Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən “Maşınqayırma pansionatı”nda 221 ailə müvəqqəti məskunlaşıb.
“Həmin ailələrdən 210-u 2019-cu ildə Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı qəsəbəsində yeni inşa edilmiş qəsəbəyə və 2020-ci ildə Qaradağ rayonunda yerləşən “Qobu Park” yaşayış kompleksinə köçürülüb. Hazırda pansionatda yaşayan Bəhruz Qəhrəman oğlu Quliyev və Elnur Qəhrəman oğlu Quliyevin hər birinə “Qobu Park – 3” yaşayış kompleksində ikiotaqlı mənzil təklif olunsa da, onlar köçməkdən imtina ediblər. Eldəniz Natiq oğlu Nuruşlu valideynlərinin ailə tərkibində Beyləqan rayonunda 500 ailəlik qəsəbədə mənzillə təmin edilib. Dayandur İsgəndər oğlu Qasımov köçürülmə zamanı Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yaşayıb. Pansionatın köçürülməsi zamanı orada Xavər Nuruşlu və Firəngiz Əliyeva adlı şəxslər yaşamayıb və qeydiyyatda olmayıblar.
Ümumilikdə, pansionatda məskunlaşmış 11 ailə mövcud qaydalar əsasında yeni yaşayış sahəsi ilə təmin olunmayıb.
Məcburi köçkünlərin yeni yaşayış sahələri ilə təmin olunması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”na əsasən həyata keçirilib.
Diqqətinizə çatdırırıq ki, Dövlət Komitəsinin mənzil fondunda boş yaşayış sahələri yoxdur. Onlar üçün mənzillər yalnız işğaldan azad edilmiş ərazilərdə tikilir. Məcburi köçkünlərin öz daimi yaşayış yerlərinə mərhələli qaydada qayıdışı zamanı ilk növbədə ən ağır vəziyyətdə yaşayanlar yeni yaşayış sahələri ilə təmin olunacaqlar”, – məlumatda qeyd olunub.
14:00
Uçuq-sökük, üfunət qoxulu evlər, xarabalığı xatırladan məhəllə… Təhlükə saçan bu evlərdə yaşamaq məcburiyyətində olan sakinlər var. Birinci Qarabağ müharibəsindən sonra yurdundan, ev-eşiyindən didərgin düşən məcburi köçkünlərin bir qismi gəlib burada, Şüvəlandakı “Maşınqayırma pansionatı” adlanan ərazidə məskunlaşıb.
“Maşınqayırma pansionatı” deyilən ərazidə vaxtilə 250-yə yaxın ailə yaşayıb. 2019-cu ildə 200 ailə Kürdəxanıya köçürülüb. 2020-ci ildən başlayaraq 30-40 ailə isə “Qobu Park-2” yaşayış kompleksində məskunlaşdırılıb. Hazırda pansionatda 12-yə yaxın ailə qalıb.
Ermənistanın hərbi təcavüzü nəticəsində öz evlərindən didərgin düşmüş yüzminlərlə insanın ötən illər ərzində yaşayış şəraiti qismən normallaşıb. Buna baxmayaraq, qaçqın və məcburi köçkünlərin bir hissəsi hələ də Bakıdakı (o cümlədən, başqa yerlərdə) uçuq-sökük yataqxanalarda, təhlükəli ərazilərdə tikilmiş daxmalarda yaşamaqdadır.
Oxu.Az-ın əməkdaşları məcburi köçkünlərin sığındıqları Xəzər rayonu, Şüvəlan qəsəbəsi, “Maşınqayırma pansionatı”na baş çəkiblər.
Diqqətimizi ilk çəkən məhəllədəki binanın daşlarının uçmasıdır. Ətraf səssizliyə qərq olub. Günorta çağı olmasına baxmayaraq, heç kəs görünmür. Qəfildən sükutu məhəllə itləri pozurlar. Az sonra bir qadın görünür. Yaxınlaşıb hal-əhval tuturuq.
Deyir ki, burada məskunlaşan məcburi köçkünlər Xocalı, Ağdam, Şuşa, Zəngilan və digər rayonlardan gəliblər:
“Mən Şuşadan məcburi köçkün düşmüşəm. İllərdir burada əlacsız halda yaşayırıq. Hazırda 12 ailə qalıb. Qalanları köçürülüblər. Bizə isə heç bir məlumat verilməyib. İyirmi ildən çoxdur ki, buradayıq. Su olmur. Çox acınacaqlı vəziyyətdə yaşayırıq. Üfunətdən xəstəlik tapmışıq”.
Qadın sözünü bitirməmiş başqa bir sakin gəlir və söhbətə qoşulur. Sakin Bayandur Qasımov bu günə qədər çox gələn olduğunu deyir. Ancaq bir fayda görmədiklərini dilə gətirir:
“Köçürülmə ilə bağlı çox müraciət etmişik. Lakin nəticə əldə etməmişik. Su yoxdur. Qaz və işıq suya nisbətən normaldır. Qızımla yaşayıram. Evə bənzəmir. Xəstəlik tapacağıq. Bu, yaşamaq hesab olunmur. Gözləyirik ki, Şuşaya gedək. İlk özüm gedərəm. Desələr ki, bu gün get, gedərəm. Yağış yağır, ev suyun içində olur. Ev bir gün başımıza uçacaq”.
B.Qasımov ailələrin əksəriyyətinin köçürülməsindən söz açır:
“Yer olmadığı üçün köçürülmə dayandırıldı. Çətin vəziyyətdə yaşayırıq. Ümidimiz artıq qalmayıb. 30 ildir ki, Şuşadan buraya pənah gətirmişik. Hər şey yadımdadır. Necə köçkün düşdüyümüzü xatırlayıram. Mal-mülkümüz qaldı. Ermənilər daşı daş üstə qoymayıblar. Şükür ki, azad olundu. Torpaqlarımıza qayıtmaq istəyirəm. Gözümü doğma yurdumda yummaq qismət olsun”.
Digər evlərə sarı yol alırıq. Evlərin birindən iki sakin çıxır. Biri deyir ki, “mənzil”də üç ailə yaşayır. Digəri ümidlərinin artıq tükəndiyini söyləyir:
“Ömrümüzün əksər hissəsini bu xarabalığa çevrilmiş binada keçirmişik. Şəraitsizlikdir. Qışda vəziyyət daha acınacaqlı olur. Yağış, qar yağanda evin içərisində dayanmaq mümkün olmur. Yenə də, birtəhər də olsa, yaşamağa çalışırıq. İçməli su tapılmır. Nəqliyyat problemimiz də var, yol xeyli uzaqdadır”.
Bu məqamda bir xanım yaxınlaşır. O da burada yaşayan sakinlərdəndir. Dərdlərini sıraya düzür:
“Zəngilan rayonundanıq. Buraya gəlin köçmüşəm. Ev iki otaqdan ibarətdir. Dörd nəfər yaşayırıq. Qaynımgil də qonşuluqda yaşayırlar. Çox çətin vəziyyətdəyik. Ev təklif etsələr də, bizə uyğun olmayıb. Köçürülmə ilə bağlı xeyli müddət əvvəl müraciət olunub. Susuzluqdan əziyyət çəkirik. Çətin vəziyyətdir. Məktəb xeyli uzaqdır. Marşrut avtobusları buraya qədər gəlmir. Uşaqlara məhəllədə oynamağa icazə vermirəm. Övladlarım xəstəlik tapıblar. Rütubət səbəbindən allergiyadan əziyyət çəkirlər. Kanalizasiya quyusunun üstü açıqdır. Üfunət qoxusundan dayanmaq mümkün deyil.
Qışda soyuqdan donuruq, yayda isə içməyə bir qaşıq su tapmırıq. Yüzə dözən yüz birə də dözər. Hələ də gözləyirik. Uşaqlarımızı bu şəraitdə boya-başa çatdırırıq”.
Məhəllədə gəlişimizlə bir az canlanma var. Hər kəs maraqla dinləyir. Bu anda bir kənarda əyləşən yaşlı nənə də söhbətə qoşulur. Nənənin 80 yaşı var, özündən iyirmi yaş kiçik qızı ilə bərabər buraya sığınıb.
“Qızımın yoldaşı məcburi köçkün idi. Övladı olmadığı üçün ayrılıblar. Qızım 30 ildir ki, burada qalır. Çox çətin vəziyyətdədir. Tək yaşadığından qorxurdu. Ona görə yanına gəlmişəm ki, qızım tək yaşamasın. Burada oğurluq da baş verib. Xarabalıqdır. Gözlərdən uzaq yerdir. Qadın üçün təkbaşına yaşamaq çox çətindir. Bir otaqdayıq. İki nəfər buraya sığınmışıq. Köçənlər oldu, qalanlar qaldı. Ömrümüzün çoxu gedib, azı qalıb. Heç kəs xoş günündən burada qalmaz”.
Onların hər birinin üzündə sanki uzun illərin yorğunluğu var. Bəzilərinin artıq ümidi qalmayıb, bir qismi isə tezliklə normal həyat yaşayacaqlarını güman edir.
Qeyd edək ki, bəzi şəxslər yazıda adlarının anonim saxlanılmasını istədilər. Biz də onların istəyini nəzərə alaraq ad çəkmədik.
Daha çox foto burada: PhotoStock.az
Nəzrin Vahid
www.102info.az