“Böyük Qayıdış Layihəsi” Azərbaycanın ən iri strateji inkişaf prioritetlərindən biridir.
Bunu “Trend”ə iqtisadçı ekspert Xalid Kərimli deyib.
Onun sözlərinə görə, büdcədən bu ərazilərin yenidən qurulması üçün milyardlarla manat investisiya ayrılır:
“Azad edilmiş torpaqlara qayıdışın əsas elementlərindən biri ora köçürülən sakinlərin işlə təmin edilməsidir. Çünki insanların ora köçürülməsi ilə yanaşı əmək fəaliyyəti ilə məşğul olması önəmlidir. Bu, təkcə bu günün faydaları ilə ölçülmür gələcək perspektivlərlə baxılır. Hazırda Qarabağ və Şərqi Zəngəzurda görülən işlər ölkə büdcəsi üçün yükdür. Amma bütün bunların gələcək üçün iqtisadi, sosial və eyni zamanda da siyasi əhəmiyyəti var.”
Ekspert qeyd edib ki, Laçın strateji əhəmiyyətə malikdir:
“Qarabağın Ermənistanla sərhədində yerləşən rayonudur və orada Azərbaycanlıların daimi yaşaması, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü və dayanıqlı inkişafı üçün əhəmiyyətlidir. Bununla paralel olaraq Laçın turistlik gözəlliyə, həm coğrafi, iqlim, həm də müalicəvi turizm potensialına malikdir. Laçın təbii ehtiyatları ilə də zəngindir. Rayonda çoxlu mineral su, kobalt, uran, civə, qızıl, dəmir, müxtəlif rəngli mərmər yataqları var. Bütün bunlar gələcəkdə Azərbaycan iqtisadiyyatına böyük fayda verəcək. Laçında hava limanının inşası regionun və iqtisadi zonanın inkişafına böyük təkan verəcək.”
“Laçın əhalisi əsasən kənd təsərrüfatının arıçılıq, maldarlıq, əkinçilik və bağçılıq kimi növləri ilə məşğul olacaq. İkinci əsas məşğuliyyət isə turizm olacaq. Bütün bunlar bölgədə getdikcə canlanmanın yerli lokal iqtisadiyyatın formalaşmasında, turizmin müxtəlif formalarının formalaşmasına gətirib çıxaracaq. Təbii ki, bunlar ortamüddətli perspektivdə baş verəcək. Hazırkı məqamda Laçında sakinlərin yaşayışının təmini, infrastrukturun bütün formalarından istifadə imkanlarının yaradılması və bu dayanıqlığın təmini olduqca vacibdir. İndiki dövrdə texnologiya məkan məsələlərini arxa plana keçirib. Texnologiyanın verdiyi üstünlüklərdən yararlanaraq Laçında da distant öz istehlakları üçün, eyni zamanda da bu istiqamətdə öz fəaliyyətlərin formalaşdıra bilsinlər”, – deyə ekspert qeyd edib.
Bildirək ki, Laçın şəhərində istehsalat, xidmət və tədris müəssisələrinin yaradılması, məşğulluğun artırılması istiqamətində işlər davam etdirilir.
Bu barədə “Qayıdış” proqramı üzrə baş koordinator Elnur Abdullayev deyib.
Onun sözlərinə görə, burada əhalinin məşğulluğunun təmin edilməsi üçün yaradılacaq müəssisələrdə 1169 nəfər işlə təmin olunacaq.
“Müəssisələr qida, sənaye, yaradıcılıq, tekstil, tədris, turizm və xidmət sahələrində fəaliyyət göstərəcək. Hazırda fəaliyyət göstərən 7 müəssisədə 226 Laçın sakini işlə təmin edilib. Qeyd edək ki, Aqro və Sənaye Parkında ümumilikdə 46 müəssisə fəaliyyət göstərəcək, onların da 80 faizinin bu il yay aylarının sonunadək işə başlayacağı nəzərdə tutulub”, – deyə E.Abdullayev vurğulayıb.
www.102info.az