Kəmaləddin Heydərov FHN Akademiyasında kurs keçmiş qətərli zabitlərə sertifikatlar təqdim edib – FOTO

Cəmiyyət


Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov FHN-in Akademiyasında ixtisasartırma kursunda iştirak etmiş Qətər Dövlətindən olan bir qrup zabit heyəti ilə görüşüb.

FHN-in Mətbuat Xidmətindən verilən məlumata görə, tədbirdə, həmçinin, Qətər Dövlətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Feysal bin Abdullah Həməd Abdullah Al Hinzab da iştirak edib.

Qonaqları səmimi salamlayan nazir Kəmaləddin Heydərov Fövqəladə Hallar Nazirliyi tərəfindən təbii və texnogen xarakterli fövqəladə hallarla mübarizə sahəsində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib. Bu çərçivədə, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı İlham Əliyevin müdrik rəhbərliyi ilə 44 gün ərzində Azərbaycanın şanlı Ordusu tərəfindən Ermənistanın 30 ilə yaxın müddətdə işğal altında saxladığı dədə-baba torpaqlarımızın azad edildiyini, ölkəmizin ərazi bütövlüyünün bərpa olunduğunu qürur hissi ilə qeyd edən nazir FHN-in qüvvələri tərəfindən işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən minatəmizləmə fəaliyyəti barədə də danışıb.

Azərbaycan ilə Qətər arasında sıx əməkdaşlıq münasibətlərini qeyd edən nazir iki ölkə liderlərinin müdrik uzaqgörənliyi sayəsində əlaqələrin sürətlə inkişaf etdiyini vurğulayıb. Nazir həmsədri olduğu Azərbaycan Respublikası ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın fəaliyyəti barədə məlumat verib.

Digər sahələrdə olduğu kimi, fövqəladə hallarla mübarizə sahəsində də hər iki ölkənin müvafiq qurumları arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyini xatırladan nazir 2014-cü ildə imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasında fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş”in əhəmiyyətini qeyd edib. Bu çərçivədə, Qətər Dövlətindən olan bir qrup zabitin Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Akademiyasında ixtisasartırma kursunda iştirakının əlaqələrin genişlənməsinə yeni təkan verəcəyinə ümidvar olduğunu bildirib. Nazir kursu müvəffəqiyyətlə başa vurmuş zabitləri təbrik edib, Akademiyada aldıqları biliklərin onların peşəkar fəaliyyətində faydalı olacağına əminliyini ifadə edib.

Səmimi görüşə görə təşəkkür edən Qətər Dövlətinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Feysal bin Abdullah Həməd Abdullah Al Hinzab qarşıdan gələn Müstəqillik Günü münasibətilə təbriklərini çatdırıb. O, ölkələrimiz arasında mövcud əməkdaşlıq münasibətlərinin inkişafının hər iki tərəf üçün faydalı olduğunu, bu çərçivədə fövqəladə halların idarə edilməsi üzrə ölkələrimizin uyğun qurumlarının əlaqələrinin daha da genişləndirilməsinin əhəmiyyətini qeyd edib. Səfir Azərbaycan FHN-in istər ölkədaxili, istərsə də xarici ölkələrdə baş vermiş fövqəladə hallarla mübarizədə, xüsusilə Türkiyədəki dağıdıcı zəlzələnin fəsadlarının aradan qaldırılması istiqamətində fəaliyyətini yüksək qiymətləndirdiyini bildirib. Səfir qətərli zabitlərin FHN-in Akademiyasındakı ixtisasartırma kursunda zəngin biliklərə yiyələndiklərinə əmin olduğunu, belə imkanın yaradılmasına görə təşəkkürünü bildirib.

Sonra nazir K.Heydərov “Fövqəladə halların idarə edilməsi” mövzusunda beynəlxalq kursu müvəffəqiyyətlə başa vurmuş qətərli zabitlərə sertifikatları təqdim edib.

Sonda xatirə şəkli çəkdirilib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir