“Bakı Metropoliteni” QSC-yə məxsus vaqonlarda oturacaqların sayını azaltmaqla sərnişin sıxlığına təsir etmək, yəni sıxlığı azaltmaq mümkün deyil. Əksinə, bu, insanlar arasında narazılıq yarada bilər”.
Bunu “Report”a açıqlamasında QSC-nin Depolar üzrə iş Departamentinin rəisi Faiq Əhmədov deyib.
“Azərbaycandakı sərnişinlər daha çox komforta meyillidir. Ukraynada köhnə vaqonların müasirləşdirilməsi həyata keçirilib. Orada salon genişləndirilməyib, sadəcə oturacaqların sayı azaldılıb. Bu isə vizual olaraq vaqonların böyüməsi kimi görünür. Amma Azərbaycanda metrodan istifadə edən sərnişinlər komforta meyillidir. Yeni qatarlarımızda da bunu görmək olur. Komfortlu oturacaqlar, USB birləşmələr və s. bunu deməyə əsas verir. Əgər biz oturacaqların sayını azaltsaq, sərnişinlər narazı qalar. Deyə bilərlər ki, niyə əvvəl 44 oturacaq idi, indi isə 30 oturacaq qalıb?” – deyə o qeyd edib.
“Texniki ədəbiyyatda hər kvadratmetrə düşən adam sayı göstərilib. Vaqona ondan artıq adam sığmayacaq. Həmçinin yay rejiminə keçəndə, sıxlıq azalanda oturacaqların olmaması şikayətlərə səbəb olacaq”, – deyə metro rəsmisi əlavə edib.
Xatırladaq ki, Ukrayna metrosunda qatarların oturacaqlarının sayının azaldılması ilə sərnişin tutumunun artırılmasına nail olunub.
Rəsmi məlumata görə, hazırda Bakı metrosunda istifadə edilən köhnə vaqonların sərnişin tutumu 295-300 nəfər, yeni vaqonların sərnişin tutumu isə 320-340 nəfərdir.
www.102info.az