadan olmuş V.Oskanyan Livandakı kilsənin tərbiyəsi ilə böyüyənlərdəndir. O, 1998-ci ilin fevralında Levon Ter-Petrosyan istefa verməyə məcbur ediləndən sonra nazir postuna gətirilmişdi.

Robert Koçaryan, Serj Saqsyan, Arkadi Qukasyan, Bako Saakyan, Arayik Arutyunyan və başqaları hələ də uşaqlıqda türkə qarşı düşmənlik ruhunda aldıqları milli tərbiyənin əsarətindən xilas ola bilmirlər. Bu səbəbdən də onlar ermənilərin rifahına deyil, özgələrin xeyrinə fəaliyyət göstərirlər. Nikol Paşinyanın etirafına qarşı bu kimi ermənilərin çıxışlarının müddəti keçib. Yəni yararsızdır. Belə çıxır ki, onların havadarları və erməni ideoloqları Ermənistan cəmiyyətinə hələ də yararsız, vaxtı ötmüş təbliğat materialları “yedizdirməyi” davam etdirirlər.

Ancaq Paşinyanla yanaşı ermənilər arasında reallığı dəyərləndirən başqa siyasilər də var. Levon Ter-Petrosyanın dövründə dövlət müşaviri olmuş Jirayr Liparityan deyib: “Qarabağ bizim deyil ki, onu kiməsə verək. Müharibə nəticəsində biz Qarabağ məsələsində nəsə demək haqqını da itirdik”.

Ermənistan cəmiyyətində reallıq hissini itirməyənlərin sayının artacağına da inam az deyil. Hakim Mülkü Müqavilə Partiyasının üzvü, deputat Lilit Stepanyan təşkilatın toplantısında Qarabağda işğal dövründə daşın-daş üstünə qoyulmadığına işarə edərək deyib: “Azərbaycanın Qarabağda etdiklərinin yarısını siz 30 ildə niyə etməmisiniz?”

Ermənistan cəmiyyətində vəziyyəti belə də xarakterizə etmək olar:

– bütün siyasi qüvvələr, ictimaiyyət Ermənistanın vəziyyətinin ağır olduğunu etiraf edir;

– Koçaryan kimilər yeni təşəbbüslə çıxış edə bilmirlər. Onların ideyaları tükənib, yaxud özləri bir işə yaramadıqları üçün havadarlarının köhnə və əsassız ideyalarını təkrarlayırlar;

– Nikol Paşinyan, Jirayr Liparityan kimilərin Azərbaycan və Türkiyə ilə bağlı etirafları isə yarımçıq, bəzən də minnətlidir. Amma baş nazir səviyyəsində belə etiraf Ermənistan cəmiyyəti üçün yenilik sayıla bilər;

– yanlış və reallıqdan uzaq düşüncəni, fəaliyyəti dəstəkləyən, regionda maraqlarının təmin olunmasına çalışan, bu məqsədlə erməni havadarlığı pərdəsi altında gizlənənlər vəziyyəti xeyirlərinə dəyişmək məqsədi ilə Ermənistanda hakimiyyət çevrilişinə cəhd üçün lider axtarışındadırlar.

Beləliklə, Ermənistanın siyasi səhnəsində iki tərəf daha aydın görünür: Paşinyan başda olmaqla reallığı yarımçıq etiraf edənlər, digəri isə Koçaryan, Sarqsyan kimi xarici qüvvələrin, kilsənin əlində oyuncaq olanlar.

Bununla belə rəsmi İrəvanın mövqeyi də mütəhərrik, səbatsız görünür. O, özünü bu mərhələdə sülhsevər və etirafçı kimi təqdim edərək vaxtı uzada və hakimiyyəti perspektivdə qarşı tərəfə təhvil verə də bilər. Ona görə də Ermənistanın Azərbaycanla Türkiyənin etibar və etimadını qazanması vacibdir. Əks halda bütün baş verənlər ermənilik və havadarlarının manevrinə çevriləcək.

“Report” İnformasiya Agentliyi

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir