Xaricdə təhsil alan gənclər Müstəqillik Gününə həsr olunmuş tədbirlər keçiriblər – FOTO

Cəmiyyət


Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi və  Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) təşkilatçılığı ilə Avstriya, Macarıstan və Böyük Britaniyada silsilə tədbirlər keçirilib.

Avstriyanın paytaxtı Vyanada keçirilən tədbirdə bu ölkədə təhsil alan və məzun olmuş gənclərimizin iştirakı ilə 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir baş tutub. ASAP Avstriyanın təşkilatçılığı ilə keçirilən tədbirdə gənclərimizə Müstəqillik Gününün tarixi ilə bağlı məlumat verilib. Bildirilib ki, müasir Azərbaycan dövləti Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) hüquqi varisidir. AXC qısa müddət mövcud olsa da, həmin dövrdə müstəqilliyin və dövlətçiliyin təməlini yaradıb. 1990-cı illərin əvvəlində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıdışı sayəsində Azərbaycan müstəqilliyinin yeni mərhələsinə qədəm qoydu. Bununla da, Azərbaycanın ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində yeni dövr yarandı və elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun dövlət quruculuğu prosesinə başlandı. Çıxış zamanı qeyd olunub ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyevin hərtərəfli siyasəti sayəsində regionun aparıcı dövlətinə çevrilib. Tədbirin sonunda gənclər bir araya gələrək Avstriyada ASAP tərəfindən keçiriləcək növbəti layihələrlə bağlı müzakirələr aparıblar.

Macarıstanın paytaxtı Budapeştdə Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, ASAP Macarıstan, Azərbaycan Evi və Gənclərin İnteqrasiyası və İnkişafı Assosiasiyasının (AYİD) birgə təşkilatçılığı ilə 28 May – Müstəqillik Gününə həsr edilmiş beynəlxalq şahmat turniri keçirilib. Turnir başlamazdan öncə 28 May – Müstəqillik Günü ilə bağlı tədbir iştirakçılarına məlumat verilib. Turnirdə 20-dən çox azərbaycanlı gənc mübarizə aparıb və sonda qalib gənclər mükafatlandırılıb. Turnir həm də azərbaycanlı gənclərin bir araya gələrək şəbəkələşmələri üçün mühüm rol oynayıb. Qeyd edək ki, turnirdə başqa ölkələrdən olan əcnəbi gənclər də iştirak ediblər.

Böyük Britaniyanın Belfast şəhərində də 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib. ASAP Böyük Britaniyanın təşkilatçılığı ilə keçirilən tədbirdə ölkəmizin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfiri Elin Süleymanov açılış nitqi ilə çıxış edib. Azərbaycanlı gənclərimizin bir araya gəldiyi tədbirdə bildirilib ki, Şərqin ilk parlamentli respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti zəngin dövlət quruculuğu təcrübəsi ilə Azərbaycanın milli dövlətçilik tarixində silinməz izlər qoyub. XX əsrin sonlarında yenidən müstəqilliyinə qovuşan Azərbaycan öz suverenliyini qoruyub saxlamağı bacardı. Yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Beləliklə, Heydər Əliyevin banisi olduğu müasir müstəqil Azərbaycan dövləti quruldu və sürətli inkişaf yoluna qədəm qoydu. Ulu öndərin başlatdığı hərtərəfli islahatlar sayəsində müstəqil Azərbaycanın müasir və dinamik inkişaf edən güclü dövlətə çevrildiyi bildirilib, habelə onun müəllifi olduğu enerji strategiyasının Azərbaycanı çiçəkləndirməklə yanaşı, beynəlxalq miqyasda etibarlı tərəfdaş kimi tanınmasına əsas yaratdığı diqqətə çatdırılıb.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir