Gəncə Şəhər İcra Hakimiyyəti ötən gün güclü külək və yağışın bir sıra fəsadlar törətməsi ilə bağlı yayılan görüntülərə münasibət bildirib.
Gəncə İH-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, ötən gün axşam saatlarında Gəncə şəhərində güclü küləklə müşahidə olunan leysan xarakterli yağışın yağması şəhər ərazisində bir sıra fəsadlara yol açıb:
“Şəhərin Heydər Əliyev prospektində, Xəlil bəy Xasməmmədov, Əttarlar və bir sıra digər küçələrində 20-yə yaxın iri, orta və xırdagövdəli ağac aşıb, şəhərin mərkəzi hissəsindəki yol kənarlarında olan məhəccərlər zərər görüb. Eyni zamanda, bir neçə fərdi yaşayış evi və qeyri-yaşayış obyektləri, habelə avtomobillərə ziyan dəyib.
Gəncə İH başçısı Niyazi Bayramovun tapşırığına əsasən, axşam saatlarından etibarən Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin canlı qüvvəsi və texnikaları vasitəsilə güclü küləyin törətdiyi fəsadların aradan qaldırılması istiqamətində işlərə başlanılıb.
Belə ki, kökündən qopan və qırılan ağacların doğranaraq ərazidən daşınması təmin edilib, aşma ehtimalı olan 20-dən artıq ağac tam və ya qismən zərərsizləşdirilib, ağacların təhlükə yaradan budaqları kəsilib”.
“Eyni zamanda şəhərin mərkəzi hissəsindəki yol kənarlarında olan məhəccərlər təmir olunub. Bu istiqamətdə işlər hazırda da davam etdirilir. Güclü küləklə müşahidə olunan leysan xarakterli yağışın yol açdığı fəsadlar günün ikinci yarısınadək tam aradan qaldırılacaq”, – deyə qeyd edilib.
09:28
Ötən gün Gəncə şəhərində güclü külək və yağış bir sıra fəsadlar törədib.
Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Belə ki, güclü küləklə müşahidə olunan leysan xarakterli yağış şəhər ərazisində xeyli sayda irigövdəli ağacların aşması ilə nəticələnib.
Yağışın yaratdığı sel suları küçə və prospektlərdə hərəkətə maneə yaradıb.
Həmin görüntüləri təqdim edirik:
www.102info.az